Azərbaycan tarixinin unikal nümunələri; dağlar qoynunda yaşayan əhali tarixi hadisənin – yol çəkilişinin sevincini yaşayır; amma başqa problemlər də var; Alar kəndi niyə “Allar” oldu?..
Azərbaycanın tarixi abidələrlə zəngin yaşayış məskənlərindən biri barədədir budəfəki yazımız. Alar kəndi Yardımlı rayonundan 26 km-lik məsafədə yerləşir. Dağların qoynuna sığınmış bu kəndə gediş-gəliş tarixən çox çətin olub. Qışın sərt keçməsi, digər aylarda yağıntının çox olması bu kəndlə əlaqəni çətinləşdirib. Keçilməz yolları qət edərək bu əraziyə gedib-gəlmək qəhrəmanlıq sayılıb hər zaman. Ancaq belə demək olar ki, artıq bu kəndin bəxti açılıb.Belə ki, Yardımlı-Masallı magistral yolundan Alar kəndinə doğru rahat yol çəkilir. Digər tərəfdən, Lerik rayonunun sonuncu kəndi olan Xanəgah kəndinədək uzanan asfalt yol işləri xeyli asanlaşdırıb. Yol Alar yaylaqlarınadək uzanacaq. Yerli sakinlər danışır ki, yolun Alar kəndindən keçməsi və sərhəd zastavasınadək uzanması bu ərazidə yaşayanların əsas probleminin həlli demək olacaq. Əslində hərbi əhəmiyyətli bu yolun çəkilişi ötən ildən başlanıb. Elə biz bu ərazidə olarkən sürətli iş gedirdi. Yerli sakinlər deyir ki, neçə aylardır fədakar yol işçiləri burdakı sal qayaları partladıb, geniş, rahat yol çəkirlər. Hətta gələcəkdə buralara qaz, simsiz internet çəkiləcəyi barədə xəbərlər də yayılıb. Yolun “Şune Kələk” (“Daş yığını”) adlı yerə qədər çəkiləcəyi deyilir. Müasir texnika ilə “silahlanmış” yol işçiləri gecə-gündüz işlərini davam etdirirlər ki, qarlı-yağışlı günlərədək işlərin əsas hissəsini yekunlaşdırsınlar. Lakin bir problem də var: Alar və yaxınlıqdakı Şıxhüseynli kəndlərinin camaatı daha rayon mərkəzinə çox kəsə yoldan istifadə etməklə getməyə üstünlük verirlər. Bu yol da Lerik və Yardımlı arasındakı ərazidən keçir. Lakin həmin ərazidəki təqribən 4 km-lik yol asfaltlanmadığı üçün əziyyətli günlərinin davam edəcəyindən pərişandırlar. Ona da inanırlar ki, dağları-qayaları yerlə bir edib onlara yol çəkən dövlətimiz bu, kiçik problemi də aradan qaldıracaq. Lerikin mineral sularla zəngin Bülüdül kəndi ilə Yardımlının Bilnə kəndləri arasındakı qısa yolun abadlaşdırılacağını Lerikin Yardımlıya yaxın olan on minlərlə sakini də intizarla gözləyir. Həmin kəndlər arasındakı torpaq yola asfalt döşənsə, iki rayon əhalisinin gediş-gəlişi də asanlaşar.
Bu yerdə təəssüflə qeyd edək ki, bu bölgədəki Lerik və Yardımlı kəndlərinin mavi yanacaqla təchiz olunmaması səbəbindən 80-ci illərdə, elə bizim uşaqlığımız dönəmində şahid olduğumuz sıx meşələrin yerində indi kol-kos qalıb. Uzaqdan görünən bir nəhəng ağacı göstərib onunla maraqlananda deyirlər ki, “Qırmızı Kitab”a düşdüyü üçün “sağ” qalıb.
Alar kəndinin yuxarıları isə Şah babamız Xətainin məskəni olub. Buralara “Şahnişin” (“Şah oturan yer” - E.P.) deyilir. Rəvayətə görə, Şah İsmayıl ildə bir dəfə Şahbulağa gələrmiş, çadırlar qurularmış və Şah öz başının dəstəsi ilə Şahnişin yaylağındakı buz bulaqlardan birinin yanında bir aya yaxın dincələrmiş. Deyirlər ki, bu ərazidə ikinci belə, buz bulaq yoxdur.
