Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vətəndaşlar pullarını banklara əmanət etmirlər



Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da, depozitlərdə artım qeydə alınmır

 

Vətəndaşların banklardakı depozitləri bu ilin aprel ayından bəri ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-də banklarda 8 milyard 561 milyon manat depozit olub. Bu isə əvvəlki aya nisbətən 19 milyon manat azdır.

 

Bütövlükdə, aprel ayının əvvəli ilə müqayisədə ötən ayın əvvəlində depozitlərin həcmi 154 milyon manat azalıb. Həmin ay banklarda 8 milyard 715 milyon manat əmanət saxlanılırdı. İyul ayına banklar 8 milyard 736 milyon manat, iyuna isə 8 milyard 622 milyon manat əmanətlə daxil olmuşdu.

 

Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da, vətəndaşların əmanətində artım qeydə alınmır. Banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması və banklara inamın tam bərpa olunmaması ilə bağlıdır.

 

Belə ki, aparıcı banklar manatla istehlak kreditlərini 29 faiz, dollar ilə 20 faizlə təklif etsə də, dollar ilə depozitlərə 1 faizdən az dividend ödəyir. Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0.1 faiz, 2 illik üçün 0.3 faiz, 3 illik üçün isə 0.5 faiz ödəyir. Bu, o deməkdir ki, bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar dividend alır.

 

Aylıq dividend gəlirinin məbləği isə heç bir 1 dollar da etmir. Aparıcı banklarda dollar depoziti üzrə ödənişlər 1 faiz ətrafında dəyişir, yalnız riteyl banklarda bu, 2.5 faizdir. Deməli, 1 faizlik depozitlə 10 min dollara ildə 100 dollar gəlir vəd edilir və bu da aylıq 8 dollardan bir az çox pul deməkdir.

 

Sistem əhəmiyyətli banklarda depozit gəlirliyinin kəskin azalması pulunu xarici valyutada saxlamaq istəyənlərin əmanət qoyluşlarına marağı azaldır ki, bu da özünü depozit portfelində əks etdirir.

 

Qeyd edək ki, son 1 ildə manat üzrə dividend faizləri də orta hesabla 35 faiz azalıb. Digər tərəfdən, passiv pulları aktivləşdirmək üçün banklara olan inamın artırılması istiqamətində də işlərin intensivləşdirilməsinə ehtiyac var.

(ayna.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10