Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni məhsulları Azərbaycan bazarını ağuşuna alıb - Buna görə məsuliyyət Səfər Mehdiyev və Qoşqar Təhməzlinin üzərinə düşür



Qida Təhlükəsizliyi Agentliyi ölkənin ərzaq təhlükəsizliyinin qorunmasına, Dövlət Gömrük Komitəsi isə Azərbaycana daxil olan mallara ciddi şəkildə nəzarət etmək iqtidarında deyil!

Xatırlayırsınızsa, ötən saylarımızın birində milliyyətcə erməni olan, əldə etdiyi gəlirdən Qarabağdakı separatçılara maddi yardım göstərən, eyni zamanda İsveçdə aktiv olan erməni lobbisinin fəal üzvlərindən biri Gevorq Nalbandyanın "GN Tobacco Sweden" adlı şirkətinin məhsullarının Azərbaycana idxal edildiyini qeyd etmişdik. Belə ki, bununla bağlı ARB TV-nin araşdırmaları nəticəsində məlum olub ki, tütün məhsullarının satışı ilə məşğul olan hər obyektdə "GN Tobacco Sweden" brendi altında istehsal olunan məhsullara - "Siberia", "White Fox" və "Odens" kimi markalara rast gəlmək olar. Söz yox ki, adıçəkilən erməni şirkətinin məhsullarının ölkəmizə idxal olunmasına görə, birbaşa məsuliyyət məhz Dövlət Gömrük Komitəsinin və qurumun sədri Səfər Mehdiyevin üzərinə düşür. Çünki xaricdən Azərbaycana gətirilən bütün mallar Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müvafiq yoxlama aparıldıqdan sonra ölkəyə daxil olur. Buradan da belə qənaətə gəlmək olar ki, Qarabağdakı separatçılara maddi yardım göstərən Gevorq Nalbandyana məxsus şirkətin məhsulları ya Dövlət Gömrük Komitəsinin əməkdaşlarının ayıq-sayıq olmaması, ya da nəyinsə müqabilində görməzdən gəlmələri nəticəsində Azərbaycana idxal edilib.

Məsələnin maraqlı tərəfi ondadır ki, bu hadisədən qısa müddət sonra Bakıda Ermənistan istehsalı olan peçenye-bakkuşun satıldığı da üzə çıxıb. Belə ki, bu barədə özünün "Facebook" səhifəsində məlumat verən jurnalist Xalid Kazımlı "Choco Pie" adlanan peçenyenin "Bazarstor"dan alındığını qeyd edib. Nəzərinizə çatdıraq ki, həmin məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı var. Məsələ ilə bağlı axar.az-a açıqlama verən "Bazarstor"un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı isə vurğulayıb ki, sözügedən məhsul başqa firma tərəfindən bütün market şəbəkələrə paylanılır: ""Choco Pie" adlı məhsul yalnız "Bazarstor" üçün gətirilmir. Həmin şirniyyat "Nant" firması tərəfindən bütün marketlər şəbəkəsinə paylanılır. Biz məhsulu alanda qutusuna baxsaq da, məhsulun üzərində yazılanlara diqqət etməmişik. Firma ilə danışmışıq. Bu məhsul mağazalardan yığışdırılacaq. Əslində, bu yolverilməzdir, amma məhsulun üzərinə baxılmayıb deyə, belə bir şey olub".

Məlumat üçün bildirək ki, 2002-ci ildə təsis olunmuş "Nant" MMC-nin əsas profili ərzaq məhsullarının Azərbaycana idxalı və distribusiyasıdır. Mərkəzi ofisi və anbarı Bakı şəhərində yerləşən şirkətin Gəncə, Lənkəran, Quba, Mingəçevir və Sabirabadda filialları, o cümlədən Naxçıvanda bir sub distribyutoru mövcuddur. Onu da qeyd edək ki, bu ilin yanvar ayında bir sıra media qurumlarında yayımlanan informasiyafa deyilirdi ki, "Nant" MMC təriəfindən ölkəyə idxal olunan çay sodasından təhlükəli maddə hazırlanması məqsədi ilə istifadə etmək mümkün olduğu üçün satışdan yığışdırılıb.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov ölkə bazarında üzərində Azərbaycan dilində məlumat olmayan məhsulun satılmasının tamamilə qanunsuz olduğunu bəyan edib. Belə ki, o, mövzu ilə bağlı axar.az-a verdiyi açıqlamasında, "Dövlət dili haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlarda, o cümlədən Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə, ölkənin əmtəə bazarında satılan bütün malların xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalı olduğunun qeyd edildiyini vurğulayıb: "Bu, ucuz vətənpərvərlik deyil, bu, istehlakçının beynəlxalq hüquqlarından biri olan mal haqqında informasiya almaq hüququnun təmin olunmasıdır. Təəssüf ki, zəif Gürcüstan, zəif Ermənistan bu məsələni birdəfəlik olaraq öz bazarında həll edib. Bu ölkələrin bazarına milli dildə markalanmayan bir dənə də mal daxil ola bilməz. Lakin Azərbaycanda bu məsələ indiyə qədər həll olunmayıb. Birmənalı şəkildə, əgər malın üzərində Azərbaycan dilində məlumat yoxdursa, o mal qeyri-qanunidir". "Choco Pie" adlı peçenyeni ölkəyə gətirən şirkəti gözləyən cəzadan danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri bildirib ki, əgər dövlət orqanları effektli işləsə, üzərində yalnız erməni dilində məlumat olan şirniyyatı ölkəyə gətirib satışa çıxaran "Nant" firmasının bu məhsuldan əldə etdiyi gəlir dövlət büdcəsinə keçirilə bilər.

