Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Onlar lüt soyunur, seksual xarakterli cinayətlər edir, xüsusi amansızlıqla qətllər törədirlər” - MÜSAHİBƏ


Mahmud Hacıyev: “Bu narkotiki qəbul edənlər 6 ay sonra insanlıqdan çıxırlar”
“Sintetik narkotiki cəmi iki dəfə qəbul edən şəxs artıq onu tərgidə bilmir”



Son vaxtlar MDB məkanında, xüsusilə də Rusiyada sintetik narkotiklərdən istifadənin genişlənməsi tendensiyası müşahidə edilməkdədir. Insan orqanizminə, eləcə də onun psixikasına ciddi təsir edən, bəzi hallarda ölümə belə yol açan bu maddələrin meydana çıxma tarixi qısa olsa da, onun fəsadları kifayət qədər böyük və qorxuncdur.

Azərbaycanın da MDB məkanında yerləşdiyi, Rusiya ilə qonşu olduğunu nəzərə alsaq, sintetik mənşəli narkotiklərin ölkəmizə də yol tapması ehtimalı mümkündür. Odur ki, Moderator.az olaraq  sabiq polis rəisi, tanınmış hüquqşünas, polkovnik Mahmud Hacıyevlə söhbətimizdə sintetik tərkibli narkotik maddələr və onların doğurduğu təhlükələri şərh etməyə çalışdıq.

 

I hissə burada: https://moderator.az/news/284468.html

 

-Sintetik narkotik alverçilərinə qarşı mübarizənin lazımi effekt verməməsi nə ilə bağlıdır? Ələ keçən alıcıların hüquq-mühafizə orqanlarını satış nöqtəsinə aparıb çıxarması bu qədərmi müşküldür?

-Məsələ bundadır ki, alıcı satışı ilə onlayn formada əlaqə saxlayır və pulu lazımi yerə köçürür. Alıcı satanın üzünü görmür, onu tanımır. Satıcı pulu ödənilən narkotiki yalnız özünə bəlli bir yerə qoyur və bu barədə alıcıya məlumat verir. Bundan sonra alıcı pulunu ödədiyi narkotiki həmin yerdən götürür. Beləliklə də, satan adamın kimliyi naməlum qalır, bir növ qapalı bir çevrə əmələ gəlir. Alıcı tutulanda satıcı haqqında hüquq-mühafizə orqanlarına ciddi bir informasiya verə bilmir. Çünki hər şey onlayn vasitəsi ilə gerçəkləşdiyi üçün satıcı, onun kimliyi, necə görünməsi və s. haqqında heç bir infomasiyaya malik olmur. Bunun özü də hüquq-mühafizə orqanlarının işini çətinləşdirən nüansladan biridir. 

 

-Sintetik narkotik insanların səhhətinə necə təsir göstərir? 

 

-Bu narkotiklər ənənəvi narkotiklərdən fərqli olaraq insanın ürək-damar və sinir sisteminə daha ciddi təsir göstərir. Bir neçə il bundan əvvəl Rusiyada hüquq-mühafizə orqanları tərəfindən narkoloq və psixoloqların yaxından iştirakı ilə analitik təhlil aparılmışdı. Rusiyanın Kirov, Rostov və s. vilayətlərində aparılan araşdırmaların nəticəsi göstərib ki, sintetik narkotiklər bu ərazilərdə çox yayılıb, minlərlə insan bunun aludəçisinə çevrilib, hətta bundan istifadə edən yüzlələr şəxs ölüb. Bu, rəsmi araşdırmanın nəticəsidir.  Yəni bu narkotikdən istifadə edənlər arasında ölüm faizi həddindən artıq yüksəkdir. 

-Sözügedən narkotiklərin insan şüuruna təsiri haqqında nə deyə bilərsiniz? Sintetik narkotiki qəbul edən şəxslər özlərinə qismən də olsa nəzarət edə bilirmi?

 

-Bundan istifadə edən şəxslər arasında xüsusi azğınlıqla həyata keçirilən cinayətlərin – qətl və soyğunların çoxluğu aparılan təhlillərin nəticəsində öz əksini tapıb. Bundan başqa, sintetik narkotikdən istifadə edən şəxslərin seksual hərəkətlər sərgiləməsi də geniş müşahidə edilib. Yəni onlar seksual xarakterli cinayətlərə də meyilli olurlar. Bunu qəbul edən şəxslərin tamamilə soyunub şəhərin mərkəzində lüt şəkildə gəzməsi müşahidə edilib. 

