Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İtkin pilotun qayınatası: “Əgər cəsəd tapılmırsa, deməli...”



Qabil Hüseynli: “Rəşad Atakişiyevin sağ qalmasına dair şəxsən mənim ümidim yoxdur”

 

Xəbər verdiyimiz kimi, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Lakin təyyarənin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin özündən bir xəbər hələ də yoxdur. Pilotun qayınatası, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, ailənin psixoloji çox gərgindir.

 

“Ağır bir faciə baş verib. Özünüz yaxşı başa düşürsünüz. Cənazə tapılmırsa, deməli ölüm hadisəsi baş verib. Rəşad Atakişiyevin sağ qalmasına dair şəxsən mənim ümidim yoxdur”, - deyə Q.Hüseynli bildirib.

 

Xatırladaq ki, Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb. Cari il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

 

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10