Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mətbuatın “ASANxidməti” yaradılır. Bəziləri bunu virtual “Mətbuat nazirliyi”də adlandırır (Video. Videonun 45-ci dəqiqəsindən Zahir Əmənovun çıxışını dinləyə bilərsiniz)


Sentyabrın 17-də Bakıda “Central Park Hotel”də fəaliyyətini yenidən bərpa edən Bakı Mətbuat Klubunun (BMK) veb səhifəsi – pressklub.az saytının təqdimatı mərasimi baş tutub. Təqdimatı giriş sözü ilə açan BMK-nın həmtəsisçisi Arif Əliyev son dövrdə Azərbaycanın media məkanında gedən prosesləri müsbət dəyərləndirərək yeni yaradılan pressklub.az saytının bölmələri və funksiyaları haqqında məlumat verdi. Saytın təqdimatı canlı yayımda bir sıra Avropa ölkələrinə də yayımlanırdı. Tədbirə ölkənin hələ müstəqilliyinə qoruyan 30-dan artıq mətbuat orqanın təmsilçisi toplaşmışdı. 



Belə ki, Turan İA, Bizim yol, kanal 13,  internyus-Azərbaycan, cenub.az, eləcə də tanınmış ekspertlər Qulu Məhərrəmli, Zeynal Məmmədli, Yadigar Məmmədli, Elçin Şıxlı, Rəşad Məcid, Xalid Ağəliyev, Elxan Şirinov, həmçinin ABŞ səfirliyinin mətbuat katibi dəvətlilər sırasında idi.

Xatırladaq ki, hakimiyyətə bağlı mətbuat təmsilçiləri tədbirə qatılmamışdı.

 

Tədbirdə bəlli oldu ki, Bakı Mətbuat Klubunun saytı Azərbaycanın media professionalları ilə yanaşı, başqa ölkələrdə yaşayan və eyni sahədə çalışan həmvətənlərimizi, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistləri bir araya gətirəcək platformadır. Klubun mühüm funksiyalarından biri də media işçilərinə professional baxımdan dəstək olmaqdır.

 

Sayta olan marağı tam təmin etmək, eləcə də, xaricdə yaşayan həmvətənlərimizin ünsiyyət qurması üçün yaradılan Forum bölməsi şəbəkə üzvlərinin birbaşa ünsiyyətinə şərait yaradacaq. Sayt Forum bölməsindən əlavə müxtəlif rubrikalar təklif edir:

 

Tədbirlər – Bakıdan nə qədər uzaqda olsanız da, Klubun keçirdiyi tədbirlərdə (mətbuat konfransları, müzakirələr və s.) iştirak edə biləcəksiniz;

 

Xəbərlər – Azərbaycanda baş verən, sizə də bu və ya digər dərəcədə aidiyyatı olan hadisələr barədə mütəmadi məlumatlandırılacaqsınız;

 

Eksklüziv – ən maraqlı, mühüm, bəzən diqqətdən kənarda qalan mövzularda əməkdaşlarımızın araşdırmaları ilə tanış olacaq, özünüz üçün də yeni mövzular əldə edəcəksiniz.

 

Xəritə – sizinlə eyni peşə sahibi olan həmvətənlərinizin hansı ölkələrdə yaşadıqlarını, harada işlədiklərini biləcək, onlarla necə əlaqə qurmaq barədə məlumat alacaqsınız;

 

Mediateka – professional maraq dairənizə aid olan mövzularda arayışlar alacaq, yeniliklərlə tanış ola biləcəksiniz: buraya KİV haqqında qanunvericilik, normativ aktlar, statistik məlumatlar, araşdırmalar, filmlər, kitablar daxildir. Ölkənin siyasi, iqtisadi, mədəni, idman həyatında, digər sahələrdə il ərzində planlaşdırılmış mühüm hadisələrin təqvimi, onlar barədə məlumatlar daim əlinizin altında olacaq. Xarici mediada Azərbaycan haqqında ən yeni materiallarla da tanış olacaq, öz məqalələrinizi, süjetlərinizi burada yerləşdirə biləcəksiniz;

 

Sorğu – Sayt sizə birbaşa xidmətlər göstərəcək. Dövlət orqanları tərəfindən sorğunuza operativ cavab lazımdırsa, o, sizin təmsilçiniz, görüş və ya müsahibə üçün razılıq almaq gərəkdirsə, vasitəçiniz olacaq. Hansısa ünvanla əlaqə yaratmaq, material hazırlamaq, akkreditasiyadan keçmək və s. kimi məsələlərdə çətinliyiniz yarandıqda isə sayt sizin məsləhətçiniz, köməkçiniz rolunu oynayacaq.

Sizi geniş əməkdaşlığa dəvət edir, [email protected] e-mail ünvanında arzu və təkliflərinizi gözləyirik.

 

Tədbirdə çıxış edən Qulu Məhərrəmli, Elçin Şıxlı, Tadıq Fərhad oğlu və Zahir Əmənov maraqlı fikirlər səsləndirdilər. Zahir Əmənov qısa çıxışında bu saytda region mətbuatına da diqqət ayrılmasını xüsusi vurğuladı.

MƏHSƏTİ  






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10