Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda insanlıq faciəsi - 20 manata görə 12,6 il HƏBS



Dərdli ana Prezidentdən və birinci xanımdan yardım istəyir: "Yalvarıram, balamın günahsız yerə, cavan vaxtında həbsxanada çürüməsinə imkan verməyin"

 

Mahnur Savalan qızı Cavadova iddia edir ki, 27 yaşlı oğlu Şamxal Həsənov günahsız yerə həbs olunub. M.Cavadova üzləşdiyi problem barədə bunları deyir: “Bərdə rayoununda yaşayıram, bir övladım var, atası erkən yaşda vəfat edib, zülümlə, bazarda göy-göyərti sataraq onu böyütmüşəm. 7 il əvvəl onu sevib-seçdiyi qızla nişanladım, bir müddət sonra nişanlısı vəfat etdi. Bundan sonra oğlum rayonda qala bilmədi, baş götürüb Bakıya gəldi. 5-6 ay idi ki, Bakıda taksi sürürdü, özünü birtəhər dolandırırdı. Günlərin birində Bakıda yaşayan bacım mənə zəng elədi ki, Şamxalı polis axtarır. Səhər tezdən durub Bakıya gəldim. Nəsimi Rayon Polis İdarəsinə getdim, müstəntiqin qəbuluna girdim. Soruşdum ki, "oğlumu niyə axtarırlar, nə baş verib".  Müstəntiq, “xala, Şamxalın heç bir günahı yoxdur, narahat olma”, - deyib məni arxayın saldı”.

M.Cavadovanın dediyinə görə, həmin vaxtdan iki ay sonra oğlu Ş.Həsənovu həbsxanada olan xalası oğlunun yanına gedərkən həbs ediblər: “İki ay sonra bacım yenidən zəng elədi ki, Şamxalı tutublar. Gecəylə durub Bakıya gəldim, gördüm ki, oğlumu içəri salıblar. Müstəntiqin yanına girdim, soruşdum ki, "oğlumu niyə tutmusan, bəs deyirdin ki, heç bir günahı yoxdur". Müstəntiq yenə məni aldatdı, dedi ki, “oğluna 2 aylıq həbs cəzası vermişik, iş araşdırılsın, oğlunu buraxacam”.

 

Ana bildirir ki, oğlunu oğurluq hadisəsinə görə həbs ediblər: “8 ay əvvəl dörd nəfər oğlumun sürdüyü taksini saxlatdırıb, deyib ki, “bizi filan ünvana apar”. Ora çatanda deyiblər ki, “burda yasa gəlmişik, bir az gözlə, qayıdırıq”. Oğlum da maşında onları gözləyib, sonra da gəldikləri ünvana qaytarıb. Buna görə də oğluma 20 manat taksi pulu veriblər”.

 

Çarəsiz ana deyir ki, oğurluğu təşkil edən Tural adlı şəxs hansısa məmurun qohumudur: “Qarət olunan evin sahibinin qızı ilə Tural sevgili olub. Qızdan ayrılandan sonra aralarında ədavət yaranıb. Tural 4 nəfərlə birlikdə qızın evin qarət edib, guya 400 dollar pul aparıblar. Ancaq qadının dediyinə görə, evindən 70 min dollarlıq qızıl oğurlanıb. Qarət olunan gün qızlar toyda olub, evdə qadın tək olub, ağzını bağlayıblar, oğurluğu ediblər. Oğurluğu təşkil edən Tural qaçıb Rusiyaya. Qardaşıyla Ramiz adlı kişini də 30 min manat pul verib çıxarıblar. Əfləddin və Orxan adlı iki nəfəri tutublar, oğlumu da taksi sürücüsü kimi onlara qoşub həbs ediblər. Görüblər, yetim uşaqdır, işi qoyublar oğlumun belinə”.

