Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünya çempionatının gümüş medalçısı: “3500 dollar verdilər”


Seymur Məmmədov: “Bilyard üzrə dünya çempionları olan qadın və kişi qarşılaşsa, kişi qalib gələcək”
 
Bir neçə gün öncə azərbaycanlı idman ustası Seymur Məmmədov bilyardın "Sərbəst piramida" növü üzrə Dünya çempionatında ikinci yeri qazanıb. İdmançımız finalda rusiyalı bilyard ustası Semyon Zayçevlə qarşılaşıb və ona məğlub olub.
 
Seymur Məmmədov vətənimizə çempionatın gümüş medalını gətirib. Və ölkəyə gələr-gəlməz AYNA-nın qonağı olub.
 
- Mən uşaq vaxtlarından bu idman növü ilə məşğul oluram. Çünki atam özü də bilyard ustası olub. Hətta atam Məmməd Məmmədov Azərbaycan Bilyard Federasiyasının yaradıcısı olub. O, bu federasiyanı 1990-cı ildə yaradıb. Atam SSRİ üzrə ilk üçlükdə olan idmançı olub. 1994-cü ildə dünyasını dəyişib və federasiya fəaliyyətini dayandırıb.
 
Ondan sonra bir müddət keçdi və atamın dostu yenidən federasiyanı bərpa etdi. O zaman mən milli komandaya dəvət aldım. Həmin ərəfədə bilyardın “Sərbəst piramida” növü üzrə 2005, 2006-cı illərdə Avropa çempionatında ikinci yerə çıxdım. Daha sonra beynəlxalq turnirin qalibi oldum. Ondan sonra işə qəbul oldum, ailə həyatı qurdum. Bir sözlə, bilyarddan bir qədər uzaqlaşdım. Bu zaman da federasiyanın fəaliyyəti yenidən dayandı.
 
Nəhayət, Gənclər və İdman Nazirliyinin köməyi ilə iki ildir yenidən Azərbaycan Bilyard Federasiya fəaliyyətə başlayıb. Məni yenidən milli yığmaya dəvət etdilər. Dəvəti qəbul etdim, məşq elədim və nəticə qazandıq.
-Bilyardın müxtəlif növləri var. Siz bütün növlərini bacarırsınız?
 
- Bir bilyard ustası bilyardın bir növü üzrə peşəkar oynaya bilər. Amma hər birini də yaxşı oynamaq mümkün deyil. Dünyada “Snooker”, “Pool”, “Sərbəst piramida” növləri çox məşhurdur. Mən klassik, yəni “Sərbəst piramida” növünü bacarıram və buna marağım güclüdür.
 
- Dünya çempionatında mübarizə çox çətin keçdi?
 
- Etiraf edim ki, başqa yarışlara gedəndə həmişə həyəcanlı olurdum. Nədənsə bu dəfə özümü psixoloji cəhətdən hazırlaya bilmişdim. 7 görüş keçirdim və hamısında qalib oldum. Finalda isə rusiyalı idmançı ilə qarşılaşdım. Əslində bizə vaxt qoydular ki, 1 saat 20 dəqiqəyə oyun bitməlidir. Bu da vaxt qıtlığı deməkdir. Televiziya çəkilişinə görə bu qayda tətbiq edilmişdi. Tələsirdik, bu da məğlub olmağıma təsir göstərdi. Həm də birinci zərbəni mən vurdum, uğurlu vurmadığım üçün rəqibə qalib gəlməyə şans yarandı.
 
Məni hakimlər, bəzi idmançılar illərdir tanıyırlar. Amma heç kim gözləmirdi ki, Seymur 10 il idmana ara verəndən sonra geri dönüb ikinci yerə kimi yüksələcək. Hamısı sevinirdi və çoxu mənə azarkeşlik edirdi.
 
- Qalib gələn idmançılara federasiya tərəfindən maaş kəsilir və ya pul mükafatı verilir?
 
- Rəhbərlik yenidir. Hələlik bu məsələlər gündəmdə deyil. Həmişə deyilirdi ki, nəticə yoxdur. İndi nəticə verdik, gözləyək, görək nə olur.
- Milli yığmada idmançı çoxdur?
 
