Əvvəl Donald Tramp iranlı həmkarına görüş təklif edirdi, Ruhani görüşdən imtina edirdi, indi isə Həsən Ruhani görüşmək istəyir, Ağ Ev sahibi tələsmir...
"Əgər İran prezidenti Həsən Ruhani amerikalı həmkarı, az qala, dəli adlandırdığı Donald Trampla görüşə razılıq veribsə, demək ali dini lider Əli Xamaneyinin xeyir-duasını alıb. İranın xarici işlər naziri Məhəmməd Zərifi də ali dini liderin icazəsi olmadan “böyük yeddilərin” toplantısını yaxından izləmək üçün Fransaya getməzdi. Həsən Ruhani son çıxışında deyib ki, “əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram”. Aydındır ki, Ruhani “bir şəxs” dedikdə Donald Trampı nəzərdə tutur. Halbuki hələ son günlərə qədər Ruhani belə bir görüşün mümkünlüyünü bu sözlərlə inkar edirdi: “Sizinlə necə görüşək ki, hamımıza qarşı sanksiya tətbiq etmisiniz”. İndi isə bu maneə sayılmır".
AYNA xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq Həsən Ruhanin Ruhaninin siyasətinin dəyişməsinə nəyin rəvac veridiyinə də aydınlıq gətirib: "İran iqtisadiyyatı sanksiyalar ucbatından ağır günlərini yaşayır, sosial problemlərin həlli mürəkkəbləşir. Vəziyyət o qədər ciddidir ki, İran hökuməti və parlamenti gələn ilin büdcəsini neft gəlirləri olmadan formalaşmasını düşünür. Yəni Tehran, hətta “nefti sata bilməyəcəyik” durumuna da hazırlaşır. İran Prezidenti bu vəziyyətdən çıxış yolu axtararkən xarici siyasətdə korrektəyə üstünlük verir. Zərifinin Fransaya səfəri, Tehranın “bizə neft satmağa imkan versələr, uranın zənginləşdirilməsi məsələsinə yenidən baxa bilərik”, - açıqlaması və nəhayət, Həsən Ruhaninin Trampla görüşə biləcəyi açıqlaması da siyasətin korrektəsindən xəbər verir. “Əgər bilsəm ki, bir toplantıya getsəm, orda bir nəfərlə görüşsəm, nəticəsi ölkənin inkişafı və xalqın problemlərinin həlli olacaq, mən bunu etməyə hazıram”, - deyə İran Prezidenti əlavə edib. Yəni Həsən Ruhani bu sözləriylə də işarə edir ki, İranın problemlərini həll etmək üçün Amerika ilə təmaslara başlamaqdan başqa yolu yoxdur".
"Beləliklə, rollar dəyişib. Əvvəl Donald Tramp iranlı həmkarına görüş təklif edirdi, Ruhani görüşdən imtina edirdi, indi isə Həsən Ruhani görüşmək istəyir, Ağ Ev sahibi tələsmir. Məsələ burasındadır ki, bəlkə də Həsən Ruhani elə ilk gündən amerikalı həmkarı ilə görüşə hazır idi, ancaq onun əl-qolunu ali dini liderin və İslam Keşikçiləri Korpusunun mövqeyi bağlayırdı. Çünki hər iki güc Həsən Ruhaninin və Məhəmməd Zərifinin amerikal həmkarlarıyla mümkün təmaslarına qadağa qoymuşdu. Bunun nəticəsidir ki, Məhəmməd Zərifi Nyu-Yorkda BMT toplantısında olarkən amerikalı yüksək rütbəli diplomatlardan biri ona Vaşinqtona səfər edib, Donald Trampla görüşməyi təklif etdikdə İranın Xarici İşlər naziri dərhal imtina etmişdi, çünki bu görüşə onun icazəsi yox idi. İndi isə tərsinə iranlı rəsmilər görüşə hazır olduqlarını bildirirlər. Çünki İran iqtisadiyyatı ali dini lideri və İslam Keşikçiləri Korpusunun də mövcud vəziyyətdən çıxış yolları axtarmağa vadar edir. İranda hakimiyyətə nəzarət edən qüvvələrin tamamı Amerika ilə müharibə istəmir, bunun İrana baha başa gələcəyini anlayırlar. Ona görə də həm ali dini lider, həm də İslam Keşikçiləri Korpusu prezidentə və xarici işlər nazirinə amerikalı həmkarlarıyla danışıqlara başlamağın icazəsini veriblər", - deyə siyasə şərhçi əlavə edib.
