2020-ci ildə işğalçı ölkədə uşağın doğulmasına görə verilən birdəfəlik müavinət məbləği 6 dəfə artırılacaq.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.
Hökumət rəsmisinin sözlərinə görə, 2020-ci ilin yanvar ayından etibarən ilk uşağın doğulmasına görə verilən birdəfəlik müavinət 6 dəfə artırılaraq 50 min dramdan (təxm.103 dollar və ya 176 AZN) 300 min drama (təxm. 618 dollar və ya 1056 AZN) çatdırılacaq.
İkinci uşağın doğulmasına görə verilən birdəfəlik müavinət də 150 min dramdan (306 dollar) 300 min drama (618 dollar) qədər artacaq.
İşləyən analar üçün uşağa baxmaq üçün verilən aylıq müavinət isə 41 faiz artırılaraq 18 min dramdan (37 dollar) 25,5 min drama (53 dollar) çatdırılacaq.
Kənd yerlərində isə bu, fərqli olacaq. Uşaq iki yaşına çatanadək ona hər ay 25,5 min dram (53 dollar) ödəniləcək.
Həmçinin, 2020-ci ildən etibarən erməni dövləti uşağın doğulduğu ailələrə birdəfəlik yardım göstərəcək, onları ipoteka ilə təmin edəcək.
İşğalçı ölkə baş nazirinin müavini bildirib ki, bütün belə tədbirlər həm də ölkədə artımın stumullaşdırılması məqsədi ilə edilir.
Xatırladaq ki, hazırda Azərbaycanda uşağın anadan olmasına görə 200 manat birdəfəlik müavinət verilir. 18 yaşa qədər uşaqlara hər ay uşaq pulunun verilməsi isə 2006-cı ildən, ünvanlı sosial yardım tətbiq ediləndən dayandırılıb.