Televiziya kanalları yeni mövsümdən təkrar bayağı, ucuz, bəsit, aşağı səviyyəli, zövqsüz şoulara üstünlük verir.
Bunu açıqlamasında teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli son günlər televiziya kanallarında nümayiş olunan şou proqramları şərh edərkən deyib.
Onun sözlərinə görə, dəfələrlə kanallara xəbərdaqlıq edilsə də, onlar yenə də öz əməllərindən əl çəkmir:
“Xüsusilə, özəl kanallarda bu proses hələ də davam edir. Kanallar aşağı səviyyəli şoulardan, proqramlardan yapışıb buraxmaq istəmirlər. Düşünürəm ki, onların bacardığı budur. Əlbəttə ki, səviyyəli və müəyyən informasiya verən şou proqramları olmalıdır. Amma yayımı bunun üzərində qurmaq yanlışdır. Kanallar maraqlı mövzular tapmalı, veriliş formatları düşünməlidir. Maliyyə problemlərinin olduğunu anlayırıq. Ancaq tamamilə xüsusi çəkisi artan şou proqramlarına əsaslanmaq doğru deyil.
Əvvəl Milli Televiziya və Radio Şurası da onlara proqram zənginliyi baxımından irad bildirirdi ki, bu verilişlərin xüsusi çəkisi azalmalıdır. Bir müddət bu iradı kanallar nəzərə alsa da, bu mövsümdən yeni dalğa ilə eyni proqmaların yayımına başlayıblar. Görünür ki, ictimai qınaq olanda kanallar bunu nəzərə alır.
Son vaxtlar dövlət kanallarında olan dəyişiklikləri cəmiyyət rəğbətlə qarşılayır. Çünki insanlar görmək istədikləri verilişlərə baxmayanda dağınıq dünya və virtual aləm olan sosial şəbəkələrə üz tuturlar. Sosial şəbəkələrin əksər hallarda zərərli nüansları çoxdur”.
Qulu Məhərrəmli qeyd edib ki, kanallarda ucuz, bəsit şouların verilməsinin əsas səbəbkarları onların idarəediciləridir:
“Kanallar öz auditoriyasını bərpa etmək, canlandırmaq, maraq oyatmaq üçün yeni layihələr etməlidir. Tamaşaçıları televiziyaya cəlb etmək üçün qanuni yollar tapılmalıdır. Deyilənlər olmayanda bəsit, aşağı səviyyəli, zövqsüz şoular ortaya çıxır. Proqramlarda bayağı söhbətlər və gərəksiz mövzular müzakirə olunur. Ona görə də tamaşaçılar həmin verilişlərdən üz döndərir.
Peşakarların bu məsələyə cəlb olunması da mümkündür. Amma önəmli olan televiziyanın dəsti-xətti, oranı idarə edənlərin niyyət və məqsədidir. Məqsəd yaxşı proqramlar hazırlamaq, tamaşaçı cəlb eləmək, cəmiyyətdə sosial harmoniya yaratmaq, tamaşaçıları maarifləndirmək, auditoriyaya o estetik informasiyanı vermək olduğu zaman iradları və deyilənləri həyata keçirmək lazımdır. Amma həmin kanal idarəedicilərin belə niyyəti yoxdur. Sadəcə belə verilişlərlə tamaşaçıları və aşağı səviyyəli müğənniləri oraya cəlb eləmək, şouların çəkisini artırmaq, proqramları bəlli bir auditoriya yönəltmək istəyirlər”.
(oxu.az)