Aların yüksəkliklərində qərar tutmuş möhtəşəm Qız qalası uzaqdan görünür. Dağ yollarının qənimi olan “NİVA”mızı Alar çayının kənarında saxlayıb zirvəyə doğru piyada yol alırıq. Bələdçilərimizlə təqribən bir saat yol qət etdikdən sonra qalanın ətəyinə yetişirik. Uca dağ silsilələrinin birində yerləşən konusşəkilli qala el arasında Qız qalası kimi tanınsa da, onun yonulması insan əməyinin məhsulu sayıla bilməz. Kəsəsi, möcüzəli bir ünvandır. Məlumatlara görə, bu qala lap qədimlərdən insanların sığınacaq yeri olub. Burada yerli atəşpərəstlər əvvəlcə ibadətgah, sonra isə qala bürcləri inşa etməklə güclü və möhkəm bir istehkam qurublar. Qala dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir. Qalanın üstündə od yerlərinin izlərini tapan tədqiqatçılar buranın həm də atəşpərəstlik dövründə fəaliyyət göstərən məbəd olduğu fikrini irəli sürürlər. Ehtimal edilir ki, İslamdan əvvəl oda sitayiş edən atəşpərəstlər burada yaşayıb və məbəd ucaldıblar. Sonralar ərəb işğalçılarına qarşı məbəddən qala kimi istifadə ediblər.
Qalanın içərisinə aşağı tərəfdən giriş var. Amma ani ehtiyatsızlıq adamı uçurum dibinə yuvarlaya bilər. Qalanın daşları arasından boy vermiş ağacın məğrur görkəmi adamı heyrətləndirir. Qalanın üstünə çıxmaq elə çətin olmasa da, enməyin çətinliklərini anlayıb bu fikrimizdən vaz keçirik. Amma bizə həmsöhbət olan yerli sakinlər deyir ki, dəfələrlə qalanın üzərinə çıxıblar. Vaxtilə qalaya saxsı borular vasitəsilə Xanbulaqdan su çəkilibmiş. Həmin saxsıların izləri bu günədək qalır. Bildirilir ki, bu qalalardan düşmən gələrkən bir-birinə siqnal vermək üçün istifadə edilib. Belə ki, Qız qalasında tonqal qalanan kimi Oğlan qalasında, ya Dəvəboynu tərəfdə olanlar bilirmiş ki, təhlükə var. Qalanın yuxarı hissəsində başqa bir mağaranın olduğu da bildirilir. İddialara görə o mağarada əsirlər saxlanılıb. O da iddia olunur ki, açıq havada qalanın başından Lənkəran istiqaməti, Xəzər dənizi görünür...
Qız qalasından bir neçə km-lik məsafədə Oğlan qalasıdır. Bu qala Lerik ərazisinə düşür. İddialar var ki, hər iki qalaya gediş-gəlişi təmin edən yeraltı tunel olub. Təhlükə olanda bir qaladan digərinə xəbər vermək üçün ən üstdəki bürclərdə tonqal qalanıb. Bu əraziyə “Voynbərə” deyir.
Qalanın yaxınlığında nəhəng mağara var. Sakinlər deyir ki, qar-yağışda mal-heyvanı buraya salırlar. Eyni vaxtda 500 qoyun üçün sığınacaq olur bu, unikal məkan. Qışı çox sərt keçən Alar və Şıxhüseynlinin camaatı əsasən, kartofçuluqla, mal-qara saxlamaqla dolanırlar. Xınalı kəkliklərin məskəni olan bu dağların köksündəki kəklikotunun qoxusu adamı bihuş edir. 1947-1953-cü illərdə Yardımlının sərhədyanı 32 kəndinin sakinləri deportasiyaya məruz qalıb, Cəlilabad, Masallı, Lənkəran, Şirvan, Salyan və sair rayonlara köçürülüblər. Alar kəndinin əhalisinin bir hissəsi də Cəlilabada köçür və eyni adlı kənd yaranıb. Məlumata görə, Alar türk tayfasının adıdır. İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə “Alılar” adlandırılıb. Sonra Allar və nəhayət, Alar formasına düşüb. Toponimi eyni zamanda Şahsevən tayfalarından olan alarlılar ilə də bağlayırlar.
Alar kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi, kəndin bələdiyyə sədri Almirzə Şahverənov deyir ki, hazırda Alarda 3275 nəfər yaşayır: “Camaat maldarlıq, arıçılıq, kartof, buğda əkini, bağçılıqla məşğul olur. Yolun olmaması ucbatından məhsulu bazara çıxara bilmirik, bu il tonlarla məhsulumuz məhv oldu. Kəndin qışı həddən artıq sərt keçir. Yemi yaylaqlardan gətiririk. Amma bəs eləmir. Ona görə çətin yolları qət etməklə hətta Muğandan yem alırıq”.
