"Azərbaycanın MiQ-29 hərbi təyyarəsinin qara qutusunu oxumağa imkanı yoxdur"
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi iyulun qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 tipli döyüş təyyarəsinin “qara qutu”sunun oxunduğunu açıqlayıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən bildirilib ki, təyyarə havada quş və ya quş dəstəsi ilə toqquşub və pilot xəsarət alıb. Pilot təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərsə də, aldığı xəsarət buna imkan verməyib. Nəticədə də MiQ-29 qəzaya uğrayıb.
“3-rd VIEW” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Rauf Rəcəbov isə AYNA-ya açıqlamasında MiQ-29-un “qara qutu”sunun belə tez vaxtda oxunmasının mümkünsüz olduğunu bildirib.
Müsahibimizin sözlərinə görə, “qara qutu”nu ancaq MiQ-29-un istehsal və təmir olunduğu ölkələrin mütəxəssisləri oxuya bilərlər: “Heç istəməzdim ki, belə bir məsələ ilə bağlı tələsik açıqlama verilsin. Çünki hərbi təyyarənin "qara qutu"su, məncə, deşifrə olunmayıb. Ona görə ki, o qurğunu deşifrə etmək üçün Azərbaycanda cihazlar, mütəxəssislər yoxdur. Həmin cihazlar ancaq Rusiyada, Ukraynada, Baltikyanı respubikalarda və Çexiyada var. Həmin təyyarə də Rusiyada istehsal olunub, Ukraynada modernləşdirilib, təmir olunmuşdu. Ona görə də o təyyarənin "qara qutu"sunun oxunması üçün Rusiyadan və Ukraynadan mütəxəssislər gətirilməliydi”.
“Ümumiyyətlə, Azərbaycanın MiQ-29 hərbi təyyarəsinin "qara qutu"sunu oxumağa imkanı yoxdur. Rəsmi məlumat da verilmişdi ki, "qara qutu" heç bir ölkəyə göndərilməyəcək, əksinə, "qara qutu"nu oxumaq üçün müxtəlif ölkələrdən mütəxəssislər gətiriləcək”, – deyə hərbi ekspert əlavə edib.
R.Rəcəbov qeyd edib ki, MiQ-29-un “qara qutu”sunun belə tezliklə oxunması inandırıcı görünmür: “Ona görə ki, bu günə kimi Azərbaycanın 3 böyük hərbi təyyarəsi, bir helikopteri qəzaya uğrayıb - 2008 və 2011-ci illərdə. Ancaq həmin təyyarələrin və helikopterin "qara qutu"larının cavabı bu günə kimi açıqlanmayıb. Halbuki hadisələrin üzərindən 11 il, 8 il vaxt keçib”.
Ekspert onu da vurğulayıb ki, MiQ-29-un quşla toqquşaraq qəzaya uğramasının özü də müəmmalıdır: “Çünki MiQ-29 sərnişin təyyarəsindən çox fərqlidir. Həm MiQ-29-un pərləri böyükdür, həm sürəti çoxdur, həm də böyük manevrlər etməyə qadirdir. Həmçinin həmin hərbi təyyarə Ukraynada modernləşdirilmişdi. İndi onun naməlüm obyektlə toqquşması qəribə görünür”.
Müsahibimiz fikrini belə tamamlayıb: “Təyyarənin yad cisimlə və ya nəyləsə toqquşması da baş verə bilər. Heç nəyi inkar etmək olmaz, amma mütləq “qara qutu” öz sözünü deməlidir. "Qara qutu" isə hələ öz sözünü deməyib. Ona görə də belə bir açıqlama vermək Müdafiə Nazirliyinin məsuliyyətidir”.