Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi


Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Kimmerlər bu yarımadada e.ə. VII əsrdə məskən saldı, kimmerlərdən sonra skiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Bunlar qədim yunanlara tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.

Krımın və Krım türklərinin tarixi barədə geniş məlumatı Oxu.Az-a tarixçi-alim Kərəm Məmmədli verib.

"Avropanın incisi" adlandırılan Krım yarımadası ayrı-ayrı xalqların və dövlətlərin, fərqli dinlərin də təmas nöqtəsi olub. Antik dövrdə "Böyük İpək Yolu" Krımdan keçərək, Çinlə Romanı - Şərqlə Qərbi birləşdirirdi.

Mütəxəssislərin fikrincə, yarımada öz adını türk sözü olan "qırım"dan götürüb. "Qırım" sözü türk dillərində "xəndək" mənasını verir. Qədim türk yurdu olan Krımın mənbələrdə adıçəkilən ilk sakinləri kimmerlər və iskitlər hesab edilirlər.

İskitlərin Krımda miladdan öncə VI-V yüzilliklərdən başlayaraq 800 ildən çox davam etmiş ağalığına III yüzillikdə qədim alman tayfalarından olan qotlar və onların müttəfiqləri olan alanlar son qoydular.

Krımdakı iskit padşahlığının paytaxtı indi Simferopol adlandırılan Ağ Məscid idi. Lakin qotların Krımda ağalığı uzun sürmədi. 370-ci ildə Balamber xanın başçılıq etdiyi 100 minlik hun ordusu qotları Krımın dağlıq hissəsinə sıxışdırdılar.

Krımda Türk etnik plastının ikinci qatı hunlarla bağlıdır. Hunların böyük hökmdarı Atillanın ölümündən sonra onun böyük oğlu Ərən Krıma qayıtdı. Krıma qayıdan Ərənin ordusunun əksəriyyətini Bulqar türkləri təşkil edirdilər.

Türkoloqlar "Alp Ərən" sözünün bu addan götürüldüyünü qeyd edirlər. Şimali Azərbaycana gələn Ərən 451-ci ildə buradakı Sasani ordularını darmadağın etdi. Bizans imperatoru Yustin 464-cü ildə öz elçisi Patrisi Probanı Sasanilərə qarşı birgə mübarizə aparmaq üçün Krımdakı Hun imperatoru Ziliqdunun sarayına göndərmişdi. 

VI yüzilliyin ortalarında Krım yarımadasının qərbində avar türkləri məskunlaşdılar. 567-ci ildə Türksənfin başçılıq etdiyi Göytürk ordusu Kerç boğazından keçərək Krımda türklərin hakimiyyətini daha da möhkəmləndirdi.

Krım yarımadasında növbəti türk etnik plastı xəzərlərlə bağlıdır. VII yüzilliyin ortalarından başlayaraq Krımda xəzərlərin hakimiyyətləri bərqərar oldu. Krım yarımadasında 300 il davam etmiş növbəti türk etnik plastının peçeneqlərin və qıpçaqların (kuman) hakimiyyətləri dövrü başladı.

1116-cı ildə qıpçaqlar peçeneqləri tamamilə darmadağın etdikdən sonra Qara dənizin şimal sahillərinin, o cümlədən, Krımın gerçək sahiblərinə çevrildilər.Krımda yaşayan qıpçaqlar arasında islam dini yayılmağa başladı.

Krım qıpçaqlarının paytaxtı Sudaq şəhəri idi. Krımın qıpçaq dövrünə aid mədəniyyət nümunələri içərisində daşdan yonulmuş insan heykəlləri xüsusi yer tuturlar. Bu dövrdə Krım qıpçaqları içərisində "Leyli və Məcnun", "Yusif və Züleyxa" əsərləri geniş yayılmışdı.

XII-XIII yüzilliklərə aid edilən "Kodeks Kumanikus" adlı lüğət Krımdakı müsəlman - qıpçaq mədəniyyətinin şah əsərlərindən biri hesab edilir.

