Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeznəsində xoşbəxtlik axtaran qadın


Bir nəfər redaksiyamıza məktub yazıb bizimlə əməkdaşlıq etmək istədiyini bildirmişdi. Biz ona reportaj, müsahibə hazırlamağı tövsiyə etdik. Sınaq müddətindən sonra qəti sözümüzü deyəcəkdik.

Bir müddət sonra o adamın emaildən məktub gəldi. Müsahibə idi. İnanmayacaqsız kimlə-ALLAHLA. Əvvəl heyrətləndim, sonra əsəbiləşdim, sonra gülməyə başladım. Və dərhal Facebook səhifəmdə zarafatla belə bir status yazdım: Allahla müsahibə göndəriblər, amma bilmirəm nə şəkil qoyum.

İnanmayacaqsız, bir qədər sonra statusun altından şərh yazıldı: Mən sizə göndərdiyim müsahibəyə şəkil də əlavə eləmişdim.

Əlim üzümdə qaldı...

Əlbəttə yazmaq hər bir kəsin haqqıdır. Heç kəsə “Yazma!” demək olmaz. Bu ədalətsizlik olardı. Yəqin məktəbdə bizə öyrədilən ən elementar özünüifadə forması yazmaq olduğundan hamı fikirlərini bu cür ifadə edir. Tutalım məktəbdə bizə hərfləri yox, notları öyrətsəydilər, yəqin ki, çoxumuz quş dili ilə danışardıq və əlbəttə indi “Heç mənə lazım da deyil”, “ İki dənə ceyran götürək”, “Mənim balam bal dadır”ların sayı-hesabı olmazdı.

Bəli, heç kəsə “yazma” demək olmaz! Bu, yolverilməzdir. Amma hər halda necə yaz demək vacibdir.

Bayaq yuxarıda misal gətirdiyim adam niyə qonşusundakı bir adamı, məhəllə satıcısını, mindiyi avtobusun şoferini, dostunu, qısacası çox yaxşı tanıdığı bir adamı qoyub Allahla müsahibə almaq qərarına gəlmişdi? Bəlkə elə zənn edir ki, Allah haqqında çox şey bilir? Bilmirəm. Bircə onu bilirəm ki, Allah haqqında çox şey bildiyini sanan adam ancaq nadan ola bilər.

Yazmaq istəyən adam nədən başlamalıdır? Nədən yazmalıdır? Bu sualın cavabı olduqca sadədir: Yalnız bildiyi şeydən yazmalıdır. Biz isə adətən ətrafımızı daha yaxşı bilirik. Vəssalam. Yalnız bu zaman uğur qazanmaq olar. Nümunələr göstərib deyə bilərsiz ki, bəs filan yazarlar heç bildiyi şeylərdən, onları əhatə edən şeylərdən yazmayıblar, bəs necə olub uğur qazanıblar? Əmin edirəm ki, onlar da əvvəllər ancaq bildikləri şeylərdən yazıblar. Yalnız uzun illərin yazı təcrübəsindən sonra başqa şey yazmaqla uğur qazana biliblər. Yəni onları ancaq təcrübə xilas edib.

Yazmağa yeni başlayan üçün yalnız yaxşı tanıdığı, bildiyi şeyi qələmə almaq vacibdir. Orxan Pamuk 22 yaşında yazıçı olmağa qərar verəndə işləyəcəyi romanın mövzusunu çox dəqiq seçmişdi. Roman onun ailəsi haqqında olacaqdı. Çünki burjua ailəsində böyüyən bu cavan oğlanın ən yaxşı tanıdığı ailəsi idi. “Ana uşağı” kimi böyüyən Pamuk ailəsindən, burjua cəmiyyətindən başqa şey görməmişdi. İstanbul küçələrində böyüməmişdi, simit satmamışdı, çarşıda yük daşımamışdı. Ona görə də ailəsindən yazmağa qərar vermişdi. Pamukun uzun müddətə yazdığı bu ilk romanı “Cevdət bəy və oğulları” adlanırdı. Kitab “Orxan Kamal roman mükafatı”nı qazanmışdı.

Bəli, yazıçı ancaq bildiyi şeydən yazanda uğur qazana bilər.

Tomas Mann ilk romanı-“Buddenbroklar və ya bir ailənin məhvi”ni 26 yaşında yazmağa başlamışdı. 30 il sonra bu əsəri ona Nobel mükafatın qazandırdı.

