“Azərpoçt” MMC: Biz bununla öz imkanlarımız çərçivəsində mübarizə apara bilmirik
İnformasiya texnologiyalarının günü-gündən inkişafı fırıldaqçılar üçün də münbit imkanlar yaradır. Hər gün internet vasitəsilə aldadılan və pulu mənimsənilən xeyli sayda insanın şikayəti ilə qarşılaşırıq.
Bu dəfəki hədəf “Azərpoçt” MMC-dir. Belə ki, qurumun özünün də xəbəri olmadan bir müddətdir, vətəndaşlar aldadılır. Deməli, “Azərpoçt” xidmətindən istifadə edən vətəndaş, avtomatik müştəri elan olunur və onun mobil telefonuna bildiriş gəlir, şəxs müsabiqəyə qoşulur.
Bildirişdə müştəriyə vəd olunur ki, guya, tapmacanı tapsa, ona “Samsung Galaxy S 10” hədiyyə olunacaq. Tapmaca isə, 9 zərfdən ibarətdir, 2 zərfi doğru açan bu hədiyyəni qazanır.
Əslində, fırıldaqçılar bütün insanları “qalib” çıxarır, çünki işin sonunda bizə az məbləğ də görünsə, pul var. Guya, telefon qazanan şəxs internet vasitəsilə poçt “xidməti” üçün 1 manat 70 qəpik ödəməlidir, nəticədə ona telefon çatdırılır.
Maraqlısı ondadır ki, diqqətli olan şəxs bu mobil “oyunu” rahatca de-şifrə edə bilər. Amma saf olanlar mözvu üzrə yazılan yüzlərlə şərhdən ürəklənib aldanırlar. Şərhlərin çoxunda “inanmırdım, amma bu gün telefonum gəldi” deyilir. Bu da fırıldaqçıların PR işini yaxşı təşkil etməsindən xəbər verir.
“Azərpoct” MMC-dən məsələ ilə bağlı açıqlamada, vətəndaşlara belə yalançı vədlərə, oyunlara aldanmamaq tövsiyə olunur: “Həmin mobil oyunların bizimlə heç bir əlaqəsi yoxdur, bu, sadəcə peşəkar fırıdaqçılar tərəfindən hazırlanmış oyundur. Biz bununla öz imkanlarımız çərçivəsində mübarizə apara bilmirik. Bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişik. Araşdırma aparılır, tezliklə lazımi tədbirlər görüləcək. Bu səbəbdən vətəndaşlara xəbərdarlıq edirik: Aldanmayın”.
(ayna.az)