Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Başı kəsilən qadınlar


Cəmiyyətimizdə tez-tez baş verən qanlı cinayət hadisələrinə türklər demiş, birisi daha eklendi.

Deməli, oğlan sevgilsini qısqanclıq zəminində öldürüb. Özü də başını kəsib. Bakı dəyişib olub Meksikanın, Texasın tayı.

Bu zehniyyətlə hara qədər gedəcəyik?!

Nə vaxta qədər cəmiyyətimizin belə çirkin, dəhşətli hadisələrindən yazacağıq?

Hadisədən sonra bilinib ki, başı kəsilən qadın evli imiş, əri də həbsdə yatırmış. Qətiyyən qadını qınamıram. Qadınların bu günə düşməyi kişilərin ucbatından olur. Ailələr, atalar, analar qızları sevmədikləri adama ərə verirlər. Yazıq qız da görür, ər adam deyil, içir, çəkir, dalaşır, iş tapmır, ehtiyacını ödəmir, o da gedir, ərini aldadır.

Əslində, aldatmır, ehtiyacını təmin edir. El-oba da biləndə olur fahişə, ya da əri “xod”a salırlar, doldururlar ki, namusun yerdə sürünür, arvadını öldür. Ağılsız ər də əlinə baltanı alıb arvadının başını kəsir.

Bu da olur qəhrəmanlıq?

Namus anlayışı?

Bu hadisə də təxmini buna bənzəyir. Yenə bədbəxtlik qadından ötüşmür. Onu məhv edir. Heç olmasa, deyir, bir gün üzü görüm. Tanış olduğu oğlanla sevgili olur. O da onun başını kəsir. Bu cür kişiləri neylərdin, ilahi? Nəyə lazım idi bu tiplər? Çoxmu lazım idi bizə?

Bir dəfə də cavan bir qız metroda özünü qatarın altına atmışdı. İntihar edən qızın cibindən çıxan kağız onun taleyini əks etdirirdi. Gəlin, bu taleyi bir yerdə oxuyaq:

“Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə atamın dostu Fərruxa ərə gedə bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdı.”

Bu soyuq cümlələrdə həqiqət düz üzümüzə çırpılır. İntiharın yerini göstərir qadın – atası! O ata tək deyil, çoxdur. Onlarla, yüzlərlə. Öz qızına, qadınına kölə kimi baxan bir ata.

Qayıdaq hazırkı hadisəyə. Anasının dediklərinə ürəkyanğısı ilə baxırsan. Deyir, bizim heç kimlə düşmənçiliyimiz olmayıb. Sanki gözyaşları quruyub ananın. Deməyə çox sözü var, amma ağrısını ifadə edə bilmir. Üstəlik, ölən qadının bir uşağı da varmış.

Bəlkə cəmiyyətmiz bu qadını linç edər, deyər, yaxşı edib öldürüblər. Yaxşı qadın olsaydı evdə ərini gözləyərdi və s.

Amma cəmiyyətin fikri çox vaxt dırnaq arası və subyektiv olur. Ona görə də bu cür hadisələrdə əksərən kimisə günahkar çıxardırıq. Ya ölən şəxsi, ya da öldürəni. Mənim fikrimcə isə sevginin olmadığı ailələrdə, sevginin olmadığı toplumlarda cinayət, ölüm yaşayacaq. Dosteyvskinin sözü ilə yazıma son verirəm: “Cəhənnəm insanın ürəyində sevginin bitdiyi yerdir”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10