Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

100 manata dönər alan sabiq məmurun möhtəşəm restoranı - Foto


“Rabitə işi” üzrə tutulan və həbsdən yeni çıxmış sabiq aparat rəhbəri Vidadi Zeynalovun Şamaxı rayonunun Məlhəm kəndində olan restoranını özünün işlətməsi, xanımının isə “baş aşpaz” kimi aşpazlara nəzarət etməsi, o ərazidəki hektarlarla torpaq sahəsində əkin-biçinlə məşğul olması və mətbuata açıqlamasında bunu “acından öləsi deyiləm ki” şəklində təqdim etməsi böyük rezonans doğurdu. Bunun ardınca mətbuat ittiham olunduğu maddələr üzrə 13 il həbs olunan, daha sonra həbs müddəti 4 ilə endirilən və ümumilikdə 43,5 milyon manat qiymətləndirilən 70-yə yaxın ev, villa və obyektlərinin bir çoxu üzərindən həbs-müsadirə qərarının götürüldüyü V.Zeynalovun hazırkı imkanlarını təqdim etməyə başladı. 

“Yeni Müsavat” qəzetinin reportyor qrupu isə sözügedən restoranla bağlı yerində araşdırma aparmaq üçün Məlhəm kəndinə yollanıb.

Həmin reportajı ixtisarla təqdim edirik:


“...Şamaxının Məlhəm kəndində onu tanımayan yoxdur. Kimdən soruşursan ki, Rabitə Nazirliyinin (qısa adı belədir - müəlliflər) sabiq aparat rəhbəri Vidadi Zeynalovun yeri haradadır, dərhal əlini uzadaraq, ünvanı göstərir.

Məlhəm Azərbaycanın ən qədim kəndlərindən, elm, təbabət mərkəzlərindən biridir. Burada saysız alimlər, şairlər və elm adamları dünyaya gəlib. Hətta bəzi alimlərin iddiasına görə, Azərbaycanın görkəmli şairi İmadəddin Nəsimi də bu kənddə doğulub.

Məşhur “Bəyin oğurlanması” filmində toy səhnələri Məlhəmdə çəkilib. Amma bizi bura gətirən səbəb nə kinodur, nə də toy...

Səbəb neçə gündür ki, saytlarda dolaşan xəbər başlıqlarıdır. KİV yazır ki, Vidadi Zeynalov Məlhəmdə eyniadlı restoran açıb. Özü bu barədə açıqlamasında “həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm, restoranın həyətində toyuq-cücə də saxlayıram”, demiş, lakin daha sonra bu açıqlamasını təkzib etmişdi.

Elə bu dolaşıq məlumatları, açıqlamaları yerindəcə araşdırmaq niyyəti ilə Məlhəm kəndinə yol aldıq. Və bütün qarmaqarışıqlığa işıq saldıq...

Məlhəm kəndinin girişində bir sakindən restoranın yeri soruşduq. Dedi, yolun solunda ”Məlhəm” restoranı görəcəksiniz, ora girməyin, başqasınındır:

“Həmin restorandan 300-400 metr sonra yenə sol tərəfdə qabağınıza bir lövhə çıxacaq. Çoxu restoranları səhv salır, həmin ikinciyə də “Məlhəm” istirahət mərkəzi deyirlər. Amma lövhədə görəcəksiniz “Rose Park” yazılıb, ox işarəsinə baxarsınız, yol düz sizi Vidadi müəllimin yerinə aparıb çıxaracaq”.

Onun sözlərinə görə, həmin istirahət mərkəzi Vidadi Zeynalova məxsusdur, evi də elə yaxınlıqdadır. Amma istirahət məkanı Məlhəm ərazisinə deyil, qonşu Çuxuryurd qəsəbəsinin ərazisinə düşür.

Öyrənirik ki, bir neçə ay əvvəl azadlığa buraxılan Vidadi Zeynalov çox vaxt kənddə olur, gününü orada keçirir.

Kənd camaatının dediyi kimi, “Rose Park” lövhəsi yazılan yerdən üzüaşağı gedirik, dar bir cığırla irəliləyirik və yolun sağı da, solu da hektarlarla əkin sahələridir.

Nəhayət, qarşımıza yaraşıqlı, təmiz havası olan istirahət mərkəzi çıxır, həyətinə daxil oluruq: burada simvolik olaraq saxlanan fayton, retro maşınlar görürük, kottejlər, dağlara panoraması açılan restoran zalının şahidi oluruq.

Amma istirahət mərkəzində işçilərdən başqa ins-cins yoxuydu. Hiss olunurdu ki, obyekt müştəri qıtlığından əziyyət çəkir. Burada çay sifariş verib qiymətlərlə maraqlanırıq.

“Rose Park”da kottejlərdə qalmağın bir gecəlik qiyməti 80 manatdır. Bu pula səhər yeməyi, tennis, uşaqlar üçün əyləncə yeri daxildir. Hovuzdan istifadəyə isə endirim olacağı deyildi.

İstirahət mərkəzindən Şamaxı Rəsədxanası, Pirqulu, yanbayan göllər ovuc içindəki kimi görünürdü. Belə səfalı guşədə yerləşən istirahət mərkəzinin restoranında qiymətlər təəccüblü olsa da, münasib idi. İstər kabablar, içkilər, istər başqa yeməklər və s.

İstirahət mərkəzində olarkən Vidadi Zeynalovun burada olub-olmadığını soruşuruq, Şamaxıda olmadığı, axşam qayıdacağı deyilir. Buna görə də özü ilə telefon əlaqəsi saxlayırıq:

Biləndə ki, mənim yerimdir, qorxurlar...

Vidadi Zeynalov “Yeni Müsavat”a bildirdi ki, hazırda Neftçalada tələbə yoldaşının yas mərasimindədir. Onun sözlərinə görə, həmin istirahət mərkəzini icarəyə götürüb: “Amma orada elə bil ki, milçək qovurlar, bir adam gəlmir. Yeri yaxşıdır, amma gələn yoxdur. Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər”.

Vidadi Zeynalov həbsi, sabiq rabitə naziri Əli Abbasov və başqalarının məsuliyyətdən kənarda qalması ilə bağlı sualımıza belə cavab verdi: “Qardaş, mən “qara dəftəri” bağlamışam”.

O, hamıya cansağlığı arzulayaraq, yas yerində olduğunu xatırladıb əlavə nəsə danışmaq imkanı olmadığını qeyd etdi.

Keçmiş məmurun yazılanlara münasibəti belə olmuşdu: “Allah heç kimə həbsxanaya düşməyi qismət eləməsin. Ora elə bir yerdir ki, heç kəs heç kəsin dəmir barmaqlar arasında nə etdiyini nə görə, nə də bilə bilər”.

Deyilənə görə, sabiq məmur həbsxanada olduqca bahalı “istirahət” edib. Məsələn, V.Zeynalova iki dönəri 100 manata “təşkil” ediblər. Təcridxananın həyətini yaşıllaşdırmaq üçün Vidadi Zeynalov nə az, nə çox, 12 min manatından keçib.

Xatırladaq ki, 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Həmin vaxt onun 67 əmlakının üzərinə həbs qoyulmuşdu. Bu əmlakların ümumi dəyəri 43 milyon 489 min 537 manat təşkil edirdi.

Vidadi Zeynalov bu ilin mart ayında azadlığa buraxılıb.


(Mənbə: axar.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10