Beynəlxalq Bankın cinayət işindəki qanunsuzluqlar təkcə əməlin tövsifi ilə bitmirdi. İşi oxuyarkən gördüyüm qanun pozuntularını sadalayıb vaxtınızı çox almayım. Təsəvvürünüz olması üçün deyim ki, müdafiə etdiyim şəxsin kassasiya şikayəti 12 ölçülü şriftlə 20 səhifə idi.
Yəqin hamınız üçün maraqlıdır ki, yüz milyonlarla dollar pul vəsaiti Azərbaycandan necə çıxarılıb. Cinayət işinin materialları ilə tanış olub pulların ölkədən necə çıxarılmasının mexanizmini araşdırmağa çalışdım. Pərdə arxasında nələrin baş verdiyini deyə bilmərəm. Amma işdən görünən o idi ki, bu məsələ istintaqı heç maraqlandırmayıb və bu istiqamətdə heç nə edilməyib. İndi cinayət işinin materialları, əlimdə olan sənədlər və DÜNYAMIN XƏLILOVUN ifadəsinə istinad etməklə bu mexanizmi açmağa çalışacam.
DÜNYAMİN XƏLİLOV KİMDİR
Ondan başlayım ki, Azğrbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Dünyamin Xəlilov Beynəlxalq Bankın İdarə Heyətinin Sədri Cahangir Hacıyevin yaxın çevrəsinə daxil olan şəxsdir. Əslən Gürcüstandan olan Xəlilovun 2005-ci ildə Zaqatala Balakən seçki dairəsindən deputat seçdirilməsi də onunla bağlıdır. Xəlilov ifadəsində Cahangir Hacıyevlə münasibətlərinin 1978-ci ildə yaranmasını, 2001-ci ildə onun təklifi ilə “General Constraktion” MMC-nin direktoru vəzifəsinə təyin olinduğunu, 2002-ci ilin axırlarından isə «Oceanstream» İNC şirkətinin fəaliyyətini müşahidə etməsini, bu şirkətin vasitəsi ilə xaricdən maliyyə vəsaitinin cəlb edilməsini, həmçinin Beynəlxalq Bankın maliyyə dəstəyi ilə xaricdə həyata keçirilən layihələrin maliyyələşdirildiyini göstərmişdir. Xəlilov ifadəsində göstərir ki, “Cahangir Hacıyevin tapşırığı ilə xarici layihələrin maliyyələşməsi bir çox hallarda «Oceanstream» İNC şirkəti vasitəsi ilə həyata keçirilmişdir. Xaricdə hər hansı layihənin həyata keçirilməsinin bankda ilkin müzakirələri və qərarların qəbul edilməsi mənim iştirakım olmadan aparılmış, qərar verildikdən sonra isə hansı işlərin görülməsi ilə bağlı mənə müvafiq tapşırıq bankın rəhbərliyi tərəfindən verilmişdir. Mən rəhbərlik dedikdə Cahangir Hacıyevi, Emil Mustafayevi və Akif Əliyevi nəzərdə tuturam. Misal üçün göstərə bilərəm ki, Albaniya və Türkiyədə hansısa layihənin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin layihələrin maliyyələşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar almışam. Bəzi hallarda yeni MMC-lər təsis edilərək fəaliyyətə başlayır, həmin MMC-lər «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətindən kredit alır və «Oceanstream» İNC şirkəti vasitəsi ilə layihəyə yönləndirilirdi. Bəzi hallarda isə maliyyə mənbəyi müəyyən edilərək mənə bu barədə məlumat verilirdi”
KREDİT ALAN ŞİRKƏTLƏR
İstintaq materiallarından görünür ki, 2006-cı ildən başlayaraq Cahangir Hacıyevin tapşırığına əsasən Dünyamin Xəlilov coxlu sayda şirkətlər "qurmuşdu". Bunların sırasına “Alfa Layn” MMC, “ Beta Layn” MMC, "Siqma Layn” MMC, “Aqora” MMC, “Pərvanə” MMC, “Uni oyl” MMC, “Kondor qrup”MMC və başqaları daxil idi. Bu şirkətlərin qurulmasında yeganə məqsəd Beynəlxalq Bankdan onların adına kreditlərin rəsmiləşdirilməsi və saxta müqavilələr əsasında bu pulların ölkədən çıxarılması idi. Əksəriyyəti eyni gündə təsis edilmiş bu şirkətlərin təsisçisi və direktorları bir qayda olaraq Dünyamin Xəlilovun rəhbərlik etdiyi “General Konstrakşn” MMC-nin əməkdaşları və ya Cahangir Hacıyevin qulluqçuları olurdu. Bu adamlar təsisçiliyə razılıq verdikləri və sənədləri imzaladıqlarına görə ayda 100 manat məvaciblərinə əlavə alırdılar. Sonda bu 100 manata görə 30 nəfərdən çox adam məhkəməyə verilib.Onlardan bir hissəsi müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
“OCEANSTREAM İNC” ŞIRKƏTINİN SAHİBİ KİMDİR
Cinayət işində olan sənədlərdən görünür ki, Beynəlxalq Bankdan verilmiş kreditlər son nəticədə bu Şirkətin hesabına köçürülüb. «Oceanstream» İNC şirkəti 04.06.2002-ci ildə Panamada qeydiyyata alnıb.
Cinayət işi üzrə müdafiəçi kimi işə baladıqdan sonra bu şirkətə aid müəyyən sənədləri əldə etdim və onları kassasiya şikayətinə əlavə edərək Ali Məhkəməyə təqdim etdim. Təəssüf ki, bu sənədlərə baxan da olmadı. Ali Məhkəmənin qərarında onların adı belə çəkilmir.
Həmin sənədlərə əsasən 23 fevral 2006-cı ildən şirkətin qanuni təmsilçiləri Bakı şəhəri Topçubaşov küçəsi, ev 21, mən.32-də qeydiyyatda olan Xəqani Bəşirov, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 41, mən.25-də qeydiyyatda olan Dünyamin Xəlilov və H.Cavid prospekti 522-ci məhəllə,ev D, mən.14-də qeydiyyatda olan Bəşir Bünyatov olmuşdur.(Xəqani Bəşirov və Bəşir Bünuatov da Dünyamin Xəlilov kimi Vneşekspertservisin əməkdaşlarıdır).
25 iyun 2007-ci ildən Dünyamin Xəlilovu Anar Rəhimov əvəz etmişdir. 2011-ci ilin iyununda bu siyahıya Fərhad Rəhimov əlavə edilmişdir. 2012-ci ilin avqustunda təmsilçilər Xəqani Bəşirov, Fərhad Rəhimov və Eva Rodick olmuşdur.
Cinayət işi məhkəməyə göndərildikdən sonra 14.12.2016-cı ildən isə qanuni təmsilçiləri Bakı şəhəri, Nəsimi rayonu Cavadxan kücəsi ev 3, mən 12-də qeydiyyatda olan Fərhad Ələkbərov və Masallı şəhəri, M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olan Əhməd Cavanşır oğlu Həsənovdur...
Davamı olacaq...