Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Banka zəng eləyib dedim ki, 124 nəfərin hesabından 40 min çıxarmışam”



Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manat pulun şəxsi hesablara köçürərək nağdlaşdırmaqda təqsirləndirilən 29 yaşlı Səddam Nəzərlinin məhkəməsi keçirilib.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

S.Nəzərli özünü qismən təqsirli bilərək pulları necə çıxardığını danışıb: “İşsiz idim, borclarım vardı, biznesdə 10 min zərər etmişdim. Vəziyyətdən çıxış yolunu fikirləşib, bu qərara gəldim. Əvvələ bir dənə kartla yoxladım, alındı, sonra davam etdim. 30 min borcum vardı, oğlum da xəstəydi, fikirləşdim ki, 40 min çıxarım qalan pulla da oğlum mən çıxana kimi yaşaya bilsin. Özüm 40 min hesablamışdım ki, külli miqdar yox, xeyli cəzam yüngün olsun.

Hesablardan pulu anamın məndə olan kartına yükləyirdim, sonra da nağdlaşdırırdım. Pulları çıxardıqdan sonra Türkiyəyə getdim. Bir müddət orada qalıb, Bakıya qayıtdım. Fikirləşirdim ki, gömrükdə saxlanılacam. Yəni, bu işin üstü açılmış olacaq. Amma mənə heç nə deyilmədi, yoxlanılmadım. Düşündüm ki, ya xəbərləri yoxdur, ya da başqa nəsə plan qurublar. Bankın bu əməliyyatdan xəbərsiz olması inandırıcı gəlmirdi. Çünki 124 nəfərin hesabından pul çıxarmışdım. Necə ola bilərdi ki, bir nəfər banka şikayət etməsin və bank da buna görə araşdırma aparmasın? Bakıya gələndən sonra gördüm ki, bunlardan xəbər yoxdur. Fikirləşdim ki, bu işi ictimailəşdirim. Ona görə də bu dəfə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki, bu dəfə səs-küy olar və bank da xəbər tutar. Amma yenə də səs-soraq çıxmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar var və bu problemləri aradan qaldırmalısınız. Onlar mənə inanmadılar, ətraflı şəkildə izah elədim. Bir neçə gün sonra mənə özünü həmin bankın işçisi kimi təqdim edən Emin adlı bir nəfər zəng elədi. Amma mənim telefonumda proqram var idi və orada gördüm ki, Emin BMCMİ yazılıb. Bildim ki, o, “Bandotdel”in əməkdaşıdır, amma biruzə vermədim. Ona da hər şeyi izah elədim. Məni banka görüşə çağırdılar, ora gedib hər şeyi bir də izah elədim. 

Sonda isə mənə qarşı haqsızlıq edildi. Başqa bir hesaba köçürdüyüm 8 min manata görə mənə təkrar cinayət törətmək maddəsi ilə ittiham verildi. Mən həmin 8 mini özümə yox, tanımadığım, təsadüfi şəxslərə köçürmüşəm. Buna görə də işimi ağırlaşdırdılar. İndi bank da mənə qarşı 39 minlik iddia qaldırıb. Bu da xeyli miqdardır.

Həmin kartlarda əvvəl SMS xidməti, təsdiq kodu yox idi. Bu işdən sonra bank 6 rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı.

“Bandotdel”in Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək. O biləcək ki, bunu Səddam edib. Elə də oldu". 

Qafqazinfo.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10