Frans-Press agentliyi xəbər verir ki, Misirin paytaxtı Qahirədə, məşhur Təhrir meydanında sentyabrın 21-dən başlayaraq kütləvi etiraz mitinqləri başlayıb.
Mitinqlərin əsas tələbi ölkənin indiki prezidenti Abdel-Fəttah əs-Sisinin istefasıdır. İlkin cəhddə kütlənin qarşısını ala bilməyən polis qüvvələrinə əlavə polis gücləri cəlb edilib, çünki yeni nümayiş dalğası başlayır.
Bu mitinqlərin təşəbbüsçüsü – İspaniyaya qaçmış Misirli iş adamı Məhəmməd Əlidir. O, misirliləri yenidən 27 sentyabrda nümayişlərə çıxmağa və şəhərin bütün meydanlarını tutmağa çağırış edib.
Məhəmməd Əli Misir prezidentinin ünvanına korrupsiya ilə bağlı ittihamlar səsləndirib və iş adamı kimi onun da cəlb edildiyi işlərdə dövlət büdcəsindən necə sui-istifadə edildiyi və dövlət əmlakının talan edildiyi barədə faktları söyləyərək video-müraciət edib. O, dəbdəbəli otellərin, prezident sarayının və prezidentin 2014-də ölmüş anasının məzarının tikintisi zamanı yol verilmiş talançılıqdan danışıb.
Polis 70 adam saxlasa da, nümayişlər bir neçə saat davam edib və bu saatlarda Misirin paytaxtında vəziyyət gərgin olaraq qalır.
Bəzi siyasi şərhçilər payız olsa da, sentyabrın sonlarında mümkün yeni “ərəb baharı”nın başlaması və bir sıra müsəlman ölkələrini bürüyəcəyi barədə proqnozlar verirlər.