Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aldadılmağa yeni nəsil axtarılır


Bizdən keçdi, bizim nəslin arzuları bitdi, imkanları itirildi
 
Adamın başı işdən və cari qayğılardan ayılanda ağlına "gic-gic" fikirlər gəlir. Məsələn, keçmişi, keçmişdəki olacaqları, keçmişdə olmalı olanlar haqda vədləri xatırlayırsan (Heç dəxli var?!).
 
Məsələn, o vaxt 2002-2006-cı illərdə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) oxuyanda (daha doğrusu, bu təhsil ocağına qəbuldan əvvəl), nə qədər vədlər vardı. Onlara uyğun da xəyallar.
 
"Siz seçilənlərsiniz", - deyirdilər. Akademiyada kimlərin – hansı məmurların, deputatların kafedrası, dərs saatı, maraq dairəsi yox idi ki... O vaxt elə insanlarla təmasda olurduq ki, indi mətbuatda üzlərini görəndə muştuluq paylamaq istəyirsən.
 
Bu günlərdə o illərin bir dostu ilə (hazırda tam fərqli bir sahədə çalışır), o illərdən bir xeyli il sonra bir araya gəldik. Yarı o, yarı mən keçmiş yoldaşlarımızdan kimin harada çalışdığını müəyyənləşdirdik - Heç kim öz ixtisası üzrə işləmirmiş.
Siyasi İdarəetmə fakültəsinin Politologiya ixtisasını bitirən 24 nəfərdən ixtisasa ən uyğun gələn sahədə çalışan mənmişəm - mətbuat nümayəndəsi (Dünyanı idarə edən peşənin məcburiyyətinə baxın).
 
Digər qrup yoldaşlarım (politologiyanın məzunları) - Kimi kafe işlədirmiş, kimi təndirxana, kimi market... Kimi bank sektorunda, kimi kommunal sektorda çalışırmış. Kimi tam fərqli sahə üzrə məmur imiş, kimi də... bilmirik hardadır - ölkədən gedibmiş...
 
Amma beləmi olmalı idi? Bu gün dövlət idarəetməsində yeri səhv düşmüş yüzlərlə, hətta minlərlə məmurun (?!) yerində, o zaman böyük xəyallarla yaşayan həmin insanlar – bizlər olmalı deyildikmi? Haşa, məmuriyyət-filan arzusunda deyiləm, çünki belə saf ağlın yiyəsi bu durumda məmur olub, Don Kixot sərgüzəşti yaşamaq istəməz.
 
Dərdim(iz) xəyallar, arzular üzərində oyun oynanılmasındadır. Necə ki, oynadılar, oynayırlar. Palaz-palaz elan verib, bar-bar bağırıb “KADR axtarırıq” deyib, ürəyi karyera həvəsi ilə döyünən minlərlə, on minlərlə vətəndaşı, vətəndaşın gül balasını oyuna gətirdilər, gətirirlər.
 
Şəxsən, bizim təhsil aldığımız Akademiyanı seçmələri üçün, abituriyentlərin qulağına fısıldayır və fısıldadırdılar ki, “bura başqa bir aləmdir, bircə məzun belə, işsiz qalmayacaq, həm də öz ixtisası üzrə işləyəcək”. Sonra da şıx kostyumlu, bahalı qalstuklu məmur-müəllimlər auditoriyada dövlətdən, dövlətçilikdən, bizi (orada bulunanları) gözləyən parlaq gələcəkdən danışırdılar.
 
Və biz o arzularla yaşayırdıq, oxuyurduq, öyrənirdik. Kitablardakı kimi olacaqdıq, təmənnasız seçiləcəkdik, layiq olduğumuz kürsülərə qalxacaq, qabiliyyətimizə uyğun işlərdə çalışacaq və bu dövlətə, xalqa xidmət edəcəkdik. Ta ki, aldadıldığımızı anlayanadək...
- Akademiyanı bitiririk, təyinat nə zaman olacaq?
- Nə təyinat?
- İş...
- ... Hə, o məsələ (istehzalı təbəssüm - müəll.). Magistraturadan sonra. Hələ iki il də oxumaq lazımdır.
 
Bilmirəm, bu vədi verən(lər)in xəbəri oldumu, dövlət mənə magistraturaya qəbul imtahanı vermək üçün vədə vermədi. Heç kəndimizə – valideynlərimin yanına getməyə, halallaşmağa imkan tanımadan, Bakının ortasındaca boynumdan yapışıb əsgər apardılar məni (bizi). DİA-nı “Fərqlənmə diplomu” (“Qırmızı diplom”) ilə başa vuran birini (hazırda diplomum haradadır, bilmirəm).
 
Bu məmləkətdə hərbi xidmətin necə keçdiyini də hərbi xidmətdən keçənlər bilirlər. O 1 ili (ali təhsillilər üçün) yaşadıqdan sonra adamın gözünə təhsilmi görünər? Cəngəllikdən buraxılmış yırtıcı kimi hiss edirsən özünü.
 
Bizdən keçdi, bizim nəslin arzuları bitdi, imkanları itirildi. Yuxarıda dediyim kimi, hərəmiz başımızı bir kola soxub, bizdən sonrakılar üçün yaşayırıq. Amma yalançı vədlər bitmədi, bitmək bilmir. Hələ də uşaqların oyuncaqları, yeniyetmələrin xəyalları, gənclərin arzuları, valideynlərin ümidləri ilə oynayırlar. Hələ də KADR “axtarırlar”, hələ də “parlaq gələcək naminə yeni nəsil yetişməlidir” elanları yapışdırırlar sinif otaqlarının lövhələrinə, auditoriyaların giriş qapılarına, insanların beyinlərinə.
 
Belə! Aldadılmağa yeni nəsil tapmaq ümidi ilə, xoşca qalın...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10