Alar çayı kəndin içərisindən axır. Üstəlik, hər həyətdə bulaq var. Bu mənada su çətinliyi yoxdur. Amma odun problemi ciddidir. “Meşələrə də buraxmırlar, əhali əziyyət çəkir. Düzdür, meşələr tükənib, amma çıxış yolu yoxdur. Ya qaz problemi həll olunmalıdır, ya da odun verilməlidir əhaliyə. Odunun maşını 150-160 manatdır, ailə var, 5-6 maşın odun lazımdır qışı keçirsin. Bunu da hər ailə ala bilmir”, Almirzə müəllim deyir. Ümumilikdə kənddə 38 min xırdabuynuzlu, 5-6 min arası iribuynuzlu heyvan var. Heyvanlar aran-yaylağa aparılır, amma apreldən oktyabra qədər meşə ilə qıdalanır. Almirzə müəllim deyir ki, heyvanlar da bitki örtüyünü məhv edir: “Mənim 60 yaşım var, vaxtilə elə ot növləri var idi, indi həmin bitkilər yoxdur. Kəklikotu, dərman bitkiləri, yarpız, gicitkən, çaşır - əlövi deyirik - xətmi, baldırğan kimi can dərmanları var çöllərimizdə. Bir çox ailələr bu otları yığıb satır, dolanır”.
Alar əhalisinin köçündən narahat olan A.Şahverənov da deyir ki, Cəlilabadın Alar, Qarayar kəndlərinin əhalisi buradan gedib vaxtilə: “Bizim əmiuşaqlarıdır onlar. Təkcə son 3-4 ildə 50-60 ailə gedib. Şagirdlərmizin sayı 580 nəfərdən 300 nəfərə düşüb. Həyat şəraiti ilə bağlı axın çoxdur. Vaxtilə hər sinifdən 3-ü var idisə, indi hərəsindən biri qalıb”.
Qeyd edək ki, bu dağlar, qayaların, daşların eləsi var, az qalır dil açıb adamla danışsın. Uzaqdan tısbağa formasında olan, üst-üstə bərkidilmiş, sanki bənnanın əli ilə yonulmuş nəhəng daşlar, hər kəsi heyrətləndirə biləcək sənət əsərləridir. Hələ qarşı tərəfdə dən üyüdən nənə, qadın, dəvə karvanları heykəlləri...Turizm üçün unikal məkandır. Almirzə müəllim deyir yol çətinliyi də olsa, hərdən turistlər gəlirlər. Amma araşdırmaçı alimlərimiz, arxeoloqlarımız gəlsə, daha yaxşı olar. “Sarıbulaq yaylağında, Dəvəboynu deyilən yerdə arxeoloji qazıntılar aparıldı. Gələn qrup 10-15 gün orda qaldı, araşdırmalar aparıldı. Çox gözlədik, nə televiziyada, nə mətbuatda bu haqda material olmadı. Dedilər ki, burada Cənubi Azərbaycan və Şimali Azərbaycanın müştərək bazarı olan bir şəhər olub. Amma sonra şəhər məhv edilib. Nədənsə heç kimə, heç nə demədilər. Amma nümunələr tapılıb. Mən dedim bələdiyyə sədriyəm, görüm nə çıxır, imkan vermədilər, dedilər sənlik deyil”-həmsöhbətimiz əlavə edir.
