Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İş zorbalığa qədər gəlib çatdısa, vay bizim halımıza



Vətəndaş - uğrunda canını, canının parçasını fəda etdiyi dövlətdə firavan yaşamaq haqqına sahib olandır, necə ki, o dövlətin qayda-qanunlarına tabe olmağa borcludur

 

Məlum videonu diqqətlə izlədim. İzlədim - üzüldüm, izlədim - qəhərləndim, izlədim - izləməz olaydım!

 

İzlədim, amma izlətmədim - nə ailəmə, nə çevrəmə, nə də saytımızın oxucusuna. Neçə+ olduğunu deyə bilmərəm (artıq cəmiyyətdə naməhrəm deyə bir şey buraxmırlar, penis (biz bu sözün ictimailəşməsindən də abır etmiş nəslin nümayəndələriyik) şəklinin evlərimizin divarlarına yapışdırılmasını TƏLƏB edirlər), lakin uzuuun .........lərlə və söyüşləri ört-basdır edən siqnallarla izləniləsi kadrları nə özümə və ailəmə, nə də oxucuya rəva görürəm.

 

Söhbət Qarabağ müharibəsi veteranları (videokadrlarda əks olunan budur) ilə, onların (ya da onlardan birinin) ev(lər)ini uçurmağa gələn Dövlət Neft Şirkətinin əməkdaşları arasında yaşanan böyük qarşıdurmadan gedir. Əlbəyaxa davadan, havada uçuşan söyüşlərdən, yıxan və yıxılanlardan, döyən və döyülənlərdən...

 

Yuxarıda qeyd etdiyim kimi, o videonu izlədikcə üzüldüm və qəhərləndim. Üzüldüm, çünki hüquqi dövlətdə haqq-hüquq çomaqla, dəyənəklə, daş-kəsəklə, söyüş-qarğışla - ZORBALIQLA təmin edilə bilməz və BİLMƏMƏLİDİR! Burada isə sadalananların hamısı var (üstəlik, mənim izlədiyim videonu lentə alanın şantajları). Çağırılmamış qonaqların üzərinə hücum çəkən veteranlar, onları vurur, söyür və ərazini tərk etmələrini tələb edirlər. Deməli, qanunsuzluq baş verir.

 

Və gələk qəhərlənməyə... Mən hələ qarşıdakıların (ya da müdafiə olunanların) Qarabağ müharibəsi iştirakçıları, döyüşçüləri, qaziləri, veteranları olduqlarını qoyuram bir kənara. 87 min kv.kilometrlik (əsrlərin "ixtisarından" sonra) Vətən uğrunda ayaqlarının, əllərinin, gözlərinin, ən azı birini itirdikdən sonra, 87 kvadratmetrlik daxmada yuva qurmaq istəyənlərin haqlarından da danışmıram... O HAQQ ödənilməz, zatən!

 

Çünki söhbət qarşıda (çox təəssüf ki, bu gün məmuriyyətlə vətəndaş qarşı-qarşıya duran cəbhələr halına gəlib) kimin olmasından getmir. Heç baş verən məlum hadisədə kimin haqlı, kimin haqsız olmasından da getmir (qanun qanunu pozanın başı üzərində "Domokl qılıncı" olmalıdır).

 

Söhbət işin niyə bu yerə gəlib çıxmağından gedir. Onların (indi o videoda hücuma məruz qalanların) sözügedən əraziyə hansı niyyətlə gəlmələrindən gedir. Hansı məqsədə xidmət etmələrindən və illərlə hansı məqsədə xidmət edənlərin xələfləri olmalarından gedir.

 

Yığışaq 100 nəfər, gedək həmin əraziyə (ya da onun kimi başqa ərazilərə). Deyil üstümüzə daş-dəyənəklə gələrlər, əksinə süfrələrinin qonağı olmasaq, qınağı olarıq. Tək ayaqlarının üstündə, yarımçıq daxmalarının közündə qulluğumuzda durarlar.

 

Çünki bizim əynimizdə o "evyıxan" damğalı uniforma yoxdur, paltarımıza illərin qan-qarğışı çökməyib.

 

Çünki biz onların hüzuruna Binəqədidə, Abşeronda, Suraxanıda, Səbaildə və neftin "çirkləndirdiyi" (icra başçısının satıb, bələdiyyə sədrinin aldığı, bələdiyyənin satıb, vətəndaşın aldığı və sonradan "neftçilərin" peyda olduğu) başqa-başqa rayonların qolugüclüləri və qolugüclülərin davamçıları kimi çıxmırıq.

 

Lənət Şeytana, iş bu yerə niyə gəlib çıxmalı idi, çıxmalıdır, axı?!

 

P.S. Vətəndaş - uğrunda canını, canının parçasını fəda etdiyi dövlətdə firavan yaşamaq haqqına sahib olandır, necə ki, o dövlətin qayda-qanunlarına tabe olmağa borcludur!

(ayna.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10