1242-ci ildə Krım Qızıl Ordanın torpaqlarına qatıldı.XV yüzilliyin I yarısında Qızıl Orda yerli xan sülalərinin idarə etdikləri müstəqil xanlıqlara parçalandı. İrtış və Tobol çayları arasında Sibir, Volqanın orta axarlarında Qazan, Xəzər dənizinin şimalında Həştərxan, Krım yarımadasında və Qara dənizin şimalında isə əsası Hacı Gəray tərəfindən qoyulan Krım xanlığı yarandı.

Krım xanlığının əhalisinin əksəriyyəti türklərdən ibarət idi. Dağətəyində yaşayanlar, yalıboylular və noqaylardan ibarət üç əsas subetnosun birləşməsindən yaranan Krım türkləri bu vaxtdan etibarən Qərb səyyahları tərəfindən "Krım tatarları" adlandırılmağa başladılar. Xanlıq şimaldan Reç Pospolita və Moskva knyazlığı ilə həmsərhəd idi. Dövlətin paytaxtı Solxat (Salaçık), daha sonra isə Bağçasaray olub.

1454 və 1475-ci illərdə Hacı Gəray xan Osmanlı sultanı Mehmet Fatehlə müttəfiqliyi nəzrdə tutan müqavilələr bağladı. Müqaviləyə əsasən, Krımın cənubindakı dənizsahili ərazilər Osmanlıya verilir, Osmanlı Krım xanlarının müdafiə edəcəklərinə söz verir və Krım xanı da öz növbəsində Osmanlının hərbi yürüşlərində iştirak etmək təəhhüdünü götürürdülər.

1482-ci ildə şimala doğru yürüşə çıxan I Məngli Gəray xan Kiyevi,Qazan və Həştərxan xanlıqlarını,1521-ci ildə isə I Məhəmməd Gəray xan Moskvanı tutdu. Həmin ildən başlayaraq I Pyotrun hakimiyyət illərinə qədər ruslar Krım xanlığına hər il xərac verirdilər.

Moskva knyazlığının Qazan və Həştərxan xanlıqlarını işğal etməsinə cavab olaraq Krım xanı Dövlət Gəray xan 1571-ci ilin mayında 40 minlik ordu ilə Moskvanı ələ keçirib yandırdı. IV İvan (Qroznı) hər il xan divanından gələn siyahıya əsasən xərac verməyə məcbur oldu.1591-ci ildə Krım xanı II Qazi Gəray xan yenidən Moskva çarlığı üzərinə yürüş etdi.

XVII yüzilliyin ortalarında Krım xanları Polşa ilə mübarizədə ukraynalıları müdafiə edirdilər. 1648-ci ilin yayında Sarı Su döyüşündə Krım türklərinin sayəsində Ukrayna getmanı Boqdan Xmelnitski polyaklar üzərində möhtəşəm qələbə qazana bildi.

XVII yüzilliyin sonlarına doğru Krım xanlığı zəifləməyə başladı. Bunun əsas səbəbləri Krım türklərinin Osmanlı tərəfində ağır və üzücü savaşlarda iştirak etmələri,digər tərəfdən Osmanlı sarayındakı intirqalara Krım xanlarının da cəlb edilməsi idi.

Krım xanları bir tərəfdən get-gedə güclənməkdə olan Rusiya ilə mübarizə apardıqları halda,digər tərəfdən də Osmanlıya tam tabe olmamaq üçün müxtəlif vasitələrə əl atırdılar. Krım xanı II Məhəmməd Gəray xan, Osmanlı sultanı III Muradın Azərbaycan üzərinə yürüməsini əmr edən fərman göndərdikdə o, Osmanlı çaparına belə cavab vermişdi:

"Mən Osmanlı bəyi deyiləm ki onun hər sözünü yerinə yetirəm. Mən adına xütbələr oxunan və sikkələr zərb olunan padşaham".

Lakin bu qürurlu Krım xanı öz doğma qardaşı Əli Gəray tərəfindən xaincəsinə öldürülmüşdü. Get-gedə güclənən Rusiya çarlığı "müdafiə xətləri" qurmaq adı altında Cənuba - Krım xanlığı ərazisinə doğru irəliləyirdi.

