Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İsmayılovdan sensasion açıqlamalar: “70 milyon dollar kredit faizi vermişəm”


Rusiyanın "Kommersant” qəzeti xəbər verib ki, azərbaycanlı biznesmen Telman İsmayılovun çoxmilyardlıq borclarına görə onun İsveçrədəki bank hesablarına həbs qoyulub.

Qaynarinfo xəbər verir ki, virtualaz.org saytı bu məsələ ilə bağlı Telman İsmayılovun özü ilə əlaqə yaradıb. Biznesmen ona qarşı irəli sürülən iddiaları rədd edib və deyib ki, həmin şirkətlərə heç bir aidiyyatı olmayıb.

"VTB Bank tərəfindən mənə qarşı təqiblər 2015-ci ilin əvvəllərində başladı, VTB Bank "Bank Moskva”nı (BM Bank-ın əvvəlki adı) alandan dərhal sonra. Hansı ki, mənim şirkətlərimin həmin bankda kredit borcları var idi. VTB Bank "Bank Moskva”nı alana qədər mənim biznesimlə, kreditlərimin qaytarılması ilə və xüsusən də cinayət təqibi ilə bağlı heç bir problemim yox idi”,-biznesmen deyib.

İsmayılov qeyd edib ki, 2015-ci ilə qədər onun şirkəti "Bank Moskva”-ya təkcə kredit faizləri üzrə 70 milyon dollar verib, habelə 50 milyon dollar əsas kredit borcunu qaytarıb.

"Bundan əlavə biz "Bank Moskva” ilə birlikdə demək olar ki, bütün kredit borcunu bağlamağa hazırlaşırdıq. Bu məqsədlə mən iki iri aktivimi satmağa hazırlaşırdım-"İzmaylovo” ticarət mərkəzini və Krasnıy Presnedəki ticarət-ofis mərkəzini. Birgə səylərlə bu obyektlərə alıcı tapıldı, onunla iki obyektin 150 milyon dollara alqı-satqısı barədə ilkin sənədlər də imzalandı. Mənim şirkətlərim "Bank Moskva”ya cəmi 185 milyon dollar borclu idi. Alıcı hətta 15 milyon dollar beh də vermişdi. Beləliklə, situasiya hamı üçün məqbul şəkildə həll ediləcəkdi-"Bank Moskva” öz pullarının demək olar hamısını geri alacaqdı, mənim şirkətlərimin qalan borcunu isə tədricən ödəyəcəkdik”,-o bildirib.

T.İsmayılovun sözlərinə görə, elə bu məqamda VTB Bank ortaya çıxdı, hansı ki, bu bank əvvəllər də müştərilərinin aktivlərini dəyər-dəyməzə əllərindən almaqla ad çıxarmışdı.

"Mən VTB Bank-la aktivlərin satışı və kreditlərin bağlanması barədə anlaşma əldə etməyə çalışdım. Bütün girov əmlakı satıb borcu bağlamağa hazır idim. Bundan əlavə əmlakımı daha yuxarı qiymətə sata bilsəydim banka borcumdan da çox məbləği qaytarmağa hazır olduğumu bildirdim. Bəs sonra nə baş verdi? Sonra VB Bank alıcı ilə sövdələşməni pozdu, 2015-ci ilin iyun ayında mənim "Bank Moskva”da girov olan bütün əmlakımı qanunsuz şəkildə ələ keçirdi, mənim müflis elan edilməyim haqda iddia qaldırdı və haradan ortaya çıxdığı məlum olmayan məbləği-240 milyon dolları geri qaytarmağı tələb etdi. Bundan başqa bank reyder yolu ilə ələ keçirdiyi əmlakımı dəyərindən xeyli aşağı satdı. Sual olunur-görəsən bank həmin aktivləri öz strukturlarına satmayıb ki?”,-Telman İsmayılov deyib.

T.İsmayılov təkrar edir ki, VTB Bank onun əmlakını ələ keçirib. Hansı ki, "Bank Moskva” bu əmlakı ona verilmiş kreditdən xeyli yuxarı məbləğə qiymətləndirmişdi. Üstəlik ələ keçirilən əmlak kommersiya təyinatlı idi, hər ay 1 milyon dollara yaxın gəlir verirdi.

"Mənim şirkətlərimin "Bank Moskva” qarşısında 185 milyon dollar borcu vardı. Bank girov əmlakımı 250 milyon dollardan yuxarı qiymətləndirmişdi. Hansı ki, bunun özü də aşağı rəqəm idi. VTB Bank mənim əmlakımı ələ keçirəndən-2015-ci ilin iyun ayından bəri onlardan ayda 1 milyon dollar olmaqla təxminən 48 milyon dollar gəlir əldə edib. Deməli bu hesabla VTB Bank bu günə qədər 300 milyon dollar götürüb. Bu hələ ən təvazökar hesablamadır!”-İsmayılov bildirir.

Biznesmen xatırladır ki, bütün bunlardan sonra ona qarşı "uydurma ittihamlarla” cinayət işi qaldırılıb, təqiblər başlayıb. İsveçrə prokurorluğu da VTB Bank-dan onun hesablarını dondurmaq üçün ərizə alıb.

"Üstəlik VTB Bank "Tropicano Finance B.V.” şirkətini də mənim adıma yazır, hansı ki, şirkət həmin bankın özünə aiddir. İşlə tanış olan hüquqşünaslar deyirlər ki, heç vaxt bu cür "ağ sapla tikilmiş” iş görməmişdilər! VTB Bank-ın bütün ittihamları saxtadır. İsveçrə prokurorluğu bankın tələbi ilə mənə cinayət işi qaldırmaqdan ittiham etdi, çünki qanuna zidd heç nə tapmadı. Əgər mənim adıma yazılan pulları tapsalar hamısını Rusiyaya bağışlamağa hazıram”,-Telman İsmayılov belə deyib.

O deyir ki, danışdıqlarının hamısı sənədlərə söykənir və bu sənədləri tezliklə haqqin.az-a təqdim etməyə hazırdır. İsmayılov ona qarşı təqiblərin arxasında nəyin dayandığını təxmin edir, deyir ki, bu məsələ tezliklə üzə çıxacaq, hamıya məlum olacaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10