Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türklərin qədim inancları nə olub? - Professor açıqlayır


"Tenqri türk xalqını, onun "Əbədi el" adlanan dövlətini və xaqanını qoruyurdu"

 

"Hər bir xalq öz dinini və tanrılarını öz xüsusiyyətlərinə və istəklərinə uyğun formada yaradır. Tanınmışlardan hansısa deyib ki, əgər filə və ata desəydilər ki, onlar tanrının şəklini çəksinlər, fil onu fil şəklində, at isə at şəklində çəkərdi". AYNA xəbər verir ki, bu fikirləri filologiya elmləri doktoru, professor Kamil Allahyarov bildirib. 

 

Professorun sözlərinə görə: "Xalqların öz mentalitetinin formalaşmasında isə onların məskunlaşdığı coğrafi mühit, iqlim şəraiti mühüm rol oynayır. Məsələn, Ərəbistanda qızmar günəş və səhra şəraiti olduğuna görə ərəblər öz behiştini yaşıllıq və şəffaf çaylardan ibarət bir yer kimi təsvir edirlər. Səudiyyə krallarının quru və sərt qiyafəsi onların tanrıları barədə də təsəvvür yarada bilər".


Kamil Allahyarov: "Qədim türklərin dini isə Altayın yaşıl vadilərində, dağ yamaclarında formalaşdığına görə onların dini də özündə bu yerli xüsusiyyətləri əks etdirirdi. Türk şamanist dininə əsasən kainat üç hissədən - göylər aləmindən, yerüstü və yeraltı dünyalardan ibarətdir. Baş tanrı Tenqri (bu istilah müxtəlif zamanlarda "işıq oğlu", "göy oğlu", "gün oğlu" mənalarında işlədilib) və onun arvadı Umay (Ana Ay) göylərdə qərar tuturlar. Tenqri türk xalqını, onun "Əbədi el" adlanan dövlətini və xaqanını qoruyurdu. Umay isə ailə, uşaq və ocağın himayəçisi idi. Yerüstü dünyanın himayəçisi müqəddəs Yer-Suv tanrısı, yeraltı dünyanın sahibi isə Erlik idı. Sonuncu ölmüş adamların ruhları ilə məşğul olurdu. Bir sıra kiçik tanrılar da var idi. Məsələn, Yol tanrısı səfər zamanı insanları qoruyurdu, Ov tanrısı ovun uğurlu olmasını təmin edirdi və s. Xaqan alaçığının qapısı həmişə gündoğana tərəf açılırdı. Xaqan həm də Tenqrinin elçisi və baş kahin hesab edilirdi. Türklər dünyanın üç hissəsini bir-birilə "birləşdirən" yüksək dağlara və hündür ağaclara da sitayiş edirdilər". - deyə, bildirib.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10