İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Zeynalov) Almaniyaya aparılıb.
Bu barədə BakuPost-a xəstənin yaxınları məlumat verib. Onların sözlərinə görə, Bakıda iki dəfə əməliyyat olunduqdan sonra müalicəsinin Almaniyada davam etdirilməsi qərarına gəlinib: “Hazırda səhhəti nisbətən normallaşıb, amma uzunmüddətli bir müalicə alacaq. Buna görə də bir müddət orada qalması nəzərdə tutulub”.
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı xidməti "Range Rover”ində qəzaya uğrayıb.
Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Zeynalov yenidən əməliyyat edilib.