Masallı rayonunda sevdiyi qızı ona vermədiyi üçün cinayət törədən 1994-cü il təvəllüdlü Sahib Babayevin (ad və soyad şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sahib Babayev əvvəllər Masallı rayonu, Hüseynhacılı kənd sakini Mehman Məmmədova məxsus təsərrüfatdakı kivi bağında suçu işləyib.
Həmin zaman o, təsərrüfatda çoban işləyən Qədər Səmədovun qızı, 2002-ci il təvəllüdlü Rəqsanən ilə nişanlı olub.
Nişanı qayıtdı, dəliyə döndü
Lakin onun qısqanclıq hərəkətlərinə görə Rəqsanə tərəfindən onun nişanı qaytarılıb. Təsərrüfatın sahibi Mehman Məmmədov Rəqsanə Səmədovanın və ailə üzvlərinin nişanı qaytarımaları barədə mövqelərini müdafiə edib.
Bu səbəbdən Mehman Məmmədov Sahib Babayevi təsərrüfatından qovub. Buna görə Sahib Babayev qisas almaq məqsədilə 17 noyabr 2016-cı il tarixdə, gecə saat 01-04 radələrində Mehman Məmmədovun mülkiyyətində olan təsərrüfatındakı bağda yetişdirilən 402 ədəd kivi ağaclarını qəsdən kəsərək məhv edib. Bu hərəkətləri ilə Mehman Məmmədova 52.260 manat dəyərində maddi ziyan vurub.
İstintaq orqanı tərəfindən Sahib Babayevin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham elan edilib.
“Məscidə getməkdən yayındı”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, zərərçəkmişə heç bir ziyan vurmayıb: “Ona məxsus ağacları kəsməməşəm. Yalnız zərərçəkmişin təşəbbüsü ilə nişanlandığım qızın nişanını qaytarmasına görə ona qarşı qərəzli olmuşam. Zərərçəkmişin kivi ağaclarının bir çoxunun əvvəllər yandığından çıxarılıb. Ağacı kəsməməyim ilə bağlı sözümə inanmadıqlarından and içmək üçün zərərçəkmişi məscidə dəvət etdim. Lakin zərərçəkmiş məscidə getməkdən yayınaraq əsassız olaraq yalnız məni günahlandırdı. Bundan əsəbiləşərək ağacları əcəb edərək kəsməyimlə bağlı ifadə işlətmişəm”.
“Bir-birimizi sevdik”
İş üzrə şahid qismində ifadə verən Rəqsanə Səmədova bildirib ki, ailəsi ilə birlikdə atası Qədrin Masallı rayonu, Hüseynhacılı kəndində Mehman Məmmədova məxsus təsərrüfatda işlədiyi yerdə yaşayıblar: “Təsərrüfatda heyvandarlıqdan başqa bağçılıq təsərrüfatı da olub. Orada kivi ağacları əkilib və kivi bağı 2 hissədən ibarətdir. Bağın bir hissəsi əvvəllər əkilmiş, hazırda məhsul verən ağaclar olan hissəsinə Sahib, 2-ci cavan ağaclar olan bağ sahəsinə isə qulluq və nəzarəti isə qardaşım Anar göstərib. Mehmana məxsus bağdan kivi ağaclarının məhsul verməsini görmüşəm. Sahib ilə həmin təsərrüfata gələndən sonra tanış olaraq bir-birimizi sevdik. Ona görə də 2016-cı ilin iyulunda valideynlərim məni Sahiblə nişanladılar”.
“Hərəkətlərini atama bildirdim”
Rəqsanə Səmədovanın sözlərinə görə, sonradan Sahib işinə ciddi yanaşmayıb: “Sahib daim gələrək bizim olduğumuz evdə vaxtını keçirdi. Mehman da işləmədiyinə görə onu işdən qovdu. Atamın xahişi ilə Mehman yenidən Sahibi işə qaytarsa da, sonuncu işə qayıdandan sonra yenə işə ciddi münasibət bəsləmədi. Buna görə də Mehman onu 2016-cı ilin sentyabrında yenidən işdən qovdu. İşdən çıxarıldıqdan sonra Sahib 2-3 dəfə bizə gəldi. Müxtəlif bəhanələrlə məni həyətə düşməməyimi, heç kimlə danışmamağımı deməklə hamıya qısqandı. Məcbur qalaraq Sahibin bu hərəkətlərini atama bildirdim. Atam da Sahibə öz iradını bildirdi. Sahib atamın sözünə qulaq asacağını vəd etsə də, bir neçə gündən sonra yenidən öz hərəkətlərini davam etdirdi”.
