"Oskar"a ilk dəfə İran təqdim edir
İran istehsalı olan "Fəridənin sorağında" adlı sənədli film "ən yaxşı beynəlxalq film" nominasiyasında 92-ci "Oskar" mükafatına təqdim ediləcək. Bu nominasiya daha əvvəl "Ən yaxşı xarici film" adlanırdı.
AYNA virtualaz.org-a istinadən bildirir ki, rejissorları Azadə Musəvi və Kuroş Atai olan "Fəridənin sorağında" adlı kino lentində Niderlanddan olan iranlı qadından bəhs edilir. O, bioloji valideynləri tərəfindən tərk edilib, 40 il əvvəl hollandiyalı cütlük onu himayəyə götürüb. İndi o, ailəsi və özünün əlaqəsi barədə çoxsaylı suallara cavab tapmaq ümidi ilə İrana qayıdır.
Süjet real faktlar əsasında qələmə alınıb.
Film artıq İranın, eləcə də beynəlxalq kinoforumların mükafatları ilə təltif edilib. Ekran əsəri İran Kino Sənəti Akademiyasının "Ən yaxşı sənədli film" nominasiyasında qalib olub, Montanada "Big Sky" sənədli kino festivalında, Kiyevdə insan haqları üzrə sənədli filmlər beynəlxalq festivalında, İstanbul kinofestivalında, Kazanda müsəlman kinosu beynəlxalq festivalında, həmçinin bir sıra Avropa kinofestivallarının proqramında iştirak edib.
Təqdirəlayiq haldır ki, sənədli film janrında ekran əsərini "Oskar"a ilk dəfə İran təqdim edir.
"Tehran Tayms"ın məlumatına görə, "Fəridənin sorağında" filmi onlarla namizədin daxil olduğu milli siyahıdan seçilib. İndi film Əlcəzairdən "Papiçu", Gürcüstandan "Şindisi", İsveçrədən "Şiksin ağuşuna Volkenbruxun ecazkar səyahəti" və bir sıra digər ekran əsərləri ilə "Oskar" uğrunda mübarizəyə qoşulacaq.
Onu da qeyd edək ki, "Oskar" kinomükafatının 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da keçiriləcək.