Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyana etiraz üçün ABŞ səmasına təyyarələr qaldırıldı - Fotolar+ Video


Ermənistanın Baş Naziri Nikol Paşinyanın 22 sentyabrda ABŞ-ın Los- Anceles şəhərinə səfər edərək erməni icmasının keçirdiyi mitinqdə çıxış etməsi orada yaşayan azərbaycanlıların etirazına səbəb olub.

Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev sosial şəbəkədə bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los- Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (“Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!”) şüarını daşıyan təyyarələr qaldırılıb. 

Onun sözlərinə görə, bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

N. Ağayev bildirib ki, bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, Nəsimi Ağayev səfər ərəfəsində Los Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los Ancelesdə nəşr olunan Jewish Journal qəzetində, həmçinin NewzBlaze qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

(qafqazinfo.az)














Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10