Ötən həftə paytaxt Bakıda keçirilən “Miss&Mr National Azerbaijan” gözəllik müsabiqəsinin xarici münsiflərindən biri də Moldovanın Əməkdar artisti, Avroviziya təmsilçisi Olya Tira olub. Müsabiqə bitər-bitməz şəhəri gəzən ifaçı ölkəmiz, paytaxtımız haqda fikirlərini bölüşüb.
Olya Tiranın müsahibəsini təqdim edirik:
- Bakıya neçənci gəlişinizdir?
- İlk dəfədir ki, Bakıda, Azərbaycandayam. Əslində, sizin gözəl şəhərinizə, ölkənizə çoxdan səyahət etmək istəyirdim. Və budur, belə alındı ki, bu gün mən burdayam.
- Buraya gələnə qədər Bakı, Azərbaycan haqda nə eşitmişdiniz?
- Heç bilirsiniz, mənim burada nə qədər dostum, tanışım var? Onlar həmişə məni bura dəvət edirdi, amma heç cür alınmırdı. Nəhayət, buradakı tanışlarımla görüşəcəyəm və onlar mənim üçün, belə deyək, əsrarəngiz şəhərinizə ekskursiya təşkil edəcək. Kiminlə danışırdımsa, deyirdi ki, sən gəlib bu şəhərə vurulacaqsan. Mən artıq ona vurulmuşam. (gülür-red.) Şəhəriniz nağıla bənzəyir. Bakının mənzərələrinə baxıb gözlərdəki sevgi və heyrəti gizlətmək mümkün deyil.
(Olya Tiranın Bakı gəzintisindən görüntülər)
- Bakıya ayaq basdığınızda ilk növbədə sizi nə cəlb etdi?
- Memarlıq, qonaqpərvər insanlar və şəhərinizin qeyri-adi ab-havası. Üstəlik, çox istiqanlı xalqınız var.
- Azərbaycan sənətçilərindən kimi tanıyırsınız?
- Emin Ağalarovu tanıyıram. O, bu yaxınlarda bizə, Moldovaya konsert proqramı ilə çıxış etməyə gəlmişdi. Avroviziyada ölkənizi təmsil edən Safura Əlizadəni tanıyıram
- Avroviziya demişkən, müsabiqədə iştirakınız sizə nə verdi?
- Bu müsabiqə məni daha çox tanıtdı. Finalda sonuncu yerlərdən birini tutmağıma baxmayaraq, fəqli çıxışıma görə CNN internet portalının əsas səhifəsinə düşmüşdüm. Bu məqam o biri iştirakçıların qısqanclığına da səbəb olmuşdu. Digər tərəfdən isə oradakı həyəcan, yarımfinallar, məşqlər məndə dözümlülüyü artırdı. Avroviziya çox möhtəşəm müsabiqə, məkandır. Burada fərqli mədəniyyətlərlə, adət-ənənələrlə, insanlarla tanış olmaq, yeni dostlar qazanmaq olar. Belə də oldu. Demək olar, bütün iştirakçılarla tanış olmuşduq. Düzdür, aralarında həm soyuq, həm də isti münasibət göstərənlər var idi. Sizin uşaqlarla da ünsiyyət qururduq. Bu, əladır.
- Azərbaycanda solo konsert vermək istərdinizmi?
- Böyük məmnuniyyətlə! Bəlkə, kiminləsə duet oxumaq da qismət oldu. Mən hər zaman yeni sınaqlara, əməkdaşlıqlara hazıram. Kim bilir, bəlkə, mən Bakıya tez-tez gələcəyəm. Bu, solo konsert və ya hansısa duet yazdırmaq üçün də ola bilər. Niyə də yox? Çox şad olardım!
- Sənət yeniliklərinizdən nə danışa bilərsiniz?
- Hazırda yeni yaradıcılıq layihəm üzərində çalışıram. Bir qədər fərqli bir şey düşünmüşük. Burada həm musiqi, həm tamaşaçı ilə ünsiyyət, həm də meditasiya olacaq. Layihə uğurlu alınarsa, məsləhətləşib onu böyük məmnuniyyətlə Bakıya da gətirə bilərik.
qafqazinfo.az