Qız qalası ilə üzbəüz Lerikin Oğlan qalası əzəmətlə dayanıb. Bu qalalar barədə Oğlan qalası və Qız qalası haqqında ciddi araşdırmalar aparmaq olar. Oğlan qalasından o üzdə isə Lerikin Kekoni kəndidir. O kəndin üstündə qəbiristanlıq var, “Alarlılar qəbiristanlığı” deyilir. Böyüklər deyir Sorusçaydan bəri Alar ərazisi olub. Başdaşının üstündə də “Alarlı Hacı Cahangirin məzarı” yazılıb. Çox təəssüf ki, məzar daşlarının bəziləri məhv edilib. Alarlılar böyük tayfa olub. Nuh Peyğəmbərin dövrünə qədər gedib çıxır Alarlıların tarixi. Qəbiristanlıq var, orda qəbirlər üst-üstə tikilib. Su bir qəbiri oyur, altdakı digər qəbir üzə çıxır. Dünyanın bir çox yerlərində Alar kəndi, Alar şəhəri mövcuddur, Altay vilayətindən bəri. Təəssüf ki, Alar tarixi araşdırılmayıb. Teymur Bünyadovun “Günçıxandan günbatana” kitabı var, amma səthi araşdırılıb. Sineyer tərəfdə dəvə karvanı, sanduqə qəbirlər, “Gavur qəbiristanlığı” var. Oradan müxtəlif alətlər çıxmışdı bir vaxtlar. Oğlan Qalasından bəri böyük düzənlik var, orda xalq qəhrəmanı Babəkin döyüşü olub. Həlak olanlar da bu yerdə dəfn edilib, “Qureyşilər qəbiristanlığı” deyilir. Zaman-zaman Alar ərazisində tapılan əşyalar müxtəlif ünvanlara daşınıb. Amma çox yaxşı ki, Alar kəndinin dəyərli ziyalısı Yusif müəllim tapılan eksponatların bir qismini yığıb və muzey yaradıb”.
Sərhəd zonasındakı Xan bulağının göz yaşı kimi duru suyu vaxtilə Qız qalasının üstünə (!) çəkilib. Həmin suyun mənbəyi 4-5 km-likdədir, sərhəd zastavası yaxınlığında...Suyun çəkildiyi həmin borulardan indi də torpağın üzünə çıxır. 40-50 sm-lik saxsı borulardır. Elə indi də traktorlar yer şumlayanda borular görünür. Amma qalanın başına bu suyun necə çıxması əsl möcüzədir.
Sakinlər deyir Oğlan qalasının qabağında ana heykəli var idi, 3-4 il əvvəl hansısa ağılsız adamlar onu sındırıb-dağıtdılar. “Uşaqlar yeri qazanda həmin heykəl çıxmışdı. Biz yığışıb onu kəndə gətirmək istəyirdik. Qırıb-tökmüşdülər, guya ki, qızıl var heykəlin başında”, Almirzə müəllim deyir. Həmsöhbətimiz əlavə edir ki, İran tərəfdən bu ərazilərə gələnlər çox olub: “Kurqanları cihazla yoxlayıb qazırdılar. Bu il bir qrup tutuldu. “Dəvə karvanı” adlanın ərazinin ətrafını uçurub dağıtmışdılar. Qazıntılar vaxtı ordan qılınc, qalxan, dəvə, şir fiqurları tapılıb”. Bələdiyyə sədrinin sözlərinə görə, bu ərazilərdəki tarixin talanması 2000-ci illərədək daha çox olub: “Bu gün də yaylaqlarda hara gedirsən, görürsən kurqanları qazıblar. Qədimlərdə döyüşlər vaxtı sərkərdələr harda həlak olubsa, elə orda da basdırıblar. Özü də silah-sursatı, qiymətli əşyaları ilə birgə. Ağılsız adamlar var-dövlət axtarmaq adı ilə tariximizi məhv edirlər”.
Bu bölgə üçün hər cür fədakarlıqlar edən Almirzə müəllim Alar kəndinin adından da bəhs etdi: “Alar türk mənşəli sözdür. Bu ərazilər vaxtilə Azərbaycanın hər iki tayı arasında körpü olub, cənubla şimalın qapısı rolunu oynayıb. Dəvə karvanları cənubdan şimala, şimaldan cənuba buradan gedib”. Bəzi yerlərdə Alar kəndi “Allar” kimi yazılır. Elə kəndin girişindəki lövhədə də belə yazılmışdı. Baxmayaraq ki, nəhəng daşın üstündə məhz Alar qeyd olunmuşdu. Almirzə müəllim kəndin adının dəyişdirilməsini qəbulolunmaz saydı: “Hansısa bir savadsız l sammitini artırıb. Bəzi qurumların möhürlərində Alar gedir, bəzilərində Allar. Bununla bağlı hətta Musa müəllimə (deputat Musa Qasımlıya-E.P.) də fikrimizi demişik. Prezidentə, Milli Məclisə, İcra Hakimiyyətinə yazdım, mətbuatda çıxış etdim. Elə deyirlər etirazınızı Milli Məclisin müvafiq komissiyasına təqdim etmişik, düzələcək. Amma bütün uşaqların şəxs vəsiqəsində doğulduğu yer olaraq Allar yazılır. Təsəvvür edin, Alar kənd orta məktəbinin möhüründə Alardır, bələdiyyədə “Allar”. Ərazi icra nümayəndəsində də Allar gedir. Alar toponimi var, “Allar” yoxdur. Çox istəyirik ki, ata-babalarımızın bizə miras qoyduğu kəndimiz adını özünə qaytaraq. 200-300 nəfərin imzası ilə müxtəlif ünvanlara müraciətlər də yazdıq. Hələ ki, nəticə yoxdur. Biz də çarəsiz qaldıq, kəndin 4 km-liyində böyük daşın üzərinə “Alar” sözünü yazdıq. Beləliklə, dərdimizi hara yazdıqda, səs çıxmadı, ona görə də daşa yazdıq, bəlkə çarə tapıldı, deyə”.
