Lənkəranda yüksək sürət bir neçə kənddə işıq və qazla bağlı problemlər yaradıb.
Qəza gecə saatlarında Lənkəran-Boradigah yolunun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb.
Sükan arxasında olan Murad Bağırov idarəetməni itirərək, “Mercedes” markalı minik avtomobili ilə ilk olaraq yol kənarındakı qaz borusuna, sonra kənd sakini Zakir Nurullayevə məxsus hasara və tövləyə girib. Yüksək sürətlə idarə olunan avtomobil elektirik dirəyinə çırpılaraq dayanıb.
Toqquşma o qədər güclü olub ki, avtomobilin mühərriki yoldan 100 metr kənarda yerləşən suötürücü kanala düşüb. Nəticədə Cil, Xarxatan və Şağlaser kəndlərinə elektirik enerjisinin verilməsində fasilə yaransa da, bir müddət sonra bərpa olunub.
Hadisə nəticəsində ətrafdakı 5 kəndə qaz təchizatı da dayandırılıb.
Avtomobildə olan sürücü M.Muradov və sərnişin Elçin Məmmədov ciddi xəsarət almayıblar.
Faktla bağlı araşdırma aparılır.
(oxu.az)