Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Relax”ın arxasında gizlənən amansız həqiqət


Yaxud Leriki məhv edən “Relax” turizmi

 

 

 

Lerikdə "Relax" istirahət mərkəzi var. Bir ucundan digər ucuna uzun-incə bir yol olan böyük turizm mərkəzidir. Başında da digər bütün məsələlərdə olduğu kimi, Azərbaycan məmurlarından biri dayanır. Əksər iddialara görə, həmin şəxs Rövnəq Abdullayevdir.

 

Belə ki, uşaqlıqda çiyələk, tərə, böyürtkən yığdığımız yamaclara hotellər, restoranlar, diskotekalar, aqua parklar saldılar. Balıq tutduğumuz, çimdiyimiz, xalça yuduğumuz çayı qazdılar, bənd çəkdilər, qayıq buraxdılar. Müasir dünya, kapitalizm, turizm dövrü deyib, bunları keçdik.

 

Əvvəlindən işçi qüvvəsini Bakıdan, Türkiyədən, Avropadan təmin edib kənd camaatının meşəsini, çayını, meyvəsini, bulağını əlindən almaları az deyilmiş kimi, işlə də təmin etmədilər ki, barı, bir faydaları dəyə.

 

Bir dönəm kənd camaatını bu istirahət mərkəzinə buraxmadılar ki, üst-başı səliqəli olmur, təkcə çay içməyə gücü çatır, boş yerə masa tutur və s. Sonra isə təbiətin onsuz da hər gözəlliklə, hər nemətlə mükafatlandırdığı kənd camaatı, bunların süni rövnəqlərindən, saxta bəzək-düzəklərindən, qiymətdə bahalı, mahiyyətdə ucuz əyləncələrindən özü imtina etdi. Amma bu adamlar Lerikin və Lerik camaatının başına daha hansı müsibətləri açmadılar ki?

 

Kənd adamı öz vacib ehtiyacları üçün bütün idarələrə pul verib bir ağac kəsdiyi halda, "Relax" Leriki meşə-meşə keçəl elədi, dinən olmadı. Kənd uşaqlarının çimdiyi, qadınlarının xalça yuduğu, kişilərinin balıq tutduğu çayda 10 ildən artıqdır ki, zibil, leş, üfunət hökm sürür. Bu istirahət mərkəzi özünün bütüb məişət tullantılarını çaya buraxır. On il əvvəl tilov atıb 5 dəqiqəyə iki balıq tutduğumuz çayda, indi tutmağa balıq da qalmayıb.

 

"Relax"dan yuxarı kəndlərə gedən yolları bağladılar. Kasıb kənd camaatı min bir məşəqqətlə uzaq dağları yara-yara özləri üçün yol çəkdi. Bütün bu və digər özbaşınalıqlara heç bir səlahiyyətli dövlət qurumu müdaxilə etmədi. İndi də mərkəzə girişi ödənişli ediblər. Girib baxmağı deyirəm. Heç bir xidmətdən istifadə etmədən, sadəcə, içəri girib baxmaq da ödənişli olub. Niyə də etməsinlər ki? Haqq-hüquq sistemi işləməzsə, hər yerindən duran yolunuzu kəsib sizdən pul da ala bilər.

 

Lerikin turizmi onun dağlarında, meşələrində, nadir dəmirağaclarında, şəlalələrində, göllərində, çaylarında, dərələrində, yüz minillik mağaralarında, sıldırım qayalarında, buludlara toxunan yüksəkliklərində, çay bağlarında, uzunömürlü insanlarında idi. Lerikin coğrafiya, geologiya, biologiya, fizika, kimya, astrofizika elmləri üçün araşdırmalara böyük təbii laboratoriyası, film çəkilişləri üçün əlverişli olan müxtəlif növ möhtəşəm mənzərələri oranı ən böyük turizm guşələrindən birinə çevirməyə bəs və artıq idi. O boyda gözəllik özbaşına, dərəbəy, qudurğan, süni və məzmunsuz "Relax" turizminin ümidinə qaldı. Bu da nəticəsi...



İmza: Orxan Bahadırsoy





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10