Özbəkistanın Namanqan şəhərindəki Çorsu bazarının satıcı və alıcıları hüquq-mühafizə orqanları əməkdaşlarının saqqal saxlayan müsəlmanlara qarşı məntiqsiz və qanunsuz reydi zamanı tacirlərdən birinin tutulmasına imkan verməyiblər.
Bu haqda “Azadlıq” radiosunun özbək redaksiyası məlumat yayıb.
İş adamının sözlərinə görə, ötən həftə sonu mülki geyimli insanlar zahiri görkəmi ilə bağlı bir neçə dəfə ona yaxınlaşıblar. Özünü polis, daha sonra vergi işçiləri kimi təqdim edənlər kişidən saqqalını qırxmağı tələb ediblər. Özbək kişi hökumət adamlarına saqqalı müsəlman üçün sünnə olduğuna görə saxladığını izah etməyə çalışıb. Lakin asayiş keşikçisi hesab edilənlər tacirin izahatını dinləməyib və onu həbs etməyə cəhd göstəriblər. İş adamını haqsız həbsdən xilas etmək üçün satıcı həmkarları və adi alıcı vətəndaşlar polisləri mühasirəyə alıb və onun tutulmasına imkan verməyiblər.
Bazardakı digər bir iş adamı jurnalistlərə deyib ki, ondan da saqqal saxlamaqdan imtina etməsi tələb olunur. Belə yersiz tələb həm bazar rəhbərliyindən, həm də sanitar-epidemioloji xidmətdən gəlib.
(moderator.az)