“Buddenbroklar” 4 ilə yazılıb. Bir ailənin üç nəslinin tarixçəsindən bəhs edir. İlk başda bu olduqca sadə görünür. Götür bir ailə haqqında sənədli şeyləri yaz, vəssalam.

“Buddenbroklar”ı hardasa avtobioqrafik əsər də adlandırmaq olar. Çünki yazıçı əsas prototip kimi öz ailəsini, nəslini götürmüşdü və onların üzərindən bir nəslin tarixçəsini qələmə alırdı. Biz bu zaman da Mannın zəngin müşahidə qabiliyyəti ilə qarşılaşırıq. Əsərdəki yüzlərlə detal təkcə yazıçı təxəyyülünün məhsulu ola bilməzdi, burda saysız-hesabsız müşahidələrin izi görünür.

Müəllif obrazları olduqca dəqiqliklə təsvir edib. Qəhrəmanların hər birinin burnunu, gözünü, qulağını, dodağını, geyindiyi paltarı elə dəqiqliklə təsvir edib ki, ona hətta rəssam belə qibtə edə bilər. Qəhrəmanın görünüşünü təsvir etmək çox çətindir. Bunun üçün təkcə söz ehtiyatı bəs eləmir. Buna rəssam kimi xüsusi bacarıq, müşahidə qabiliyyəti, qartal dəqiqliyi lazımdır.

Mann romanda dəfələrlə musiqi haqqında fikirlər söyləyir, qəhrəmanın həyatını musiqi əsərinin hissələri ilə analiz edir və ya qəhrəmanın musiqi biliklərini yazır. Bu məlumatlar yazıçının musiqi elminə nə qədər dərindən vaqif olduğunu göstərir. Əlbəttə burda ənənənin gücünü danmaq olmaz. Unutmaq olmaz ki, Mann Baxı, Bethoveni, Motsartı, Vaqneri və daha kimləri olan bir coğrafiyanın nümayəndəsi idi.

Əsərdə yeddi dəfə ölüm səhnəsi (əsas qəhrəmanlar nəzərdə tutulur) təsvir olunub. Ailənin ən yaşlı üzvləri olan Böyük İohann Buddenborkla arvadı Antuanetta Düşanın ölümü, Konsul Jan Buddenbrokla arvadı Elizabet Buddenbrokun ölümü, Senator Tomas Buddenbrokla bacısı Klara Tiburtiusun ölümü, nəhayət Hanno Buddenbrokun ölümü.

26 yaşda insan ölüm haqqında nə qədər bilməli, gördüyü dəfn mərasimlərini nə qədər diqqətlə müşahidə etməlidir ki, belə dəqiq təsvirlər verə bilsin. Elizabet Buddenbrokun ölüm səhnəsi dünya ədəbiyyatında ən təsirli ölüm səhnələrindəndir.

Sanki növbəti ölüm səhnəsinin təsvirinin oxucunu yoracağını anlayan müəllif Hannonun- nəslin sonuncu kişi nümayəndəsinin- ölümünü tamam başqa üsulla təqdim edir. Biz əvvəlcə Hannonun halsız olduğunu, dərsə hazırlaşmaq istəmədiyini, eləcə yatmaq istədiyini, melanxolik ovqata yükləndiyini, Edqar Alan Ponun bədbin hekayələrinə valeh olduğunu görürük. Növbəti fəsildə müəllif qarın yatalağı xəstəliyi haqqında məlumat verir: xəstəliyin başlanğıcı, inkubasiya dövrü və sonu. Oxucu bu zaman öyrəndiyi əlamətlərin bundan əvvəlki fəsildə Hannoda aşkarlandığını görür.

Nəhayət, növbəti (həm də sonuncu) fəsildə qadınların yığıncağında öyrənirik ki, artıq Hanno da vəfat edib.

Əsərin ən təsirli qəhrəmanlarından biri Toni Buddenbrokdur. O, yeri-gəldi gəlmədi öz nəslinin ehtişamı ilə fəxr edir, öz nəslini şəhərdəki başqa nəsillərdən üstün sayır. Hətta nəslin əvvəlki əzəmətindən əsər-əlamət qalmayanda belə öz qətiyyətindən dönmür, təslim olmaq istəmir.

