
APA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı qardaşı Şahbaz Xuduoğlunun ailəsinin qəza keçirməsi barədə danışarkən deyib ki,
qəza nəticəsində Ş. Xuduoğlu da xəsarət alıb: “Biz rayondan yas məclisindən qayıdırdıq. Maşında 5 nəfər olub. Müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Hələ ki, hadisə ilə bağlı dəqiqləşdirmələr aparırıq”.
***
APA-nın cənub bürosunun xəbərinə görə,
“Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin, 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib.
Məlumata görə, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağır qiymətləndirilir. Bununla bağlı Bakıdan həkim briqadası dəvət olunub.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb.
Əlavə edək ki, avtomobili idarə edən R. Mustafayev “Qanun” Nəşrlər Evinin sürücüsüdür.