Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda qız uşaqlarına görə 10 min manat? – Ekspert etiraz edir



"İnsanlar maddi vəziyyətinə görə, hətta öz orqanlarını satmağa razı olursa, ikinci və növbəti qız uşaqlarının doğulmasına görə onların hesabına 10 min manat köçürüləcəyi halda bətndəki oğlan uşaqlarının abort edilməsi təhlükəsilə üzləşəcəyik”.

 

Bu sözləri açıqlamasında 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və Əhali Sakinliyinin İnkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məqsədilə ailədə doğulan ikinci qız uşağı və növbəti qız uşaqlarının adına 10 min manatlıq hesabın açılması məsələsinə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.

 

 

Onun fikrincə, bu işi əslində maarifləndirmə yolu ilə aparmaq lazımdır: "Hökm deyil ki, qız uşağına görə hesabına 10 min manatın köçürülsün. Bu tələsik addımdır və indiki vaxtda birbaşa olaraq ortaya pul qoymağın özü təhlükəli haldır. Bu addım həmin pulu əldə etməyə çalışan bir çox ailələri indi də bətndəki oğlan uşaqlarını abort etməyə yönəldə bilər.Başqa üsullarla bunu stimullaşdırmaq lazımdır. Hər zaman təəccüblənirəm ki, ailə məsələlərindən danışanlar bu məsələni elmi olaraq təhlil etmirlər. Tamamilə əsaslandırmaqla təklif etdiyim modelə görə, dövlət əslində kömək etməlidir ki, bir ailədə 3 uşağın böyüməsinə şərait olsun. Bir ailədə 3 uşaq olanda isə burada oğlan uşağının anadan olması ehtimalı da artır. İslamda da qeyd edilir ki, 3 qız uşağını böyüdən valideynin yeri behiştdir. Bu məqamda heç kimə o behişti söz vermədən, maarifləndirmə prosesində həmin məqamdan da istifadə etmək olar”.


Həmsöhbətimizin fikrincə, bu tip qərarların əhalinin rəyi nəzərə alınmadan qəbul edilməsi yolverilməzdir: "Heç kim oturub öz otağında nəyi etməyin yaxşı olduğu barədə qərar qəbul edə bilməz. İlk növbədə qız uşağı istəməyən ailələr arasında ekspert sorğusu keçirilməli və onun nəticələri dərindən təhlil edilməlidir. Beləliklə də əhalinin rəyi nəzərə alınaraq belə qərarlar qəbul olunmalıdır, daha kiminsə, fəhmlə nələrisə təklif etməsilə yox. Ona görə də 2 və sonrakı qız uşaqlarının doğulmasına görə 10 min manatın verilməsi məsələsinə ciddi baxmıram”.

(sfera.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10