Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabir Rüstəmxanlı: “BP-dən soruşan yoxdur ki, siz buraya hansı məqsədlə gəlmisiniz?"



““Əsrin müqaviləsi” imzalanandan sonra müharibənin qarşısı alınmalı və Azərbaycan itirdiyi torpaqlarına sahib olmalı idi, amma bu, baş vermədi”

 

Cari il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam oldu. “Əsrin müqaviləsi”ndən əvvəl isə daha bir mühüm saziş əldə olunmuşdu - “Bişkek protokolu”. Protokola görə, Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəs əldə olunmalı, işğal olunmuş torpaqlar isə geri qaytarılmalı idi.


Mövzunu 
şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı “Əsrin müqaviləsi”nin Azərbaycan üçün mühüm hadisə olduğunu deyib: ““Əsrin müqaviləsi” Azərbaycanın neft və qaz resurslarının dünya bazarına çıxarılması baxımından vacib addım idi. O vaxta qədər Azərbaycan büdcəsinin, iqtisadiyyatının hansı vəziyyətdə olması məlum məsələ idi. Bu müqavilə dünyanın diqqətinin Azərbaycana yönəldilməsi baxımından çox əhəmiyyətli oldu”.

“Müqavilə həm də siyasi məqsədlər daşıyırdı. Bu da ondan ibarət idi ki, dünya siyasətinə güclü təsir imkanları olan böyük şirkətlər Azərbaycana gələndən sonra, düşmənlərin Azərbaycana qarşı olan əsassız ərazi iddialarına son qoyulmalı idi. Bununla da müharibənin qarşısı alınmalı və Azərbaycan itirdiyi torpaqlarına sahib olmalı idi. Amma təəssüflər olsun ki, bu, baş vermədi. Ya biz əldə olan fürsətləri kifayət qədər dəyərləndirə bilmədik, ya da şərtlərimizi açıq-aydın səsləndirmək imakınımız olmadı. Bəlkə də o müqavilədə diqqətdən kənarda məsələlər var idi ki, o məsələlər bizim istəyimizə nail olmağımıza imkan vermədi”, - deyə S.Rüstəmxanlı bildirib.

 

Sabiq millət vəkili xarici neft şirkətlərinin Azərbayacana olan münasibətindən də gileylənib: “Bəzi neft şirkətləri Azərbaycanın maraqlarını nəzərə almır. Məsələn, Abşeron rayonunun Şonqar kəndində BP zəhərli maddələrdən istifadə edir və o əraziyə üfunət iyindən yaxın durmaq olmur. Hətta o kəndlərdə hava o dərəcədə korlanıb ki, sakinlər şəxsi təsərrüfatlarından da istifadə edə bilmirlər. Ümumiyyətlə, bu hadisə Bakının ekologiyasına son dərəcə ciddi ziyan vurub. Lakin heç kim o şirkətdən soruşmur ki, Azərbaycana hansı müqavilə ilə gəlib, niyə gəlib, məqsədləri nədir, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”

 

“O ki, qaldı “Bişkek protokolu”na, məncə, bu anlaşma atəşkəsi o qədər də təmin etmədi. İstənilən halda atəşkəs əbədi olmur. Ən yaxşı halda müddətli ola bilər. Çünki atəşkəs o vaxt elan olunur ki, müharibə ərəfəsində sülh əldə olunsun və çox qan axıdılmasın. Amma biz görürük ki, atəşkəsdən sonra heç bir irəliləyiş yoxdur. Əksinə, ermənilər daha da irəli gediblər. O zaman belə çıxır ki, biz atəşkəsi ancaq qorxumuzdan, ya da buna bənzər bir nüansa görə bağlamışıq. Biz torpaqlarımızın itkisi ilə nə vaxta qədər barışmalıyıq?”, - deyə partiya sədri etirazını dilə gətirib.

 

“Ermənistanın bəzi politoloqları həyasızcasına deyirlər ki, “biz Azərbaycana kömək edərik, amma onlar Azərbaycandan başqa ölkəyə köçməlidirlər”. Halbuki Azərbaycan bu torpaqlarda olanda Ermənistan adlı dövlət yox idi. Azərbaycanlar türk olaraq ta Şumer dövründən bu ərazilərdə məskunlaşıblar. Bu barədə dünyada onlarla kitablar yazılıb. Amma dünya erməniləri o qədər qudurdub ki, Azərbaycana meydan oxuyurlar. Azərbaycan torpaqlarında azərbaycanlılara yol göstərməyə çalışırlar. Məhz bütün bunların da səbəbi elan olunmuş uğursuz atəşkəsdir”, - Rüstəmxanlı əlavə edib. 

(ayna.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10