Bu narkotik beyni iflic edir, şüur tamamilə gedir. Ənənəvi narkotikərdə şüurda hardasa anlaqlılıq qalır. Təbii narkotikləri qəbul edən şəxslərin lüt soyunub gəzməsinə, seksual xarakterli cinayətlər etməsinə, xüsusi amansızlıqla soyğunlar törətməsinə rast gəlinmirdi. Sintetik narkotikdən istifadə edənlərdə isə bu cür hallara tez-tez rast gəlinir. 

Sintetik narkotikdən istifadə xüsusi amansızlıqla törədilən cinayətlərin artmasına da bilavasitə təsir göstərir. Başqa sözlə desək, sintetik narkotikdən istifadə bir növ zəngirvari reaksiya doğurur. 

-Sizcə Rusiyada yayılmaqda olan sintetik narkotik bəlası ölkəmiz üçün də təhdid təşkil edirmi? Azərbaycanda bu təhlükəyə qarşı hansı qabaqlayıcı addımlar atılmalıdır?

 

-Rusiya bizə qonşu bir ölkədir. Sintetik narkotiklər Rusiyada böyük bir bəlaya çevrilib. Artıq bununla bağlı Rusiyada dövlət səviyyəsində rəsmi sərəncamlar, göstərişlər və s. verilib. Hüquq-mühafizə orqanları buna qarşı yüksək səviyyədə iş aparır. 

Hüquq-mühafizə orqanlarına gösətriş verilib ki, yalnız radio, televiziya, KİV-lərdə buna qarşı təbliğat aparmaqla kifayətlənmək olmaz. Bununla bağlı təbliğat işi saytlarda, sosial şəbəkələrdə də aparılmalıdır. Çünki bunun satışı, yayılması əsasən internet vasitəsi ilə reallaşır. Sintetik narkotikin marketinqi əsasən internetdə həyata keçirilir. 

Rusiya bizə qonşu olan bir dövlətdir. Bu bəlanın Azərbaycana sıçrayib-sıçramadığını bizim hüquq-mühafizə orqanlarımız daha yaxşı bilər. Hesab edirəm ki, hər ehtimala qarşı ölkəmizdə də buna qarşı yüksək səviyyədə profilaktiki tədbirlər həyata keçriilməlidir. Yəni imkan vermək olmaz ki, Rusiyanın bəzi vilayətlərində yaşanan vəziyyət ölkəmizdə də təkrarlansın. 

 

-Maraqlıdır, sintetik narkotiklərə ən çox maraq göstərən insanlar hansı yaş qrupuna aiddir?

 

-Rusiayda aparılan araşdırma göstərib ki, bu narkotikə 30-40 yaş arasındakı gənclər daha çox maraq göstərir. Niyə məhz bu yaş arasındakı insanların sintetik narkotiklərə maraq göstərməsinin səbəbləri ilə bağlı araşdırmalar bu gün də davam edir. Yəqin ki, yaxın gələcəkdə bunun səbbələri də bəlli olacaq.

-Dizayner narkotikdən istifadə edib daha sonra ondan imtina etmək, onun asılılığından xilas olmaq mümkündürmü? 

 

-Məsələ bundadır ki, “yaxşı” narkotiklərdən istifadə edən hər hansı bir şəxs bundan 6 ay, bir və ya iki ildir istifadə edirsə, özündə iradə tapıb bu narkotikdən imtina edə bilir. Yəni onu tərgitməyi bacarır. Lakin sintetik narkotikləri iki dəfə qəbul edən şəxs bunu tərgidə bilmir. Həmin şəxs bu narkotikdən asılı vəziyyətə düşür.  6 aylıq istifadə isə onu qəbul edən şəxsi sözün həqiqi mənasında insanlıqdan çıxarır. Odur ki, bu narkotikdən xilas olmaq olduqca çətin, demək olar ki, mümkünsüzdür. Bu isə onun nə dərəcədə təhlükəli olduğunu bir daha sübut edir.

 

Seymur ƏLİYEV






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10