Bir neçə gün öncə isə sosial şəbəkələrdə Ermənistan istehsalı olan "Akhtamar" siqaretlərinin Bakıdakı piştaxtalarda satılması barədə video yayılıb. Bu barədə yenisabah.az-a danışan AİB sədrinin sözlərinə görə, belə məhsulların gömrük orqanlarının xeyir-duası ilə Azərbaycana gətirilir: "Belə malları istehlakçılar gətirilirlər. Siqaretlərin gətirilməsi ilə bağlı bizdə belə fakt qeydə alınmayıb. Lakin masamın üzərində Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilmiş "Nataxtari" limonadları, parfumeriya maları və s. var. Yəni qaçaqmalçılıq bazarda böyük yer tutur. Ermənistandan da Azərbaycana malların gətirilməsi istisna olunmur. Hər gün Gürcüstanın "İkinci vağzal" deyilən yerində ermənilər, gürcülər, azərbaycanlılar görüşür və mal, pul, fikir mübadiləsi edirlər. Əlbəttə ki, bu cür mallar gömrük orqanlarının xeyir-duası ilə keçirilir. Məsələn, "Nataxtari" limonadları barədə gömrük sədrinə məktub yazmışam. Demək olar ki, mənasız cavab verirlər. Bu mallar isə bazarda hardasa 50 faiz yer tutub. Belə qaçaq malların satıldığı yerlər barədə Vergilər Nazirliyinə, Gömrük Komitəsinə məlumat vermişəm. Lakin heç kim getmir". Bu malların təhlükəli olduğunu vurğulayan Eyyub Hüseynov qeyd edib ki, onların bir çoxunun mənşəyi məlum deyil: "Həm də vergilərdən yayınırlar, ölkənin maliyyə siyasətinə ciddi zərbələr endirirlər. Bunlar mütləq gömrük orqanlarının xeyir-duası ilə keçirilir və belə məhsullara himayədarlıq edənlər var".

Bütün bunlar onu deməyə əsas verir ki, düşmən ölkənin məhsulları Azərbaycan bazarını ağuşuna alıb. Buna, yəni erməni mallarının ölkədə satışına görə məsuliyyət isə Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin üzərinə düşür. Halbuki, adıçəkilən qurumlar, eyni zamanda onların rəhbər şəxsləri - Səfər Mehdiyev və Qoşqar Təhməzli ölkənin iqtisadi, həmçinin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olan ərzaq təhlükəsizliyi məsələsinə xüsusi önəm verməlidirlər. Lakin görünən odur ki, onlar üzərinə düşən vəzifəni lazımı səviyyədə icra edə bilmirlər. Əgər belə olmasaydı, o zaman erməni məhsulları Azərbaycan bazarına daxil ola bilməzdi. Deməli, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi onlara həvalə olunan işin öhdəsindən gəlməyi bacarmır. Əslində isə qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam və səhih informasiya ilə təmin edilməsi məqsədi ilə tədbirlər görmək Qoşqar Təhməzlinin sədri olduğu agentliyin ən ündə vəzifələrindən biridir. Yəni Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq, gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək, ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlamaq Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrinə daxildir. Lakin milliyyətcə erməni olan Gevorq Nalbandyanın "GN Tobacco Sweden" şirkətinin məhsullarının Azərbaycana idxal edilməsi, üzərində erməni dilində yazı olan "Choco Pie" peçenyenin marketlərdə satışı, Ermənistan istehsalı olan "Akhtamar" siqaretlərinin Bakıya yol tapması, o cümlədən ölmüş iri buynuzlu mal və at əti satışı ilə məşğul olan "Leş Tofiq" ləqəbli Alıbəy Rzaxanovun dəstəsinin mövcudluğu ondan xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi ölkənin ərzaq təhlükəsizliyinin qorunmasına, Dövlət Gömrük Komitəsi isə Azərbaycana daxil olan mallara ciddi şəkildə nəzarət etmək iqtidarında deyil!

muxalifet.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10