“Atama nişanı qaytarmağımı dedim”
Rəqsanə Səmədova qeyd edib ki, Sahibin hərəkətlərinə görə nişanı geri qaytamaq qərarına gəlib: “Həmin ərəfədə Məhərrəmliklə bağlı anamla Mahmudavar kəndində yaşayan babamın evinə getdi. Sahib də oraya gəldi. Məni xalam Nazilə ilə mağazaya getdikdə gördü. Buna görə, mənə acıqlandı, niyə mağazaya getməyimi və küçəyə çıxmağımı dedi. Onun hərəkətlərinə dözmədim. Evə qayıtdıqdan sonra atama nişanı qaytarmağımı dedim”.
“Məni öldürəcəyini bildirdi”
Rəqsanə Səmədovanın ifadəsinə görə, atası 2016-cı ilin oktyabrında Sahibin dayısı Məmmədi çağırıb: “Atam Məmmədə olanları və Sahibin hələ qızla evlənmədiyi halda ona qarşı etdiyi rəftarı dedi, bu işin indidən həll olunmasını, 3 günə öz fikrini bildirəcəyini və nişanı geri qaytarmaq istədiyini söylədi. Həmin günü Sahib istifadəmdə nömrəyə zəng edərək nişanı geri qaytarmamağı, əks halda məni öldürəcəyini, fermanı yandıracağını və təsərrüfatı da məhv edib, kivi ağaclarını kəsəcəyini bildirdi. Sahibin telefonda dediklərini anama söylədim. Anam da Mehmana xəng edərək, Sahibin dediklərini bildirdi”.
“Gətirdiyi cehizləri öz evinə apardı”
Rəqsanə Səmədova bildirib ki, aradan bir gün keçdikdən sonra Sahib anası ilə yaşadığı evlərinə gəlib: “Bizə nişanı qaytarmamağımızı xahiş etsələr də, fikrimdən dönmədim. Anamın zəngi ilə Mehman qaldığımız evə gəldi və Sahibi həyətdən çıxararaq küçədə qalmasını dedi. Bir qədər sonra atam evə gəldi. Sahibin anası atamdan nişanı qaytarmamasını xahiş etdi. Atam bununla bağlı mənim fikrimi soruşdu. Mən də fikrimin qəti olduğunu dedim. Atam da Sahibin anasına bu işin düzəlməyəcəyini bildirdi. Bundan sonra Sahibin anası gətirdiyi cehizləri yığışdıraraq öz evinə apardı. Bununla da münasibətlərimizə son qoyuldu”.
“Məni və ailəmi hədələdi”
Rəqsanə Səmədova bildirib ki, sonra Sahib ona mesaj göndərərək barışmalarını bildirsə də, ona cavab yazmayıb: “Nişanımız qaytarılan günü Sahib zəng edərək, məni və ailə üzvlərimi hədələdi, kivi ağaclarını kəsəcəyini, yaşadığımız təsərrüfatı da yandıracağını bildirdi”.
“Ziyan ödənilməyib”
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Mehman Məmmədov ifadəsində hər iki ailəni tanıdığını, onun təsərrüfatında işləmələrindən, sonra Sahib Babayevin Qədir Səmədovun qızı Rəqsanə ilə nişanlanmasından, sonra aralarında yaranan mübahisəyə görə nişanın qayıtmasından danışıb.
Mehman Məmmədov Sahib Babayevin onun təsərrüfatında olan kivi ağaclarını məhv etdiyini deyib. Bildirib ki, Sahib Babayev 402 ədəd kivi ağaclarını qəsdən kəsməklə və həmin kivi ağaclarının üzərində olan 120-130 kilo meyvəni oğurlamaqla ona 250000 manat ziyan vurub. Ziyanın ödənilmədiyini deyən zərərçəkmiş Sahib Babayevin cəzalandırılmasını istəyib.
Bu işə Masallı rayon Məhkəməsində baxılıb. Hakim Firdovsi Əliyevin sədrliyi ilə aparılan araşdırma zamanı Sahib Babayevin törətmiş olduğu əməl sübuta yetirilib və ona 3 il müddətinə azadlıqdan məhrum edilib.
“Anası və yaxın qohumları məni hədələdi”
Hökmdən narazı qalan zərərçəkmiş Mehman Məmmədov apelyasiya şikayəti verib. O, qeyd edib ki, təqsirləndirilən şəxsin anası və digər yaxın qohumları tərəfindən ölümlə hədələnib, təhqir olunub. Zərərçəkmiş bildirib ki, onların qanunazidd hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etsələr də, Sahib Babayevin qohumları qanunsuz hərəkətlərini davam etdirib.
Mehman Məmmədov Masallı rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Sahib Babayevə ən ağır cəza verilməsini istəyib.
Hökmdən narazı qalan Sahib Babayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən verilən ittiham sübuta yetirilməyib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, həm zərərçəkmişin, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.
(publika.az)