Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Politoloq: "Vətəndaş özü müəyyən edəcək ki, kim doğru danışır, kim yalan”


"Hakimiyyət təmsilçilərinin sosial şəbəkələrə gəlişi və fəallıq göstərmələri polemika mühitinin yaranması baxımından önəmlidir”. 

Bu sözləri "Yeni Sabah”a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iqtidar nümayəndələrinin son vaxtlar sosial şəbəkələrə ciddi maraq göstərməsini şərh edərkən bildirib.

Məlumat üçün deyək ki, son vaxtlar hakimiyyət  nümayəndələrinin sosial şəbəkələrə axını və virtual məkanda fəallıq göstərmələri müşahidə olunur. Görünür, iqtidar ideoloqları sosial şəbəkələrə qeyri-ciddi münasibətin fəsadlarını hiss etməyə başlayıblar. Nəzərə alsaq ki, bu gün sosial şəbəkələr ictimai rəyi formalaşdıran ciddi vasitələrdən biridir, o zaman hakimiyyətin virtual məkanda mövqelərini bərkitmək siyasəti başadüşüləndir. 

Lakin məsələ burasındadır ki, sosial şəbəkələr heç də iqtidarın nəzarətində olan televiziya və yaxud media orqanı deyil. Burada sadə vətəndaşların birbaşa sual vermək, fikir bildirmək imkanı var. 

Elxan Şahinoğlu deyir ki, iqtidar nümayəndələri bu amili nəzərə almalıdır. "Sosial şəbəkələr monoloq yeri deyil.  Ona görə də burada birtərəfli çıxışların daha çox zərəri ola bilər. Ümumiyyətlə, hazırda Azərbaycanda polemika mühiti yoxdur. İqtidar da, müxalifət də öz meydanında birtərəfli qaydada fikirlərini ifadə edirlər. Amma iqtidar təmsilçilərinin sosial şəbəkələrə gəlişi polemika mühitinin yaranmasına səbəb ola bilər. 

Bu baxımdan mən onların sosial şəbəkələrə gəlişini və faəllıq etmələrini dəstəkləyirəm. Lakin yenə də deyirəm ki, bu fəallıq yalnız təbliğat xarakteri daşımamalıdır. Burada onlara suallar verilə, barələrində tənqidlər səsləndirilə bilər. Buna hazır olmaq verilən sualları cavablandırmaq, tənqidlərə münasibət bildirmək lazımdır. Bu halda vətəndaş özü müəyyən edəcək ki, kim doğru danışır, kim yalan”. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10