 

“Oğlumla görüşdüm, atasının məzarına and içdi ki, heç nədən xəbəri yoxdur. Dedi ki, “mama, müstəntiq məni məcbur etdi ki, oğrularla əlbir olduğumu boynuma alım, stolun üstünə nəşəni qoydular ki, həmin evə girdiyini boynuna almasan, səni nəşəylə tutacağıq”. Həmin günün səhərisi vəkil də mənə zəng etmişdi ki, “ana, durma gəl, oğlunu yüklədilər”. Gəlib gördüm ki, Yusif adlı müstəntiq daha iki maddəni oğlumun boynuna qoyub. Müstəntiq oğluma deyib ki, “mənə göstəriş verilib, sən mütləq tutulmalısan””, - deyə şikayətçi qeyd edir. 

Ananın bildirdiyinə görə, bundan sonra iş Ağır Cinayətlər Məhkəməsinə verilib və Ş.Həsənova 12 il 6 ay müddətinə həbs cəzası kəsilib: “Oğluma vəkil tutmağa belə, imkanım olmadı. İndi Kürdəxanıda yatır. Rayonda ondan-bundan, bazarda oturanlardan borc yığıb vəkil tutdum, işi göndərdik Apellyasiya Məhkəməsinə. Burda da hakim Habil Məmmədov, sanki bizlə ədavət aparır, vəkilimizə belə, məhkəmədə danışmağa imkan vermir, susdurur”.

 

M.Cavadova tələb edir ki, Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxsın: “Tələbim ondan ibarətdir ki, oğurluğu təşkil edənlər ortalığa çıxsınlar. Əgər oğlumun həqiqətən də günahı varsa, azı 5 il də cazısını artırsınlar. Ev sahibinin gəlininin qardaşları vəzifəli adamlardır, oğurluq edənlərin tapılmasını tələb edirlər. Oğurluğu edəni də tuta bilmirlər deyə, yerinə oğlumu tutublar. 20 manatdan ötrü 12 il 6 ay iş vermək hansı qanunda var, harda görülüb? Axı mənim balam dövlət çevrilişinə cəhd etməyib, adam öldürməyib, bu qədər cəzanı niyə veriblər ona, bilmirəm. Borc-xərclə yetim böyüt, indi də balanı günahsız yerə zindana atsınlar”.

 

Çarəsiz ana  Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir: “Heç kimim yoxdur, yeganə ümid yerim dövlətimizin başçısı İlham Əliyev və Mehriban xanım Əliyevadır. Onlara yalvarıram, balamın günahsız yerə, cavan vaxtında həbsxanada çürüməsinə imkan verməsinlər. Oğlumun günahı olsaydı, heç vaxt dalınca gəlməzdim, çünki mən onu zülümlə böyütmüşəm. Balam özü də başına döyə-döyə qalıb ki, “bu, nə bəlaydı mən düşdüm”. Zülümlə oğul böyüt ki, səni saxlasın, indi də borc-xərc elə, türmə yollarında qal. O qədər borc eləmişəm ki, az qalıram, özümü öldürüm. Mehriban xanımdan rica edirəm ki, bir ana olaraq mənim səsimi eşitsin, mənə kömək etsin”.

Картинки по запросу Vamiq Şükürov

Şamxal Həsənovun vəkili Vamiq Şükürov da açıqlamasında bildirib ki, Bakı Apellyasiya Məhkəməsində qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb: “Şamxal Xəqani oğlu Həsənova Cinayət Məcəlləsinin 183.3.2 maddəsi ilə, yəni külli miqdarda əmlakın ələ keçirilməsi niyyəti ilə quldurluq etməyə və bunu qrup şəklində törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 6 ay müdətinə azadlıqdan məhrumetmə cəzası verilib. Mən onun vəkiliyəm və apellyasiya şikayəti vermişik. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Hakim Məmmədovun sədrliyi ilə cinayət kollegiyasında baxılır. Məhkəmə işinin obyektiv aparılması, düzgün qərarın çıxarılması üçün vəsatətlər qaldırmışıq. Həmin vəsatətlər hakim tərəfindən təmin olunmayıb. Biz də buna görə hakimin sədrlik etdiyi tərkibə etiraz etmişik. Bildirmişik ki, işə başqa hakimlər tərkibi baxmalıdır”.

 

Biz də redaksiya olaraq inanmaq istəyirik ki, dərdli ananın harayına cavan verən olacaq və haqq-ədalət yerini tapacaq...


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10