- Milli yığmada 7-8 idmançı var. Əslində yaxşı oynaya bilən kişilər çoxdur. Sadəcə onlar peşəkar bilyardla məşğul olmurlar. Qadın idmançımız isə, təəssüflər olsun ki, yoxdur. Amma dünyada qadın bilyard ustaları çoxdur.
 
- Bilyard da şahmat kimi zehni idman növüdür. Bəs yorucu deyil?
 
- Bilyard kənardan göründüyü qədər asan deyil. Şahmat kimi bir yox, bir neçə gedişi birdən fikirləşirsən. Bu da zehni yorğunluq yaradır. Yarışdan bir neçə gün sonra belə, beyin yorğunluğu keçmir. 
 
- Həm işləmək, həm məşq etmək çətin deyil?
 
- Mən işlədiyim Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkür edirəm. Onlar mənə dəstək olurlar. Yarışlara getməyə razılıq verirlər. Yoldaşım da mənə dəstəkdir. O, məni başa düşür. Səhərdən axşama kimi işdə oluram. Axşam 22:00-dan gecə 01:00-02:00-yə kimi məşq edirəm. Səhər 08:00-də işə gedirəm.
 
- Amma bilyard yarışlarında qalib gələn idmançılara yaxşı pul mükafatı verilir...
 
- Bilyardın “Sərbəst piramida” növündə pul çox deyil. Milyonçu Savidi adlı şəxs var. O, hər il öz adına “Savidi kuboku” adlı yarış keçirir. Birinci yerə 30-40 min dollar verilir. Sankt-Peterburqda bir beynəlxalq turnir keçirilib. Həmin turnirdə qalibə 100 min avro verdilər. Amma dünya çempionatında 1-ci yerə 7 min dollar, ikinci yerə 3500 dollar verdilər. Avropa çempionatında da qiymətlər eynidir.
 
Sentyabrda məni gözləyən turnirdə də pul mükafatı var. 10 min dollara kimi bir məbləğ qalibə veriləcək. “Snooker” idman növü isə daha bahalı idman növüdür. Birinci yerə 500 min funt sterlinq verilir. Amma onu oynamaq üçün Bilyard Akademiyasını bitirmək lazımdır. Biz də bu idman növünü öyrənmək üçün tələbə yetişdirməyi planlayırıq. Daha sonra tələbə Bilyard Akademiyasına göndəriləcək ki, təhsil alsın. “Snooker”i yaxşı oynamaq üçün akademiyada təhsil almaq lazımdır.
 
- Bilyard daşları ağır olur. Heç olub ki, o daşları düz vurmamısınız və zədə almısız?
- Çox olub. Daş ayağımın üstünə düşüb, daşı vurmuşam, yuxarı qalxıb yerə düşəndə ayağımla saxlamaq istəmişəm, ayağım əzilib. Bir dəfə dostumun başına dəyib. Ona görə bilyard oynayanda şar vurulan istiqamətdə dayanmaq olmaz. Arxada dayanmaq lazımdır. Bir dəfə şarı bərk vurmuşam. Zalda olan barın şüşəsini sındırmışam. Dəfələrlə olub ki, şar bilyard stolunun kənarına dəyib özümə tərəf qayıdıb. Anında başımı çəkməsəydim, zədələnə bilərdim.
 
- Bilyardda qadınlar ilə kişilər eyni mübarizə apara bilər?
 
- Elə qadınlar var ki, həqiqətən güclüdürlər. Amma kişilər daha güclü olurlar. Qadınlar kişilər kimi düşünə, onlar kimi bərk vura bilmirlər. Məsələn, bilyard üzrə dünya çempionları olan qadın və kişi qarşılaşsa, kişi qalib gələcək.
 
- Yarış zamanı heç qayda pozmusunuz?
 
- 2004-cü ildə Avropa çempionatında şarı vurdum, əlimi çəkəndə çaşıb şara toxundum. Qaydalara görə, bu, olmaz. Bilirdim ki, cəza alacam. Götürdüm həmin şarı hakimə verdim. Bütün zal güldü və məni ayaq üstə alqışladı. Cərimə olunsam da, qalib gəldim.
 
- Qarşıda yarışlarınız var?
 
- Bəli, qarşıda daha bir beynəlxalq yarış olacaq. Bir neçə gündən sonra həmin yarışa hazırlıqlarım başlayır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10