Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Azərbaycan” qəzetini əsasən 4-cü səhifəsinə görə alırlarsa…”


Hesab edirəm ki, Siyavuş Novruzov tamamilə haqlı deyir. Çünki bir çox hallarda vəzifəli şəxslər, tanınmış insanlar və ya onların yaxınları rəhmətə gedəndə  çox sui-istifadə halları olur və hesab edirəm ki, həmin verilən başsağlığıların çoxu da heç səmimi deyil.

Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi odir ki, dövlətin qəzeti dövlətin, parlamentin qəzeti parlamentin qəzetidir. Bu qəzet dövlətin, parlamentin rəsmi xəbərləri, məlumatları üçündür, başsağlığıları üçün deyil.

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, hakim partiyanın rəhbər şəxslərindən olan Siyavuş Novruzovla adıçəkilən partiyadan millət vəkili olan, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasında dini etiqad azadlığı ilə bağlı qanuna ediləcək dəyişiklik (başsağlığı məsələsi ilə bağlı) ətarafında yaranan qalmaqala münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, heç bir ölkədə dövlət-parlament qəzetlərində belə bir şey yoxdur, başsağlığılar verilmir, dərc olunmur.

“Yox, əgər Bəxtiyar Sadıqov istəyirsə, o zaman qəzetin əlavəsini-başsağlığı, elan əlavəsini aça bilər, orada da başsağlığılar gedə bilər. Bu baxımdan, Siyavuş müəllimin bu məsələdə mövqeyini tamamilə dəstəkləyirəm. Amma mən bilmirəm ki, bunu hansısa qanunla və ya qərarla rəsmiləşdirmək olar ya olmaz.

“Azərbaycan” qəzeti onsuz da Milli Məclisin orqanıdır, parlamentin rəhbərliyi özü də tapşırıq və ya tövsiyə verə bilər ki, istisna hallardan savayı başsağlığılar verilməsin. Hesab edirəm ki, belə başsağlığıların verilməsi Milli Məclisin rəsmi orqanının nüfuzunu və imicini qaldırmır.

Hörmətli Bəxtiyar müəllim də gərək bunu məsələni anlayışla qarşılaya. “Azərbaycan” qəzetini alanların da çoxu ilk növbədə onu dördüncü səhifəsinə görə alırlarsa,  bu,  Azərbaycan qəzeti üçün bir o qədər arzuolunan hal deyil…”-deyə, YAP-çı deputat sözlərinə əlavə edib.

Qeyd edək ki, B. Sadıqov “Yeni Müsavat”a açıqlamasında rəsmi qəzetlərdə başsağlıqlarının dərcinin qadağan olunacağı ilə bağlı fikirlərə etiraz edib.

“Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur və bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun”-deyə, o, qeyd edib.

S. Novruzovun cavabı isə gözlənildiyindən də çox sərt olub.

“Hər başsağlığına 50 manat alır. Özü də bu, arzu edir imkanlı adamın ailəsindən ölü olsun ki, başsağlığı çox olsun. Bununla çörək yemək olar? Get, işlə, qazan! Sən o boyda qəzetin redaktorusan, “Azərbaycan” qəzetinin. Dövlətin ən əsas qəzetlərindən biridir. “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir. Sənin yolun başqa, bizim yolumuz başqa. Bizim yolumuz haqq yoludur, səninki ənəlhəqq!”-deyə, YAP rəsmisi vurğulayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10