Kitabxana müdiri, gözəl rəssam Məlik Bəxtiyaroğlu kəndin əsas problemi barədə danışarkən deyir ki, sakinlər Lerikin Gendov kəndindən keçməklə Yardımlıya yolun çəkilməsini istəyirlər, bu barədə dəfələrlə məsələ qaldırıblar. Bölgədəki tarixi abidələr barədə danışarkən Məlik bəy maraqlı fikirlər söylədi: “Vaxtilə bu ərazilər Şimali Azərbaycan Rusiyaya birləşdiriləndə xəritələr o tayda, Ərdəbil tərəfdə qalıb. Bu mənada o taydakılar bilirlər ki, bizim zonanın hansı yerində nə var, nə yoxdur. Hətta bizim kənddən bir nəfər Ərdəbildə olarkən ordakı ağsaqqallardan biri ona deyib ki, Alar ərazisində Qız qalası deyilən yer var. Ondan o tərəfdə Oğlan qalası yerləşir. Ağsaqqal deyib bu qalalar bir qızın və bir oğlanın adına verilib. Qızın adı Səburtəkin, oğlanın adı isə Azərbərz olub. Deyilənə görə, şahzadələrin övladları olan qızla oğlan bir-birini sevirmişlər. Qalalardan aşağı meşədə onların sarayları var olub və vaxtaşırı orada görüşüblər. Sarayın bütün sütunları qızıldan imiş. Bir gün yuxarıdan qaya parçaları qoparaq həmin yeraltı sarayın qapısını bağlayıb, qızla oğlan ordan çıxa bilməyiblər və dünyadan nakam köçüblər”. M.Bəxtiyaroğlu başqa bir rəvayətin də olduğunu söylədi: “Başqa bir rəvayətə görə, oğlan qızı istəsə də, qız onunla evlənməkdən imtina edib. Oğlanın israrını görən qız gecə ilə atları tərs nallatdırıb və qalanı tərk edib. Özü də gedərkən kağız yazıb qoyub: “Oğlan, məni ərdə bil, ər olmasa, gorda bil!” Guya Ərdəbilin də adı o vaxtdan qalıb. Həmsöhbətim deyir ki, qalanın yaranma tarixi eradan əvvəl 15-20 min illiyə gedib çıxır: “Əslinə qalanda qala yonulma olub, Günəş elmində rəsədxana kimi istifadə olunub, bu elmsə 3 min il bundan əvvəl qara magiyanın güdazına gedib. Bizdə qala yerləri çoxdur, onları bir-birindən yüz illər ayırır. Bunlar ilkin oğuz qalalarıdır. Arxeoloji qrup gəlməlidir ki, burdakı abidələri aşkara çıxartsın. Elə mənim tapdığım abidələr, eksponatlar var ki, nə inventarlaşdırılmayıb, nə də Mədəniyyət və Turizm Nazirliyinin xəbəri yoxdur. Hansı ki, burada açıq səma altında muzey yaratmaq olar. Arxeoloq Anar Ağalarzadə bir müddət əvvəl bura gəlmişdi, dedi mən ilk dəfədir açıq səma altında belə muzey görürəm. Biz çox istərdik ki, Xınalıq kimi, Lahıc kimi bu ərazi də qoruq elan olunsun!”
Bugünkü Azərbaycanımızın ucqarlarında, əslində isə tarixi Azərbaycan torpaqlarının mərkəzində yaşayan bu, fədakar insanların dövlətdən təmənnası çox deyil. Onlar Azərbaycan tarixinin qorunması, gələcək nəsillərə təqdim edilməsini, bunun üçün də gərəkən addımların atılmasını arzu edirlər. Xınalığa, Alara yol çəkən dövlətimiz üçün bu işləri reallaşdırmaq elə də çətin deyil...
(musavat.com)