Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sevda və Elmira Ələkbərzadələrin atası, Xalq yazıçısının oğlu niyə şərlənərək həbs edildi?


Yazıçı-publisist Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Azərbaycan sovet romanının banisi, Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin ailəsində anadan olub. Tovuz şəhərində A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb.

Tələbəlik dövründə “Kökəlməyin sirri” hekayəsi almanaxda dərc olunub.

Çingizin yolu televiziyadan və jurnalistikadan düşür. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləyir. Sonra isə iki il İsmayıllı rayonu İvanovka kənd məktəbində müəllim, 1968-ci ildən Əli Bayramlı (indiki Şirvan) rayonunda “İşıq” qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri vəzifəsində çalışır.

Çingiz yenidən Bakıya qayıdaraq Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir (1972-1973), “Azərbaycanfilm” kinostudiyasında ssenarist (1973-1975), “Kirpi” satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Günün ekranı“” redaksiyasında işləyir.

Onun həbsinə aparan yol da buradan baaşlanıb.

Məşhur müğənnilər Sevda və Elmira Ələkbərzadə bacılarının atası olan Çingiz Ələkbərzadə Sovet dövründə şərlənərək həbs olunub.

Bu barədə Elmira Ələkbərzadə danışıb. 

O, atasının müəyyən dairələrin sifarişi əsasında həbs edildiyini bildirib:

“Atamı Sovet dövründə şərlədilər. Belə ki, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Günün ekranı” redaksiyasında telejurnalist kimi çalışdığı zaman, durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etməsi həbs olunmasına səbəb oldu. 2 il 8 ay günahsız yerə həbs həyatı yaşadı.

Şamaxıdan zəng edib atamdan hansısa kolxoz haqqında çəkiliş etməsini istədilər. Elə Şamaxıya gedəndə yolda dayandıqları restoranda bir neçə nəfər atamın qollarını burub apardılar. Stula asılan pençəyinin ön cibinə salfetə bükülən 400 rubl pul qoyub atamı şərlədilər. Guya atam kimdənsə rüşvət alıb.

Atam şərlənmədən öncə babam Əbülhəsən Ələkbərzadənin çap olunan kitablarından 30 min rubl pul almışdı. 30 min rubl o dövrdə bir evin pulu idi. Bu qədər pulu olan insanın 400 rubla ehtiyacı ola bilərdi? Bu qədər pulun müqabilində atamı 400 rubla görə rüşvətlə şərləyərək həbs etmələri gülünc idi. Bunun sifarişli həbs olduğunu hər kəs bilirdi. İndi azad ölkədə yaşasaq da, o vaxt heç kim öz fikrini deyə bilməzdi.

Məhkəməyə o qədər saxta şahidlər gətirmişdilər ki, heç birinin sözü üst-üstə düşmürdü: biri atamın “Jiquli”də, biri avtobusda, digəri isə “”Volqa”da gəldiyini deyirdi. Hətta atamla işləyən bir operator da məhkəmə zalında onun üzünə durur. Hadisə şahidlərinin bu cür fərqli saxta ifadələri nə dərəcədə doğru idi? Hamı bunun qurulma bir iş olduğunu bilirdi.

Müəyyən dairələrin sifarişi nəticəsində hakimin verdiyi qərarla atam 2 il 8 ay müddətinə həbs edildi. Atam məhkəmədə dəfələrlə günahsız olduğunu desə də, bunu nəzərə alan olmadı. O, tutulanda yuxu gördüyünü zənn edirdi. Ancaq hakim qərarı oxuyanda hər şeyin real olduğunu anladı.

Qeyd edim ki, atamın əleyhinə ifadə verən şahidlərin çoxu sonradan ondan üzr istədi. Hətta atamın üzünə duran operator üzr istəmək üçün evimizə belə gəlmişdi.

Həbsxana atam üçün deyildi. Atamın həbsindən sonradan nənəm Şövkət xanım vəfat etdi. Nənəm bu ayrılığa dözmədi, Çingiz deyə-deyə rəhmətə getdi. 

Atam azadlığa qovuşduqdan sonra “Zindan” romanını yazdı. Bu əsərdə o, həbsdə keçirdiyi bütün həyatını yazıb”.

(oxu.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10