Yaraqlıların hücumları nəticəsində 1034 ailə yurd-yuvasından didərgin salınıb, 3163 nəfər isə itkin düşüb
Beynəlxalq İnsan Haqları Təşkilatı (BİHT) Yəməndəki husi yaraqlıları ilə bağlı yeni məlumat yayıb. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, məlumatda husilərin bu il 300 Yəmən vətəndaşını qaçıraraq işgəncə verdikləri bildirilir.
BİHT husilər tərəfindən şəkildə ələ keçirilən və itkin düşən yəmənlilərə görə narahatçılığını ifadə edərək, bu proseslərin Yəməndə uzun illərdir davam edən qanunsuzluğun ən pik nöqtəsi olduğunu bəyan edib.
Təşkilatın məlumatına görə, husilərin hücumları nəticəsində Yəmənin müxtəlif şəhər və rayonlarında 1034 ailə yurd-yuvasından didərgin salınıb, əmlakları əllərindən çıxıb, 3163 nəfər isə itkin düşüb.
Yəmən İnsan Haqları Təşkilatı isə Cenevrə şəhərində insan hüquqlarına həsr olunmuş seminarda, son 1 ildə 9 uşaq, 2 qadın və 6 qoca da daxil olmaqla, husilərə aid cəzaçəkmə müəssisələrində 170 yəmənlinin işgəncə altında can verdiyini açıqlayıb.
Seminarda iştirak edən bütün təşkilatların nümayəndələri husiləri terroru dayandırmağa çağırıb və məhbusların azad olunmasını tələb ediblər.
(ayna.az)