Cari ilin 1 yanvar tarixindən günümüzə qədər 1,2 milyon azərbaycanlının İrana müalicə məqsədi ilə səfər etdiyi məlum olub.
Maraqlıdır, Azərbaycan səhiyyəsi İrana doğrudanmı bu miqyasda uduzur? Həqiqətənmi İranın səhiyyə imkanları Azərbaycanla müqayisədə bu dərəcədə genişdir?
açıqlama verən professor Adil Qeybulla İranın bir sıra üstünlüklərə malik olduğunu vurğulamaqla yanaşı, digər nüanslara da diqqət çəkdi:
“İran təbabəti Qərb təbabətinin bir hissəsidir. Orada yüz faizli tibbi sığorta var, səhiyyə sahəsində xeyli inkişaf var, mütəxəssislərin xeyli hissəsi Qərbdə hazırlanıb və s. Bu baxımdan etiraf etməliyik ki, İranda təbabət bizdən yuxarı səviyyədədir. Orada oturuşmuş transplatologiya, donor haqqında qanun var. Bir sözlə, səhiyyə demək olar ki, Qərb standartlıarına uyğundur.
Ancaq onu da qeyd edək ki, Azərbaycanda da yaxşı mütəxəssislər var. Iranda müalicə olunan insanların bir çoxu Azərbaycanda da uğurla müalicə oluna bilər. Lakin bir məsələ var ki, İranla müqayisədə bizdə müalicə xərcləri bahadır. Ona görə də insanların çoxu məhz qiymət fərqinə görə İrana üz tutur. Devalvasiyadan sorna İran valyutasının dəyəri dollara nisbətən xeyli aşağı düşüb. Bunun özü də daha ucuz müalicə imkanları yaradır. İrana axının başlıca səbəbi bununla bağlıdır.
Əhalinin maddi imkanları artdıqca, bu axın da azalacaq. Bir tərəfdə Azərbaycanda təbabətin Qərb standartlarına yaxınlaşması, digər tərəfdən əhalinin imkanlarının artması ilə bu azalma da reallaşacaq”.