"Sağımızda da qaz yanır, solumuzda da, biz isə qazsız qalmışıq"
Cəlilabad rayonunun Mirmmədli inzibati ərazi dairəsinə aid Məmmədcanlı kəndinin bir qrup sakini AYNA-ya müraciət edərək problemlərinin işıqlandırılmasını və həllinə yardımçı olmağımızı xahiş edib.
Şikayətçilərin idda etdiklərinə görə, kəndə qaz çəkilsə də, 40 ev hələ də qazsızdır. Kənd sakinləri bildiriblər ki, onlar qarşılaşdıqları bu problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinə, Lənkəran Regional Qaz İstismarı İdarəsinə məktubla müraciət ediblər: “Məktubumuza cavab gəldi ki, qaz çəkiləcək, ancaq nə zaman çəkiləcəyi məlum deyil”.
“Sağımızda da qaz yanır, solumuzda da. Ancaq bizdə qaz yoxdur. Meşəni də bağlayıblar, odun da vermirlər. Qabaqdan da qış gəlir, necə yaşayacağıq, bilmirik. Artıq dərəcədə xahiş edirik ki, aidiyyəti qurumlar düşdüyümüz vəziyyəti nəzərə alaraq, 40 evi qazla təmin etsin”, - şikayətçilər deyiblər.
Kənd sakinlərinin üzləşdikləri problemə AYNA tutmaq məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərova müraciət etdik.
Ceyhun Səfərov bildirdi ki, Cəlilabad rayonunun Məmmədcanlı kəndi builki dövlət planında qazlaşdırmaya daxil edilməyib: “Cəlilabad rayonunda builki qazlaşdırma planına ancaq Səttarxan küçəsindəki yeni massiv daxil olunub. Məmmədcanlı kəndinin adı siyahıda yoxdur. Bu da bizdən asılı məsələ deyil, çünki proqramı biz tərtib etmirik. Dövlət proqramı da yerli icra təşkilatlarının təklifləri əsasında hazırlanır. Proqram qəbul olunandan sonra bizə göndərilir”.
“Yeni massvilərlə bağlı öz təkliflərimiz də var, hökumət qarşısında təkliflərimizi irəli sürmüşük, xüsusən gələn il yeni massivlərin qazlaşdırılmasına xüsusi diqqət ayırmaq istəyirik. Ancaq yenə də proqramın hazırlanması bizdən asılı deyil, biz ancaq iştirakçı kimi təkliflər verə bilərik. Gələn il üçün hansı təkliflərimizin dövlət proqramında öz əksini tapacağını indidən demək çətindir”, - deyə C.Səfərov əlavə etdi.
Qurumun sözçüsü onu da qeyd etdi ki, ətrafında qaz olan yaşayış massivlərinin qazlaşdırılması “Azəriqaz” üçün də əlverişlidir: “Çünki artıq orada şəbəkə var. Vəsait ayrıldığı halda qazlaşdırmanı həyata keçirməyimiz üçün heç bir problem yoxdur. Lazımi texniki imkanlarımız, mühəndis heyətimiz yetərincədir. Biz özümüz də bu işdə maraqlıyıq, çünki abonentlərimizin sayı artır, bu da gəlirlərimizə birbaşa təsir edən amildir”.
Aldığımız cavabdan anlaşıldı ki, Məmmədcanlı kəndinin sakinləri kəndin qazlaşdırılmasının dövlət planına salınmasına qədər gözləməli olacaqlar. Bunun nə zaman baş tutacağı isə Allaha qalıb...
(ayna.az)