Toni bədbəxt qadındır. Onun bəxti kişilərlə heç gətirməyib. Birinci əri Qryunlih fırıldaqçı çıxır və Toni ondan boşanır. Növbəti əri Aloiz Permander isə arvadbaz və əyyaş çıxır. İkinci ərindən də ayrılmağa məcbur olan Toni xoşbəxtliyi sanki yeznəsinin simasında tapmaq istəyir. Qızı Erikanı ərə verən Toni onların ailəsinin hər qayğısını çəkməyə çalışır. Bununla özünün ər natamamlığını təlafi etmək istəyir sanki. Lakin bu dəfə də Toninin bəxti gətirmir. Sığorta şirkətinin müdiri işləyən yeznəsini fırıldaqçılıq üstündə həbs edirlər. O, həbsdən çıxandan sonra ailəsini birdəfəlik atır.

Çexov necə deyirdi? Əgər birinci pərdədə xalçanın üstündə tüfəng asılıbsa o sonuncu pərdədə mütləq açılmalıdır. Bu prinsip demək olar ki, ənənəvi romanlar üçün də keçərlidir. Yoxsa müəllif niyə özünə əziyyət verib əsərə dəxli olmayan bir obrazı geniş təsvir etsin ki. “Buddendroklar”da hər bir obrazın funksiyası var. Yalnız bir obraz var ki, müəllif onu oxucuya olduqca ətraflı təsvir etsə də növbəti fəsillərdə o-Morten Şvarskofp – kor bağırsaq kimi öz funksiyasını itirərək artıq obraz çevrilir. Oysa tibb tələbəsi olan Morten Tonidə aşağı siniflərə qarşı rəğbət oyadır, ona inqilabdan, islahatlardan danışır, qadında siyasi təfəkkürün yaranmasına çalışır. Mortenlə Toni bir-birlərinə aşiq olsalar da qadın tətildən evə qayıdandan sonra onu Qryunlihə ərə getməyə məcbur edən ailəsinin tələbi ilə razılaşır. Bunu da yalnız bircə şeyə görə, ailə kitabında adı xoş hadisələrlə anılsın deyə edir. (Buddendrokların ailə salnaməsində nəsildə baş verən bütün önəmli hadisələr qeyd olunur.) Deməli Toni öz xudpəsəndliyinin, aristokratizm sevgisinin, Buddenbrok sevgisinin qurbanına çevrilir. Müəllif açıq şəkildə deməsə də işarə edir: Toni ailə ehtişamının ardınca qaçmasaydı, yoxsul təbəqədən olan Mortenə ərə getsəydi xoşbəxt olardı. Gözünü şan-şöhrət tutmuş Toni öz ehtiraslarının qurbanına çevrilir.

Nəslin şan-şöhrəti, ehtişamı ailənin digər üzvü Kristianın vecinə də deyil. O sərgərdan həyat sürür, tez-tez səyahət edir, İngiltərəyə, Cənubi Amerikaya səfər edir. Teatra, musiqiyə maraq göstərir, aktrisalarla əylənir, kişi klublarında pullarını içkiyə, qumara, qadına xərcləyir. Kristian cavanlığını sərgərdən həyata xərcləyib yaşlı vaxtında əxlaqsız bir qadınla ailə həyatı qurduqda isə Buddenbroklar onu qəbul etmir.

Ömrü boyu incəsənət və ticarət arasında var-gəl edən Kristian əsl istəyinə nail ola bilmir. Buna görə də bədbəxt olur. Çünki bir Buddenbrok heç bir zaman incəsənətlə məşğul ola bilməzdi. O yalnız ticarətlə məşğul olmalı, ailə şirkətini genişləndirməli idi. Kristian özündə təpər tapıb Buddenbrokların bu neçə illik qadağasını poza bilmədiyinə görə ortada qalaraq məhv olur. Hətta qardaşı oğlu Hannonun, Buddenbroklar şirkətinin varisinin incəsənətlə maraqlandığını gördükdə onun halına acıyır, onu tənbeh edərək atasının peşəsi ilə məşğul olmağa sövq edir. Elə bil Hannonun da bu qadağanı poza bilməyəcəyini və məhv olacağını hiss edir.

