Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çinlilər müsəlman türklərə qul kimi pambıq yığdırır- Yalnız bir qarın yeməyə...


Avropa və Amerika tekstil şirkətləri isə Sintzyan-Uyğur muxtar bölgəsindən bolluca pambıq alır...





Çin hakimiyyəti "yenidən tərbiyə mərkəzləri" adlandırılan, əslində isə vətəndaşları İslamdan döndərib totalitar kommunist ideologiyasına yönləndirməyə xidmət edən ideoloji tərbiyə düşərgələrindəki uyğurları  yemək əvəzində pambıq tarlalarında işləməyə məcbur edir.

 “Anadolu” agentliyinin yaydığı məlumata görə, Çin  QHT-lərindən biri  Sintzyan-Uyğur muxtar bölgəsindəki məcburi əməyə dair hesabat yayıb. Hesabatın təqdimatında çıxış edən QHT sədrinin müavini Lyançao Xan Çin hakimiyyətinin çoxsaylı "yenidən tərbiyə mərkəzləri"ni müxalif düşüncəliləri cəzalandırmaq üçün  tikdiyini söyləyib. 
“Buna görə də Sintzyan-Uyğur muxtar bölgəsindəki pambıq istehsalı Çindəki ümumi pambıq istehsalının 84 faizini təşkil edir. Həmin göstərici həm də bu bölgənin Çindəki həbsxanaların sayına görə lider olması ilə əlaqədardır. Minlərlə insan dözülməz şəraitdə pambıq tarlalarında işləməyə məcbur edilir "-deyib hüquq müdafiəçisi.

"Yenidəntərbiyə mərkəzləri" nin keçmiş məhbuslarından biri, Şərqi Türküstan sakini Tahir Hamut Türkiyəyə təhsil almaq üçün gedərkən məxfi məlumat yaymaq niyyətinə görə günahlandırıldığını bildirib. Hamut həbs edilərək “ideoloji yenidən tərbiyə düşərgəsi”nə salınıb.  Keçmiş məhbusun sözlərinə görə, o, düşərgədəki digər məhbuslarla birgə yemək üçün pambıq tarlalarında işləmək məcburiyyətində qalıb. 

“Mənimlə eyni kamerada 250 nəfər var idi. Əksəriyyəti siyasi səbəblərə görə həbs olunmuşdu. Qeyri-insani şəraitdə yaşayır və işləyirdik. Məhkumların tez-tez xəstələnməsi təəccüblü deyil. Əməyimizə görə də hətta maaş da verilmirdi"-deyə  T.Hamut bildirib.  

Uyğurların hüquqlarını müdafiə edən təşkilatın nümayəndəsi Luiz Qriv bir çox Avropa və Amerika tekstil şirkətlərinin Sintzyan-Uyğur muxtar bölgəsindən pambıq almağa davam etdiyini söyləyib.

“Çin hakimiyyəti Sintzyan-Uyğur muxtar bölgəsini sınaq meydançasına çevirib, sakinlərindən isə pulsuz işçi qüvvəsi kimi istifadə edir. Bu bölgədə yeni izləmə sistemləri və cihazları sınaqdan keçirilir”-L.Qriv vurğulayıb.

“Human Rights Watch” insan haqları təşkilatının verdiyi məlumata görə, son iki ildə Sintzyan- Uyğur muxtar bölgəsinin bir çox sakini önləyici tədbirlər bəhanəsi ilə əsassız olaraq həbsə atılıb. 

Çin hakimiyyəti BMT rəsmilərinin araşdırma aparmaq üçün bölgəyə gəlməsini də qadağan edir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10