O, qeyd edib ki, belə hallar İran tarixində az olmayıb: "İran-İraq müharibəsi milyonlarla insanın ölümünə səbəb olur və çıxış yolu tapılmalıydı. Bu vəziyyətdə iranlı rəsmilər o zamankı ali dini lider, mərhum Xomeynini inandırdılar ki, İraqla müharibəni dayandırmaq lazımdır. “Buna razılıq vermək mənə zəhər işmək kimi ağır oldu”, - deyən Xomeyni mövcud reallığı qəbul etdi".
E.Şahinoğlunun sözlərinə görə, Tehranın məcburiyyət qarışısında Vaşinqtonla danışıqlara başlamaq istədiyini Ağ Evdə anlayırlar: "Ona görə də bu dəfə Tramp özünü naza qoyur, görüşə qədər əlini gücləndirmək istəyir. Sentyabrın ortalarında Nyu-Yorkda BMT Baş Assambelyasının növbəti sessiyası keçiriləcək. Ruhani ümid edir ki, sessiya çərçivəsində Donald Trampla görüşə biləcək. Tramp bunun əleyhinə deyil. Bu görüşün təşkili üçün hər iki tərəf alt səviyyədə görüşlərə başlamalı və hər iki tərəfin tələblərini müəyyənləşdirməlidirlər".
Politoloqun qənaətincə, hadisələrin bu istiqamətdə inkişafı İsraili narahat edəcək: "Çünki İsrail ABŞ-İran razılaşmasının əleyhinədir. Vaxtilə ABŞ prezident Barak Obama İranla nüvə anlaşmasını imzaladıqda bu, İsrailin ciddi etirazına səbəb olmuşdu. İsrailin İranla bağlı qorxusu bunlardır: Birincisi, İsraildə hesab edirlər ki, İran bütün hallarda gizli şəkildə uranı zənginləşdirəcək, ikincisi, Tehran İsrailə çata biləcək raketlərin istehsalını və üçüncüsü, bölgədə müxtəli silahlı qruplara silah və maliyyə dəstəyini davam etdirəcək. Ona görə də İsrail Amerikadakı güclü lobbisi vasitəsilə Trampın Ruhani ilə hər hansı razılaşma əldə etməsinə mane olacaq".
Şahinoğlu vurğulayır ki, İran-Amerika razılaşması Azərbaycanın da xeyrinədir: "Hər ikisi Azərbaycanın tərəfdaşıdır və Azərbaycan bu iki dövlət arasında seçim qarşında qalmaq istəmir. Məsələn, rəsmi Bakı həllə illər öncə Rəşt-Astara dəmir yolunun çəkilməsi üçün 500 milyon dollar kredit ayıracağını açıqlamışdı. Bu, o illər idi ki, Amerika Prezidenti Barak Obama idi və İranla nüvə anlaşması yenicə imzalanmışdı, bölgədə gərginlik azalmağa doğru gedirdi. Tramp hakimiyyətə gəldi və nəinki İrana, İranla əməkdaşlıq edən ölkə və şirkətləri sanksiyalarla hədələdi. Nəticədə 500 milyon dolların bank köçürülməsi vasitəsilə İrana verilməsi çətinləşdi. Bu dəmiryolu İran kimi Azərbaycanın da maraqlarına cavab verir, artan daşımalar yolu ilə bölgədə Azərbaycanın rolunu artıracaq. Tək elə bu məsələnin müsbət həlli üçün İran-Amerika münasibətlərinin normallaşması Azərbaycanın maraqlarına cavab verir. Ancaq Trampla Ruhaninin bir görüşü ilə iki ölkə arasındakı münasibətlərin yoluna qoyulacağını gözləmək çətindir".