Rəfael Cəbrayılovun banka 3 milyon manatdan çox borcu olduğu üzə çıxıb.
Milli Məclisin deputatı, adı tez-tez qalmaqallarda hallanan Rəfael Cəbrayılovun növbəti borc olayı onun mandatını təhlükə altında qoyub. Belə ki, deputat mandatını pul əvəzində girov qoyan Rəfael Cəbrayılovun sonradan onu ifşa edən video və səs yazısı yayılıb.
Bu barədə "Yeni Müsavat” xəbər verir.
Bəzi iddialara görə, Milli Məclisin İntizam Komitəsi Rəfael Cəbrayılovla bağlı toplanacaq.
Komitənin verdiyi rəydən sonra onun mandatından məhrum edilməsi plenar iclasa çıxarılacaq.
Bu haqda gununsesi.org məlumat yayıb. Sayt yazır ki, bəzi həmkarları onun dərhal cəzalandırılmasını tələb edib. Ancaq Milli Məclisdə Rəfael Cəbrayılovun tərəfdarlarının da üzə çıxması məsələni sual altında qoyub. Belə ki, bir sıra həmkarları şəxsi borc məsələsinə görə onun cəzalandırılmasının əleyhinə çıxıb. Milli Məclisdə mövqelərin ikiyə bölünməsi deputatın gələcək taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaradıb.
İddia olunur ki, Rəfael Cəbrayılov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin iş otağında spiker Oqtay Əsədovun adına izahat yazıb.
Bu arada deputat Rafael Cəbrayılov kredit mübahisəsinə görə yenidən məhkəməyə verilib. Deputata və onun yeznəsinə qarşı iddia "AG Bank” ASC tərəfindən qaldırılıb. Belə ki, Rəfael Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Aqil Mirqasım oğlu Talıbov bankdan külli-miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb.
Unikal.org yazır ki, belə olduqda "AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.
Hakim Ş.Nəcəfovanın sədrliyi ilə keçirilən məhkəmədə "AG Bank” ASC ilə Cəbrayılov Rafael Kamil oğlu arasında bağlanmış 30.05.2013-cü il tarixli, 100.LN.2105.300513.00001 saylı Kredit Müqaviləsi üzrə əsas kredit borcuna görə 1909350 ABŞ dolları, faiz borcuna görə 285332.68 ABŞ dolları məbləğində və cərimə borcuna görə 2755 ABŞ dolları, ümumilikdə 2222.232 (iki milyon iki yüz iyirmi iki min iki yüz otuz iki dollar) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti; 07.08.2013-cü il tarixli, 100.LN.1604.070813.00002 saylı kredit Müqaviləsi üzrə əsas kredit borcuna görə 300000 manat, faiz borcuna görə 26848.80 manat, ümumilikdə 326848.80 (üç yüz iyirmi altı min səkkiz yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində pul vəsaiti və 30 manat ödənilən dövlət rüsumunun cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan lAG Bank» ASC-nin xeyrinə tutulması, ödəmənin ipotekaya qoyulmuş Talıbov Aqil Mirqasım oğlunun mülkiyyətindəki əmlaklara, yəni
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m. olan 3 saylı qeyri-yaşayış sahəsinə, (qiyməti 70 min manat dəyərləndirilib)
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m. olan 4 saylı qeyri-yaşayış sahəsinə, (qiyməti 70 min manat dəyərləndirilib)
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 578.9 kv.m. olan baxçaya; (qiyməti 580 min manat dəyərləndirilib)
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 371.6 kv.m. olan 7 saylı qeyri-yaşayış sahəsinə (qiyməti 450 min manat dəyərləndirilib) yönəldilməsi, həmin qeyri-yaşayış sahələri və baxçanın açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cəbrayılov Rafael Kamil oğlunun ümumilikdə 2222.232 (iki milyon iki yüz iyirmi iki min iki yüz otuz iki dollar) ABŞ dolları (Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 326848.80 (üç yüz iyirmi altı min səkkiz yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində borcunun lAGBank» ASC-nın hesabına ödənilməsi, ipoteka predmetlərinin ümumilikdə ilkin satış qiymətinin 1491205.69 (bir milyon dörd yüz doxsan bir min iki yüz beş dollar 69 sent) ABŞ dolları (satış günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilməsi, lAG Bank» ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Aqil Mirqasım oğlu Talıbova qaytarılması və ya hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cəbrayılov Rafael Kamil oğlundan tutulması, cavabdehlər Rafael Kamil oğlu Cəbrayılovun və Aqil Mirqasım oğlu Talıbovun həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması barədə qərar çıxarıb.
Qərardan narazı qalan millət vəkili apelyasiya şikayəti verib.
Rafael Cəbrayılov apelyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə cavabdehlərin iştirakını təmin etmədən birtərəfli qaydada işə baxıb və nəticədə onların məhkəmə müdafiəsi hüququnu pozub. Bundan əlavə, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən olunan məbləğdən qat-qat yüksək təyin olunub. Belə olan halda məhkəmə iş üzrə ekspertiza təyin edib həmin əmlakların real qiymətini müəyyən etməli olsa da bunu etməyib.
Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim Şəmsəddin Abbasov sədrliyi ilə keçirilən məhkəmədə Abşeron Rayon Məhkəməsinin 2(012)-561/18 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişiklik etməklə qüvvədə saxlanılıb.
Cavabdehlər Abşeron Rayon Məhkəməsinin qərarında yuxarıda qeyd olunan əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması ilə bağlı qərarındakı hissə dəyişdirilməyib.
(arqument.az)