Millət vəkili: “Azərbaycanda turizm sahəsində problemlər çoxdur”
Azərbaycanın turizm məkanlarında, istirahət və əyləncə məkanlarında qiymətlərin həddən artıq baha, xidmətin isə aşağı səviyyədə olması kimsəyə sirr deyil. Artıq problem Dövlət Turizm Agentliyinin də narazılığına səbəb olur. Qurum ara-sıra sahibkarları qiymətləri endirməyə, xidmət səviyyəsini qaldırmağa çağırır.
Problemlə bağlı AYNA-ya danışan iqtisadçı deputat Vahid Əhmədovun sözlərinə görə, ölkədə turizm sahəsində problemlər çoxdur: “Düzdür, bazar bu sistemi tənzimləsə də, hər şeyi nəzərə almaq lazımdır. Qiymət siyasəti elə bir siyasətdir ki, əhalinin birbaşa marağına təsir edən amillərdən biridir”.
Millət vəkili bildirib ki, Azərbaycanda turizm sahəsini inkişaf etdirmək istəyiriksə, iki məsələyə diqqət yetirməliyik: “Birincisi xidmət, ikincisi qiymətdir. İlk olaraq bu iki məsələ öz həllini tapmalıdır. Çünki xidmətdə də, qiymətdə də müəyyən qədər problemlər var. Məhz bu səbədən insanların əksəriyyəti istirahət etmək üçün, əsasən qonşu ölkələrə üstünlük verirlər, nəinki Azərbaycana”.
“Ona görə hesab edirəm ki, bu sahədə ciddi islahtalar həyata keçirilməlidir. Sahibkarlar özləri də başa düşməlidirlər ki, qiymət artımı obyektlərə gediş-gəlişin sayını azaldacaq. Bununla da gəlirlər azalacaq. Əgər daimi gəlir götürmək istəyirlərsə, qiymətlərdə tənzimləmə yaratmalıdırlar”, - V.Əhmədov vurğulayıb.
Bununla yanaşı, deputat Vergilər Nazirliyinin mütəmadi olaraq obyektlərdə yoxlama işləri apardığını deyib: “Sadəcə bunu daha da şəffaflaşdırmaq lazmdır. Bazar iqtisadiyyatının öz prinsipləri var. Dövlətin də bu istiqamətdə öz strategiyası mövcuddur. Bu baxımdan qaydaları pozan sahibkarlara qarşı müəyyən addımlar atıla bilər”.
“Ən əsası gizli iqtisadiyyatı aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır. Vergilər Nazirliyi bu istiqamətdə xeyli işlər görməlidir. Qiymət siyasəti Azərbaycanda çox pis vəziyyətdədir. Çox təəssüf ki, bu problemlər digər sahələrdə də özünü göstərir”, - millət vəkili əlavə edib.