Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün öncə formalaşdırdığı gənc hökumətə görə gündəmdədir.
“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin tərkibində 6 qadın nazir də yer alıb. Bunlardan biri ölkənin maliyyə sisteminə rəhbərlik edəcək Oksana Markarovadır.
Ali Radanın 9-cu çağırışında keçirilən səsvermədə 281 deputat onun lehinə, 26-sı isə əleyhinə səs verib. 46 nəfər isə bitərəf qalıb.
42 yaşlı yeni nazir heç bir partiyanın üzvü deyil. O, 2018-ci il 22 noyabrdan 2019-cu il 31 maya qədər Maliyyə naziri olub.
Markarova bankir Daniil Volnets ilə ailəlidir. Ailədə 4 uşaq – 3 qız və 1 oğlan tərbiyə olunur. Qızlardan ikisi Volnetsin ilk evliliyindəndir, digər uşaqlar isə Markarova ilə Volnetsin ortaq övladlarıdır.
İcma və Ərazi İnkişaf naziri Alona BabakUkrayna parlamentinin 8-ci çağırışında deputat seçilib.
49 yaşlı nazir “Özünə kömək dərnəkləri” fraksiyasının üzvüdür.
Onun adı 25 dekabr 2018-ci ildə Rusiyanın tətbiq etdiyi sanksiyada yer alıb.
29 yaşlı Təhsil və elm naziri Anna Novosad2014-cü ilin martından Ukraynanın Təhsil və Elm Nazirliyində çalışır.
Təhsil və Elm nazirinin müavini Sergey Kvitin müşaviri vəzifəsini icra edib, Təhsil və Elm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avropa İnteqrasiyası Departamentinə rəhbərlik edib. 2017-ci ildə Strateji Planlaşdırma və Avropaya İnteqrasiya Direktorluğunun baş direktoru təyin edilib.
Səhiyyə naziri Zoryana Skaletskaya vəkil, ictimai xadim və siyasətçidir.
1980-cı il təvəllüdlü nazir hüquqi və işgüzar mətbuatda 50-dən çox məqalənin, 25 elmi əsərin müəllifidir.
Sosial inkişaf naziri Yuliya Sokolovskayanın 34 yaşı var. 2014- 2015-ci illərdə Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyinin sənəd idarəetmə şöbəsinə rəhbərlik edib.
2015- 2016-cı illərdə Ukrayna Maliyyə Nazirliyində Sosial xərcləmə Büdcə xərclənməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Ailəlidir.
Feysbukda hesabı olan nazir orada tez-tez şəxsi həyatından fotolarını paylaşır.
Veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə nazir Oksana Kolyada 1980-ci il təvəllüdlüdür. O, 2003-cü ildə hüquq-mühafizə orqanlarında işə düzəlib və 2015-ci ilə qədər bu sahədə çalışıb.
Kolyada 2015- 2017-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edib, ehtiyatda olan polkovnikdir.