Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İlham İsmayıl: Belə getsə, biz ofsaytda qalacağıq, Qarabağ da işğalda...


Azərbaycanın Qarabağ torpaqları işğal olunmayıb. Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Bir yad adam bircə həftə Azərbaycan cəmiyyətini müşahidə etsin, görəcək və əmin olacaq ki, ən sonuncu yerdə adı çəkilən elə Qarabağdır. Yetər ki, sosial şəbəkələri, televiziyaları, mətbuatı izləsinlər. Bu ölkənin rəsmilərinin, siyasilərinin, boş-bekarlarının, ictimai fəal dediklərinin də gündəliyində ölkənin bir nömrəli probleminin adı çəkilməz. Elə bilməyin ki, konkret Qarabağ probleminə məsul olan səlahiyyətlilər nəsə iş görür, yox, onlar da "qoşulublar Aşıq Muradın dəstəsinə” - yəni hər şeydən danışarlar, Qarabağ məsələsinə "quş qoyarlar”.

Bir gərgin ailə münasibətinin müzakirəsi bütün hədləri keçib: çağırışlar, tələblər, müzakirələr, istefaya çağıranlar, həbsə göndərməyi tələb edənlər.. və bunu işıqlandıran media. Birincisi, müzakirə etdiyiniz ailə konfliktinin "qəhrəmanlarını” ailə münasibətlərinə görə tanıyırsınız, yoxsa siyasi fəaliyyətinə görə? Onlara siyasi fəaliyyətinə, yəni onlara ictimai şəxs statusunu qazandıran ictimai-siyasi fəaliyyətinə görə qiymət vermək lazımdır, ailə münaqişəsinə görə yox. Bu günlərdə bir jurnalistin dediyi kimi " haqqı dərk etməyən böyük bir kütlənin içərisində on illərlə haqq mübarizəsini aparmağın faciəsini” dərk edirsinizmi? Mübarizəni aparanın psixoloji durumunu fikirləşdinizmi? Səhv edib. Amma, bu qınağa, bu tələbə, bu çağırışlara, nəhayət bu qədər müzakirəyə ehtiyac yoxdur. Bilirsiniz nə müzakirə olunmalıdır? Ailə başçısının həbsini tələbi edən dünənki müxalifətçinin, az qala Avropada dissident kimi tanınan birinin bu günkü satqın mövqeyi. Ailə münaqişəsinə səbəb olan hərəkət qınanmalıdır, yoxsa mükafat qarşısında əqidəsini satıb cəbhə dəyişən birisinin hərəkətləri? Bu millətin dərdi başından aşıb, amma beşinci dərəcəli işlərlə məşğul olur.

Qarabağ problemi ilə birbaşa məşğul olanları qeyd etdik. Əsgərimiz həlak olub, nazirlik rəsmən bildirir ki, əsgər azıb. Əsgər bu qədər başlı-başına buraxılıb ki, cəbhə xəttində azır? Deməli, onun komandiri yerində deyil, vəzifəsini sonadək bilmir, tabeçiliyindəkilərlə düzgün iş aparmayıb, ya da ortada başqa məsələ var. Dəhşətlisi də odur ki, əsgər meyitini Qırmızı Xaçdan istəyirik. Ordunun belə situasiyalarda fəaliyyət göstərəcək qrupları, qüvvələri yoxdurmu? 2017-ci il fevralın 25-də beş kəşfiyyatçının cəbhə xəttində müəmmalı ölümü və onları da geri ala bilmək üçün humanitar təşkilatlara müraciət etməyimiz yada düşür. Belə çıxır ki, bu uğursuz diversiya aktından sonra bu işə orduda son verilib.

Bu gün də Nyu-Yorkda Məmmədyarovla Mnatsakanyanın görüşü gözlənilir. Bir-birinin ardınca baş verən uğursuzluqlardan sonra hansı baqajla söz yiyəsi olacağımız sual altındadır. Rusiya-Azərbaycan-İran rəhbərlərinin Soçidə baş tutmayan görüşündən sonra sanki heç nə olmayıbmış kimi bu məsələnin üstündən sükutla keçilməsi və ardınca biz tərəfdən heç bir diplomatik gedişlərin baş verməməsi göstərir ki, Qarabağ problemi ilə yalnız hərbi sahədə deyil, diplomatik sahədə də məşğul olan yoxdur.

Ermənilər isə Nyu-York görüşündən sonra İrəvanda Putin və Ruhanini qarşılamağa hazırlaşır. Nə vaxtadək ofsaytda qalacağıq? Neçə ki, dövlətin və millətin bir nömrəli problemini kənara qoyub, cəmiyyət və siyasilər boş-boş ailə - məişət işləri ilə, kimin ərə gedib, kimin boşanması ilə, mənasız idman yarışları ilə daha çox məşğul olacaq, biz ofsaytda qalacağıq, Qarabağ da işğalda.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10