Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycandakı ilk Şərab Festivalından - Fotolar


Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektara çatır.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu festivala görə Fonda minnətdarlığını bildirən icra hakimiyyətinin başçısı deyib ki, iştirakçılar festivalda ölkəmizin müxtəlif bölgələrini təmsil edən şərab istehsalçılarının məhsulları ilə tanış ola biləcəklər.

Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək festivalın Şamaxıda keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Nazir qeyd edib ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. 

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxışına italyan mütəxəssis Pizzi Angelo Antoniodan sitat gətirməklə başlayıb: “Hazırda bütün dünya qəbul edir ki, üzümçülüyün və şərabçılığın vətəni Cənubi Qafqaz, o cümlədən Azərbaycandır. Yəni, biz, üzümün vətənindəyik”. 

Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Festivalın rəmzləri olan müxtəlif dekorasiyalar və instalyasiyalarla bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərir. Festival çərçivəsində iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçirilir, qaliblərə hədiyyələr təqdim olunur.

Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunub, yelkənli qayıqda musiqi nümunələri ifa edilib. Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün fotozona da yaradılıb.

Festival avqustun 31-də də davam edəcək.



















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10