Gürcüstanın İmereti rayonunun Tskaltubo qəsəbəsində 18 yaşlı oğlan özünü 9-cu mərtəbədən ataraq intihar edib. Gəncin “Mavi balina” oynadığı açıqlanıb. Bu Gürcüstanda son 15 gündə "Mavi Balina"ya görə baş verən 3-cü intihar hadisəsidir.
Azərbaycana qonşu olan digər ölkələrdə də bu oyun ölüm saçmağa davam edir.
Xatırladaq ki, ötən illərdə Azərbaycan da “Mavi Balina” ilə bağlı bir neçə müəmmalı intihar hadisələri qeydə alınıb.
Bu da valideynləri təlaşlandırır. Bəs Uşaqları bu "ölüm oyunu"nun cəngindən necə xilas etmək olar?
“Yeni Sabah”a açıqlama verən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz valideynləri diqqətli olmağa səsləyib:
“Təkcə söhbət oyundan getməməlidir. Yəni, internetdə elə informasiyalar var ki, onlar uşaqlar üçün zərərlidir. Bəzi informasiyalar həm psixoloji, həm də fiziki cəhətdən zərər verir. İlk növbədə, valideyn uşağının dostu olmalıdır. Bizdə valideynlərin çoxunun intellekt və texnologiyalar ilə problemləri olduğundan cəmiyyətin üzərinə böyük yük düşür. Təhsil qurumları, provayderlər, hökumət qurumları və s. maarifçilik işləri aparmalıdır. İndi uşaqları zərərli informasiyadan qoruyan qanunvericilik var. Yanvarın 1-dən istənilən valideyn provayderdən təhlükəsiz, təmiz internet almaq hüququna malikdir. Yəni valideyn provayderdən övladının zərərli informasiya ilə qarşılaşmamasını tələb edə biləcək. Düşünürəm ki, təhsil qurumları da bu məsələ ilə bağlı iş aparmalıdırlar”.
(yenisabah.az)