İngiltərə yığması və “Mançester Yunayted” futbol klubunun 44 yaşlı əfsanəsi Devid Bekhem peşəkar futbol karyerasını başa vurmasına baxmayaraq, hələ də Qərb mətbuatının diqqət mərkəzindədir.
“Qafqazinfo” bu dəfə sizə Devid Bekhem haqda az məlum olan faktları təqdim edir:
Uşaqlıq illəri
Bekhem Böyük Britaniyanın paytaxtı Londonda anadan olub. Onun valideynlərinin gəliri o qədər də böyük olmayıb. Bekhemin atası mebel, anası isə saç ustası idi. Ailə hər həftə kilsəyə getməyə çalışırdı. Devidin formalaşmasında babası da yaxından iştirak edib. O, nəvəsi ilə tez-tez sinaqoqa və ya “Totenhem”in matçlarına gedirdi. Bekhem uşaq yaşlarından futbolla məşğul olmağa başlayıb. Hələ yeniyetmə ikən, o, “Norviç”, “Leyton Orient” və “Totenhem”in tərkibində oyunlarda öz bacarığını göstərib. Devid 14 yaşında “Mançester Yunayted”lə birinci müqaviləsini bağlayıb.
Bayk həvəskarı
Bir çox futbolçular kimi Devid Bekhemin də parkinqində saysız-hesabsız bahalı avtomobillər var. Buna baxmayaraq, o, bayklara üstünlük verir. Futbolçunu tez-tez Los-Anceles şəhərində ikitəkərli nəqliyyat vasitəsində hərəkət edərkən görmək olar.
Mərhəmətli insan
Devid Bekhem məşhur xeyriyyəçidir. Məsələn, 2013-cü ildə “PSJ” ilə beş aylıq müqavilə imzalayan futbolçu şərt olaraq, bütün maaşının uşaq xeyriyyə təşkilatının hesabına köçürəcəyini demişdi. 2003-cü ildə o, digər məşhur futbolçularla bərabər xeyriyyə matçında iştirak etmişdi. Həmin aksiyadan toplanan 800 min dollar pul inkişaf etməkdə olan ölkələrdə yoxsulluqla mübarizə məqsədi ilə xərclənmişdi. Bekhem karyerasını başa vurmamışdan əvvəl UNICEF səfiri seçilib. O, “7” adlı xeyriyyə fondunun əsasını qoyub.
Ulduz dostlar
Həm öz məşhurluğu, həm də həyat yoldaşı Viktoriyanın məşhurluğu sayəsində Bekhemin çox sayda tanınmış dostu var. Onun hər iki oğlunun xaç atası müğənni Elton Condur. Bekhem boş vaxtlarında amerikalı reper Snup Doqun övladlarına “sokker” oynamağı öyrədir.
Döymələr
İdmançının bədənində on yeddiyə yaxın döymə görmək olar. Onların arasında ən məşhurları bunlardır: boynunun arxasında olan xaç, İsanın çarmıxa çəkilməsi, həyat yoldaşının portreti, qız və oğullarının adları.
Orden zabiti
Bekhem 2003-cü ildə Britaniya imperiyası ordeninin zabiti olub. Belə ki, Böyük Britaniya Kraliçası II Yelizaveta onu Britaniya imperiyasının ordeni ilə təltif edib. İngiltərə yığmasının keçmiş kapitanı bu ordenə beynəlxalq idman arenasında ölkə maraqlarını müdafiə etdiyinə görə layiq görülüb.
Qeyri-adi fobiya
Ulduz futbolçu ornitofobiyadan əziyyət çəkir – o, quşlardan qorxur.
Yenilikci
Devid Bekhem "Elle" qadın jurnalının üz qabığında yer alan ilk kişi olub.
Hər zaman seçilən
Bekhem təkcə qolları ilə deyil, həm də tez-tez dəyişdiyi saç düzümləri ilə məşhurdur. Devid heç vaxt dəyişimdən qorxmayıb. Onu hər zaman fərqli görüblər.
Dəb ikonası
Devid Bekhem dəb ikonası sayılır. O, obrazının formalaşdırılmasında həyat yoldaşı ilə məsləhətləşdiyini gizlətmir. "GQ" jurnalı onu ən dəbli kişilər haqda hazırladığı reytinq cədvəlinə daxil edib.
Bu da son deyil...
İdmançı tez-tez reklamlara çəkilir. "Emporio Armani" alt geyimlərinin reklamından sonra təcrübə toplayan Bekhem özünü dizayner kimi sınayıb. Devid "H&M" brendi ilə bərabər alt geyimləri kolleksiyası buraxıb.