Qaplan Gəray xanın hakimiyyəti illərində (1730-1736) ruslar Krıma ilk dəfə feldmarşal Minixin başçılığı ilə 30 minlik nizami ordu yeritdilər. Lakin rus ordusu 27500 nəfər itki verərək Krımdan çıxdı.

Osmanlının zəifləməsindən istifadə edən Qırım Gəray xan (1758-1764) müstəqil xarici siyasət yeridərək Avropa ölkələri,o cümlədən Prussiya ilə diplomatik əlaqələr yaratdı, Bucaq və Noqay Ordularını özünə tabe etdi.

Osmanlı ilə Krım xanları arasındakı soyuqluqdan istifadə edən Rusiya əvvəlcə Bucaq tatarlarını, sonra isə noqayları öz tərəfinə çəkə bildi. Ruslar ayrı-ayrı əsilzadələri bahalı hədiyyələrlə öz tərəflərinə çəkməyi bacardılar. Onların içərisində sonralar Krım tarixinin ən faciəvi nümayəndələrindən olan Şahin Gəray da var idi. 

1771-ci ildə rus ordusu Krıma soxuldu. Bir çox şəhərlər xarabazarlığa çevrildi. Rus sərkərdəsi taxta Şahin Gərayın qardaşı Sahib Gərayı çıxardı. Sahib Gəray xanın və Krım türklərinin gözünü qorxutmaq üçün 19 sentyabr 1772-ci ildə general Proxorovskinin və knyaz Dolqorukinin başçılığı ilə rus işğalçılarına etiraz edən müsəlman-türklərin kütləvi qırğını təşkil edildi.

Şahin Gəray ruslar tərəfindən Krım taxtına çıxarıldı. İndi o "xan" deyil "sultan" titulu daşısa da tam şəkildə ruslardan asılı idi. Lakin Krımdakı rus ordularının komandanı Prozorovskinin etirafına görə Şahin Gəraya qarşı "nifrət o qədər güclü idi ki,tatarlar ona tabe olmaqdansa son nəfərə qədər məhv olmağa üstünlük verirdilər".

1777 və 1781-ci illərdə Krımda Şahin Gəraya qarşı üsyan qalxdı. 1782-ci ilin sonlarında Şahin Gəray xan "məkrli bir xalqa xan olmaqdan vaz keçdiyini" bəyan edərək taxt-tacdan əl çəkdi. 8 fevral 1783-cü ildə dərc olunmuş manifestə görə "Krım yarımadası, Taman adası və Kuban Rusiya himayəsinə keçdi".

Bundan sonra bölgənin etnik tərkibi kəskin şəkildə dəyişdi. Yarımadada sovet hakimiyyəti qurulduqdan sonra da Krım türklərinə qarşı repressiyalar davam etdirildi. "Qırmızı terror" nəticəsində 120 min Krım türkü qətlə yetirildi, 75 mini isə 1920-22-ci illərdə aclıqdan qırıldı.

Təkcə 1923-cü ildə yüz minlərlə Krım türkü məhv edildi. 1939-cu il siyahıyalınmasına görə yarımadada yaşayan 1 milyon 112 min əhalinin cəmi 19,4 faizini Krım türkləri təşkil edirdilər. Bu isə təxminən 200 min nəfər idi. 

II Dünya müharibəsi illərində Sovet hökuməti Krım türklərini "almanlarla əməkdaşlıq"da ittiham edərək adadan tamamilə deportasiya etdi. Deportasiya vaxtı yollarda və sürgün yerlərində Krım türklərinin 46 faizi məhv olmuşdu.

N.Xruşşovun hakimiyyəti dövründə repressiyaya məruz qalmış xalqların içərisində Krım türkləri "unuduldu". Krım türklərinə öz doğma-yurd yuvalarına qayıtmaları sovet rejiminin süqutundan sonra mümkün oldu.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10