Yol tikməyə gedəcəkdin...
Bəs nə oldu, day-dara-dam-dam?
Bordini nətər qaldırıb dağın başına qoydularsa, o da elə öyrəşmədiyindən tappaturupla gəldi düşdü yerə. Amma "Neftçi”ni xilas etməyin yolu var.
Təzədən Tərlan Əhmədovu gətirirsinən "Neftçi”yə, komandanı toparlayır, qaldırır 1-ci 2 –ci yerə və sonra yenə bir Bordin kimisini tapıb gətirirsən.
Ümumiyyətlə, bir çox xarici məşqçilər dəlləkliyi bizim millimiz və klublarımızın başında öyrənirlər və bəzən də qulağını kəsib çıxıb gedirlər.
Allahverdi Bağırov futbolçuları çayxanadan yığıb gətirmişdi.
Ağdamın Ağdam vaxtında Allahverdi Bağırov "Qarabağ”ın məşqçisi işlədiyi zaman Bakıdan teleqram gəlir ki, "Qarabağ” "Məhsul” cəmiyyətinin keçirdiyi yarışlar üçün təcili Bakıya gəlməlidir, əks halda cəzalanacaqdır. Futbolçular da hərəsi bir yerdə istirahətdə idi. Allahverdi qalır naəlac, gəlir bulvardakı çayxanaya. Deyir ki, ə, kim, futbol oynaya bilir, dursun ayağa, yeməyiniz, içməyiniz, hər şey mənlik, təcili Bakıya yarışa gedirik.
Uşaqları doldurur avtobusa, üzü güləbətinə, yəni Bakıya.
İndiki "Bakcell Arena”nın yerində yarışlar keçirilən bir stadion vardı. Hamımız yığılıb getmişdik futbola. "Neftçi”nin əvəzedici heyətinin qapıçısı Saşa (Hüseyn Əhmədov), əsas hücumçusu Elbrus Abbasov, komandanın direktoru Adil Nadirov.
Oyun gedir və təbii ki, çayxanadan gələn uşaqlar futbol yox, top-top oynayırdı.
Saşa qapıçının arxasında durub bağırır:
- Ə, sağa çıx! Ə, sola çıx! Ə "stenka”nı düz qur! - və s. və ilaxır.
Elbrus Abbasov meydanın kənarından hücumçuları yönləndirir:
- Getdin, ə, getdin! Sağa bax! "Rastrel” elə!
Adil Nadirov mərkəz müdafiəçisini yönləndirir:
- 9 nömrəni gözdən qoyma! Sol tərəf boşdu! Qorxma yıx!
Allahverdi Bağırov da məcbur olub o yaşında girdi oyuna.
Nə isə. Çayxana uşaqları ilə oyunu udduq. Əslində oyunu başda Allahverdi olmaqla Saşa, Elbrus, Adil uddu.
Çayxanadan gələn uşaqlar onların əmrlərini layiqincə yerinə yetirdilər.
İndi Azərbaycan komandaları legionerlərin əlindən tığ verir. Legionerlərin oyunlarına baxdıqca yadıma Allahverdinin çayxanadan yığıb gətirdiyi uşaqlar düşür. Elə bil bu legionerləri də xarici ölkələrdə hansısa komandaların fanatlarının yığışdığı barlardan gətiriblər. O xarici məşqçilər də həmin barların barmenləridir.
Sadəcə olaraq onların Allahverdiləri, Adilləri, Saşaları, Elbrusları çatışmır.
P.S. "Sumqayıt” nə qədər ki özümüzkülərlə oynayırdı, gül kimi komanda idi, gözəl oyun nümaiş etdirirdi. Elə ki "çayxanalardan” legionerləri yığıb gətirdilər, düşdülər "Neftçi”nin gününə.
"Sabah”a da gözəl sabahlar arzulayıram!
5 manat artıq maaşdan ötəri özünün boya-başa çatdığı, ona şöhrət gətirən komandanı qoyub qaçan futbolçulara da bir örnək verim:
Anatoli Banişevskinin Anatoli Banişevski olan vaxtında, şöhrəti dünyaya sığmayanda "Neftçi” yüksək liqanı tərk elədi, amma Banişevski Moskva və Kiyevin məşhur komandalarının təklifini qəbul etmədi və sonadək az maaşla "Neftçi”də qaldı.