Atası vəfat edəndən sonra ailənin və şirkətin başına keçən Tomas Buddenbrokda nəslin bütün təşəxxüsü toplanıb. Birinci Buddenbrok şirkəti qurub, ikinci Buddenbrok şirkəti genişləndirib, üçüncü Buddenbrok Tomas isə onu daha da inkişaf etdirməlidir. O, özünü ancaq karyeraya həsr edib. Şirkəti inkişaf etdirmək üçün var qüvvəsi ilə çalışır. Siyasətlə məşğul olur, senator seçilir. Amma təəssüf ki, artıq babasının və atasının dövründə olduğu kimi deyil. Dövran dəyişib. Ölkədəki siyasi dəyişikliklər şirkətin taleyinə də təsir edir.

Əgər bir nəsli ayaqda saxlayan, onu nəsil edən adətləri, qaydalarıdırsa, dağıdan, ətalətdə saxlayan da elə bu adətlərə bağlılıq, mühafizəkarlıqdır. Tomas heç bir halda islahatlara getmək istəmir. O, ailə bağlarına, ailənin iqtisadi siyasətinə sadiq qalmağa çalışır. Buna görə şirkətin gəlirləri ildən-ilə azalır.

Ömrünü şirkətə və ailəsinə həsr edərək keçirən, olduqca yeknəsəq bir həyat sürən Tomas Buddenbrok təsadüf nəticəsində dünyasını dəyişir. Diş həkimindən qayıdarkən yolda yıxılır və ölür. Ah, fani dünya. Ölüm qaşla-gözün arasında imiş. Budur, şirkətin və ailənin ən çox qayğısına qalan insan bir göz qırpımında həyatına son verir. Bu zaman oxucuda bir sual baş qaldırır: İki qardaşdan hansı daha mənalı ömür sürmüşdü, Tomasmı, Kristanmı?

Hardasa on-on beş il əvvəl əmilərim tez-tez kənddəki evimizə yığışardılar. Xaricdə yaşayan əmilərim iri çamadanlarla gələrdi, Bakıdakılar zənbillərlə. Çamadanları açardılar, hamı onların başına yığışardı. Uşaqlara saqqız-şokolad, böyüklərə pal-paltar paylanardı. Sonra süfrə açılardı. Nərə balığı təndirdə buğlanardı. Masalardakı qara kürü ağzıgünə qalardı. Hamı deyib-gülər, şənlənər, mahnı oxuyardı.

İndi bizim nəslin nümayəndələri bir yerə yığılanda, ya videokassetlərə baxanda tez-tez o günləri xatırlayırıq. O günlərin xiffətini çəkirik. Təbii ki, hər bir nəslin tarixində belə “qızıl dövr” olur. Bizimki hələ kiçik bir nəsil idi, fəhlə nəsli idi, gör indi nəhəng şirkəti, 50-100 illik ənənəsi olan Buddenbrok kimi bir nəsil üçün bu təntənəni, bu əzəməti itirmək necə böyük faciədir.

Kristian psixi xəstəxanadadır, nəslin sonuncu kişi nümayəndəsi Hanno isə vəfat edib. Buddenbrokların nəhəng imarəti satılıb, şəhər kənarında kiçik bir evə köçüblər. Artıq Hannonun anası Gerdanın da Buddenbroklarla heç bir bağı qalmayıb. Gerda doğma şəhərinə qayıtmaq fikrindədir.

Ailənin qara geyinmiş qadın üzvləri sonuncu dəfə bir yerə yığılıblar. Əvvəllər isə ailə xüsusi təşkil olunmuş gecələrdə, bal mərasimlərində, şənliklərdə yığışardı. Bu zaman Toni əvvəlki günlərin xiffətini çəkir. Nəslinin ölüb getmiş adamlarını arzulayır. O, baş verənlərlə, Buddenbrokların dağılan tifağı ilə, yeni düzənlə barışmaq istəmir. Əlacsızlıqdan o dünyada yenidən babası, atası, qardaşı, qardaşı oğlu ilə görüşməyi arzulasa da taleyin amansız rəftarı dindar ailənin ərköyün qızını o qədər sarsıdıb ki, o dünyanın varlığına belə şübhə edir.

Bu zaman Buddenbrokların bir neçə nəslinə dərs demiş yaşlı müəllimə Sesemi Veyxbrotd ayağa qalxaraq ona etiraz edir və peyğəmbəranə şəkildə deyir: “Bax, həyat elə budur!”

Əsər bu cür də bitir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10